"Qadın çox şey istəyir, kişi isə bir şey..." - Psixoloq

 

"Bəzən ailəmiz və ya qohumlarımız bizə kimisə məsləhət görür, biz həmin şəxslə evlənirik, amma ona qarşı içimizdə heç bir hiss, duyğu olmur. Buna görə də bəzən kişilər öz intim tələbatını kənarda ödəməyə qadın axtarır və bunun da adı "sevgili" olur". 

Bu sözləri öz açıqlamasında psixoloq Gülnar Orucova qadı-kişi münasibətlərindən danışarkən deyib. O bildirib ki, kişilərin həmin qadınlarla maraqları üst-üstə düşdüyü üçün bir-birlərinə yaxşı partnyor olur, ruhən ona daha çox bağlanır:

"Kişi də ruhən bağlandığı qadına hər şeyi edər. Ona görə bu gün elə kişilər var ki, öz evində balasını ac qoyar, amma sevgilisini istədiyi hər şeylə təmin edər.

Bəzi tip kişilər isə "boşanacağam", "həyat yoldaşımla münasibətim yaxşı deyil" desə də, bu, sadəcə, sözdə deyilir. Kişilər eyni zamanda bir neçə qadını sevmək qabiliyyətinə malikdir. Çünki onların genetikasında poliqanlıq var və bir neçə qadını eyni vaxtda sevə bilirlər. Bu, əslində, yaxşı bir şey deyil". 

Psixoloq söyləyib ki, kişinin sevdiyi qadını hər bir şeylə təmin etməsi düşüncəsi, əsasən bizim xalqa məxsusdur:

"Kişilərin qadınlar üçün nələrsə etməsi, Azərbaycan kişilərində daha çoxdur. Avropada bir kişi bir qadını sevirsə, onun maddi tələbatını ödəmək məcbuiyyətində deyil, amma Azərbaycanda qadınlar fərqlidir. Bizdə qadınlar bəzən sırf maddi tələbatlarını ödəmək üçün "məntiq evliliyi"nə imza atırlar və yaxud da evli olduğunu bilə-bilə bu tip insanlarla münasibət qururlar. Məntiq evliliyi xoşbəxtliyə yox, gərginliyə, narahatlığa və ya sonda faciəyə gətirib çıxarır".

Gecə klublarına gedən təbəqənin "elit" adlandırılması ilə razılaşmayan psixoloq sözlərinə belə davam edib:

"Əslində, bu, mədəni mənada qadının pula satılmasıdır. Qadın incə olduğu qədər də böyük varlıqdır. O istəsə, hər şeyi edə bilər. Pula görə əyilməyə dəyməz. Kişinin da qadına pula görə şiddət göstərməsi, qətiyyən doğru addım deyil. 

Bu gün kişilərin daha çox populyar qadınlara meyil etdiyini görürük. Digər tərəfdən dövrümüzdə gözəlliyin standartları da dəyişib. İndi kişilər arıq olan, diqqət cəlb etmək məqsədilə estetik əməliyyatlar etdirən, özlərini əcaib formalara salan qadınlara daha çox meyillənir və onlara pul xərcləyir". 

Psixoloq insanlar qədər münasibətlərin də fərqli olduğuna diqqət çəkib:

"Bəzi narsist kişilər var ki, qadının ondan asılı olduğunu anlayanda o qadına əziyyət edə bilir. 
Qadın çox şey - pul, geyim, xaricdə istirahət, maşın və s. istəyir. Kişi bir şey istəyir - sakitlik. Siz bu sakitliyi ona versəniz, o sizi hər şeylə təmin edəcək. Sakit yuva olmayanda kişi digər qadınlarla münasibət qurmağa meyilli olur. 

Bəzən kişi öz həyat yoldaşını sevə-sevə də xəyanət edə bilir. Çünki bir neçə il sonra ailədə o həyəcan qalmır. Kişi də həyəcan axtarışına çıxır. 

Bəzən "boşanacağam" desələr də, heç vaxt boşanmırlar və həyat yoldaşları ilə münasibətləri də qaydasında olur. Bu cür insanlar istəyir ki, onun dönə biləcəyi ailəsi, sakit bir limanı olsun. Kişilər çöldə əyləncə axtarsa da, gerisini öz evində sakitliklə davam etdirmək istəyir.

Başqa qadınlarla münasibəti olan bəzi kişilər öz həyat yoldaşlarını daha üstün tutsa da, bəziləri onu alçaltmağa meyillənir, digər qadını üsün görürlər. İnsan psixologiyası fərqli olduğu üçün münasibətlərə yanaşmalar da fərqlidir".

G.Orucova son olaraq insanların bu cür problem yaşamaması üçün həyəcan, maddi rifah xətrinə yox, sevdikləri insanlarla evlənməyi tövsiyə edib:

"Bir qadına şiddət göstərilməsinə haqq qazandırmaq olmaz. Qadın döyülməməli, əziyyət görməməlidir. Amma bunun üçün gərək qadın da öz ayaqları üzərində dayanmağı bacarsın, nə istədiyini, kimi seçdiyini bilsin. Bu həm də ona görə lazımdır ki, o sonradan şiddətə məruz qalmasın, ailəsini təhlükəyə atmasın".

 

0.014522075653076