"Vaxtında ailə qurulmaması, əxlaqsızlığa yol açır" - Psixoloq

 

Son dövrlərdə Azərbaycanda qızların vaxtından əvvəl ailə həyatı qurması ənənəviləşib.

Bunun səbəblərini, müsbət və mənfi tərəflərini, fəsadlarını və üstünlüklərini, bu cür qurulan ailələrin aqibətinin necə olması ilə bağlı Psixoloq Sevda İsgəndər qızı Əlixanovanın fikirlərini öyrənməyə çalışıb.

Sevda xanım qeyd edir ki, qəribədir son dövrlərdə valideyinlərdə "qızımın başını tez bağlayım" kimi bir fikir formalaşıb. Bəs bu nə ilə əlaqəlidir?

Valideyinlər qızlarının təhsil alaraq inkişaf etməsi, cəmiyyətə faydalı bir kadr kimi yetişməsi əvəzinə niyə onları ərə verməyə üstünlük verirlər? Onları qorxudan səbəblər nədir?

Qəribədir ki, qızların oxuyub savadlı bir kadr kimi cəmiyyətə yararlı olması oğlanların çoxunun gözünü qorxudur.

Bu çox maraqlı məsələdir. Qadınların erkən yaşda ailə həyatı qurması bir çox fəsadlar törədir. Bu ailənin həm psixoloji, həm sosioloji, həm də ailənin təsərrüfatı funksiyası və iqtisadi təminatı baxımından bir çox fəsadlar yaradır. Digər tərəfdən, belə ailələrdə intellektli, savadlı, yüksək dünyagörüşlü övlad tərbiyə edib yetişdirmək çətin olur. Bu isə gələcək nəsillərdə özünü göstərir. Düzdür, qanunla müəyyən olunmuş şəkildə ailə həyatı qurmaq üçün 18 yaş kanstitusiya yaşı kimi müəyyən edilib.

Amma, mən düşünürəm ki heç 18 yaş həddi də münasib deyil, çünki çox şey həyat təcrübəsindən asılıdır. Fərdlərin peşə və ixtisasa yiyələnməsində və bir çox məsələlərdə ailədə güclü cins ilə zərif cins arasında sosial və psixoloji fərq olur. Bu, mənfi tərəflərini daha çox qadınlarda göstərir. Belə ki qadınlar erkən yaşda ailə həyatı qurduqda psixoloji yöndən uşaqları tərbiyə etməyə çətinlik çəkirlər. Ümumiyyətlə, ailədə ana təhsilli, dünyagörüşlü olduqda övlad da bu cür olur. Əks halda uşağın da dünyagörüşü və təsir dairəsi məhdudlaşır.Bu isə təbii ki, arzuolunmayan haldır".

Gənclər arasında tanışlıq dövrünün normal olduğunu bildirən sosial-psixoloq qızları bu dövrdə ehtiyyatlı və tədbirli olmağa çağırıb: "Əslində ünsiyyət mədəniyyəti deyilən bir anlayış var. Əgər qız ilə oğlan arasında tanışlıq üçün ünsiyyət yaranırsa buna normal baxmaq lazımdır. Amma, ünsiyyətdə etik qaydaların pozulması nə milli mentalitet baxımından, nə də müasir dünyagörüşlü ənənələrimiz baxımından düzgün deyil. Yəni qızlar açıqgözlü fikirləşməlidir, amma ehtiyyatlı və tədbirli olmalıdır.

Qızlarda 13-17 yaş böhran yaş dövrü sayılır. Bu yaş dövründə sevmək və hansısa qərarla bağlı addım atmaq arzuolunan deyil . Çünki, bu yaşlardaki qız bir tərəfdən uşaqdır, digər tərəfdən də onun psixoloji və sosial baxımdan natamamlığı normal uşaq dünyaya gətirib tərbiyə etməsinə imkan verməyəcək. Düzdür, yetkin olsa belə bu yaşda qızların qurduğu ailədə mütləq fəsadlar olur. Ailənin geri qalması isə cəmiyyətin, dövlətin geri qalmasına gətirib çıxaran amillərdəndir. Ümumiyyətlə, qızlarda 21-25, oğlanlarda isə 25-32 yaşlarda artıq ailə düşüncələri formalaşır və qərarlar daha düzgün verilir. Fikrimcə, ailələr heç vaxt övladlarının pisliyini istəmir, amma qızlara da taleyi ilə bağlı qərarlarda müəyyən dərəcədə sərbəstlik verilməlidir. Valideyinlər qızlara seçimində kömək edə bilərlər, amma bu təzyiq yolu ilə deyil, ümumi razılıq əsasında olmalıdır.

Erkən nikahların ziyanları haqda danışsaq da, erkən olmayan nikahların da fəsadları çoxdur. Heç bir ailə övladının taleyində onun pisliyi istiqamətində qərar verməz. Erkən yaşda qızlarının ailə həyatı qurmasına meyl edən valideyinləri qınamaq düzgün deyil. Çünki, maksimum 25 yaşdan sonra oğlanlar üçün seçmək şansı, qızlar üçün isə seçilmək şansı məhdudlaşır. Düzdür, bu o demək deyil ki ailə erkən yaşda qurulmalıdır. Ən azından qızlar sənətə yiyələnməmiş bu haqda düşünməməlidirlər.

Amma, kariyera arxasınca gedib ailəni düşünmədikdə isə sonra artıq gec olur. Türkiyədə gənclər arasında apardığımız araşdırmada qızların evlilik yaşı olaraq 25 yaşı uyğun gördüyünün şahidi olduq. Amma medalyonun bir üzünə baxdıqda digər üzünü də nəzərdən keçirmək lazımdır. Bəzən erkən ailə həyatı qurulmaması, zamanla düşüncələrin dəyişməsinə, hətda əxlaqsızlığa qədər gətirib çıxarır. Buna görə də valideyinlərin nigarançılığı təbiidir.

Ailələrin qızların seçiminə müdaxiləsini düzgün qiymətləndirən Sevda xanım bunun təzyiq formasında həyata keçirilməsinə isə qarşı olduğunu bildirdi: "Ailələrin müdaxiləsi olmadan edilən seçimlər çox zaman ağır nəticələr verir. Gənclər gözləri pərdəli şəkildə seçimlərini edir, daha sonra isə bunun peşmançılığını yaşayırlar. Ailələr erkən yaşda qızlarını ərə verməyə meyl edirlər, çünki zaman keçdikcə istər qız, istərsə oğlan uşağı üçün ailə düşüncələri yadlaşır. Bu isə gələcəkdə fərqli tərzdə həyat tərzlərinin artmasına səbəb olur. Bütün bunlara baxmayaraq, ailələrin müdaxiləsi təzyiq əsasında olmamalıdır. Ailələr seçimin yanlış olduğunu övladlarına psixoloji və məntiqi baxımdan izah etməlidirlər.

Amma, əgər qızlar yanlış seçimlər edirsə burada ətraf mühitin təsiri ilə yanaşı ananın da rolu böyükdür. Çünki, ana lazım olan vaxtda - sosiallaşma dövründə övladına lazımi qayğını göstərmir və bütün bunları KİV-in öhdəsinə buraxır. Nəticədə isə qızlarda bir çox fikir yanlış formalaşır, bu da özünü mütləq bəzi seçimlərdə biruzə verir. Amma, təbii ki, bunu bütün ailələrə şamil etmək düzgün deyil. Çünki elə ideal ailələrin elə qızları olur ki, ailədən heç bir ideal ünsürü daşımır. Burada ailələri günahlandırmaq olmur. Bəzən ətraf mühit, serial qəhrəmanları qızlara elə təsir edir ki, nəticəsi gözləgörünən faciə olur".

Bütün bu müxtəlif fikirlərdən sonra sonda onu demək istəyirəm ki, zorakılıq həyatda heç bir seçimdə düzgün deyil. Sərbəstlik gözəldir, ama bundan istifadə edərkən heç bir qız bir gün ana olacağını unutmamalıdır. Valideyinlərin xeyir-duası olmadan qurulan ailə deyil, atılan heç bir addım belə uğurlu ola bilməz. Amma, xeyir-dua təzyiqlə qarışdırılarsa ailə ilə övlad münasibətlərindəki mənəvi dəyərlər alt-üst olar!

Paralel.az

0.024996042251587