“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” adlı kitabın 1-ci cildi yenidən işıq üzü görüb
“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” adlı kitabın 1-ci cildi yenidən işıq üzü görüb
Bu gün Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 1-ci cildi tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə işıq üzü görüb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 30 May 2023-cü il tarixli, 03 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları prof. fəlsəfə elmləri doktoru Rafail Əhmədli və dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanovdur.
Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin birinci cildində XIX əsr Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Azərbaycanda Şərq-İslam-Türk mədəniyyəti və fəlsəfəsi (A.A.Bakıxanov, Z.Şirvani, Q.Zakir, M.M.Nəvvab, X.Natəvan, F.Kəminə, Heyran xanım, M.Hidəci, M.M.Şükuhi, S.Ə.Nəbati, Ə.Axundoğlu, M.H.Nigari və başqaları); 2) Azərbaycanda Qərb-Avropa mədəniyyəti və fəlsəfəsinin təşəkkülü (M.Ş.Vazeh, T.Z.Qürrətul-Eyn, M.M.Kazım bəy, M.F.Axundzadə, N.Vəzirov, Z. Marağalı və başqaları); 3) Azərbaycanda Şərq-İslam-Türk fəlsəfəsi və Qərb-Avropa fəlsəfəsinin sintezi problemi və həll yolları (C.Əfqani, H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Talıbzadə, M.T.Sidqi, S.Ünsizadə və başqaları).
Kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin ÜmumTürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulmuşdur.
"Paralel.az"