"Torpağı əkib-becərməsən, qorumağa dəyməz..."
Aqroparklar təhlükəsiz işləyirsə, məcburi köçkünlərə təhlükə nədir?
Bu gün torpaqlarımız işğaldan tam azad edilməsə də, Qarabağ hələ də erməni-rus işğalçılarının tapdağı altında qalsa da, indiki durum görə də Allaha şükür etməyə dəyər. Çünki 44 günlük müharibə Azərbaycan xalqının alnındaki qara ləkəni sildi, bükülmüş belini düzəltdi. Bütün Azərbaycan xalqı vətən uğrunda döyüşmüş hər bir döyüşçüyə, qaziyə və şəhidə, onların valideynlərinə və digər ailə üzvlərinə borcludur. Bunu əksəriyyət vətəndaş səviyyəsində başa düşür, anlayır və bu missiyanı çiyinlərində mənən hiss edir. Düzdür, bu qəbildən olan insanlar qarşısında maddi məsuliyyətə yüklümlü struktur - dövlət səviyyəsində vəzifələrin icrasında bir qədər problemlər yaşanır. Bu səbəbdən 40-dan çox qazımız intihar edərək canına qıyıb. Belə hallar Azərbaycan dövləti və xalqının şərəf və ləyaqətinə xələl gətirən bir tendensiyadır. Əgər dövlət bu problemin öhdəsindən gələ bilmirsə bununla bağli xalqa müraciət edib ianə istəməlidir. Dövlət bizimdir, əli aşağı olanda biz ona əl tutmalıyıq. Düzdür, bu istiqamətdə də iş görülüb, hökumət vətəndasların sədəqə və ianələrindən formalaşan YAŞAT Fondu yaradılıb. Amma dövlətdən haqqı olanı almaq istəyən keçmis döyüşçulərimiz və şəhid ailələrini bəzi hallarda YAŞAT Fondunun yardımlari da qane etmir. Eyni zamanda, onu da qeyd etmək yerinə düşər ki, son beş ayda dövlət büdcəsində 3 milyard manatdan çox profisid - xərcləməyə yer tapılmayan vəsait qalıb. Yəni kifayət qədər pulumuz var. Bununla belə hər gün dövlət idarələrinin qarşısında bu qəbildən olan insanların etirazlarını müşahidə etmək olar. Bəlkə də bu addan, vəziyyətdən sui-istifadə edənlər də var. Qoy olsun, dövlət olaraq ona artiqlaması ilə istədiyini verib, sonra isə aydınlaşdirmaq gərəkdir ki, bu sənin haqqın deyildi, sadəcə bu adla istədin, verdik... Veteran olub, qazı haqqı istəyən vətəndaşımıza beş-on min xərc çəkmək istəmirik, belədə isə dövlət məmurları büdcədən milyardlar oğurlayıb, xaricə daşıyır. Bu məsələnin bir tərəfi...
Məsələyə digər baxıs bucağından nəzər yetirəndə Dədə Qorqudun bir kəlamı yada düşdü: "Torpağı əkib-becərə bilmirsənsə, qorumağa dəyməz, qoruya bilmirsənsə, əkib-becerməyə dəyməz". Bir neçə aydan sonra torpaqlarımızın işğaldan azad edilməsindən 3 il ötəcək. Qarabağ və ətraf rayonların azad edilməsinə 27 sentyabr 2020-ci ildə başlanılıb, 44 gün sonra - 10 noyabrda isə üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyulub. Bu üç ildə işğaldan azad edilmiş ərazilərə cəmi 86 ailə köçrülmüşdür. Bu günlərdə isə Laçın rayonuna 20 ailə köçrülüb. Azərbaycanın işğal edilmiş ərazilərində 800 min vətəndaşınız məcburi olaraq didərgin düşüb. 30 il ərzində məcburi köçkünlərin sayı 1,5 milyonu keçib. Orta statistik Azərbaycan ailəsini 4 nəfərdən ibarət götürsək, biz işğaldan azad edilmiş ərazilərə 375 min, yəni 3 ildə köçürdüyü-müzdən 3750 dəfə çox ailə köçürməliyik. Məcburi köç-künləri bu sürətlə geri qaytarası olsaq, bizə heç 10 əsir - min il də bəs eləməz.
Rəsmi açıqlamaya görə, əhalinin geri qaytarılmasında Azərbaycan hökumətinin əsas problemi ərazilərin minadan təmizlənməsidir. Biz də onunla razıyıq ki, ərazilərin minadan təmizlənməsi çox çətin və vaxt tələb edən işdir. Lakin Azərbaycan hökuməti prosesi sürətləndirmək, ona kütləvi xarakter vermək üçün hansı addımlar atıb? Hazırda işgaldan azad edilmiş ərazilərdə mina təmizləməklə yalnız ANAMA, FHN, Türkiyə və İsrailin müvafiq qurumları məşğul olur. Analoji müharibədən çıxmış ölkələrdə, hətta, vətəndaşa da icazə verilir ki, müəyyən təlimləri keçdikdən sonra mina təmizləmə işləri ilə öz təşəbbüsü əsasında məşğul olsun. Artıq sosial şəbəkələrin Azərbaycan sektorunda da mina detektorlari təklif etməyə başlayıblar. Məsələn, bir məcburi köçkün öz təsəbbüsu ilə öz həyətində və ya ona yaxın, yaşayış məskəni kimi nəzərdə tutulmuş ərazidə fərdi ev tikmək istəyirsə, öz fərdi detektorunu götürüb həyətyanı sahəsini bir gün ərzində minada təmizləyə bilər. Bu hesabla hər adam gündə 10-12 ar (sot) ərazini minada təmizləsə, cəmi 2-3 ilə bütün torpaqlarımız mina təhlükəsindən azad olar. Lakin nəyinki məcburi köçkünləri minadan təmizlənmə əməliyyatına cəlb etmək, heç onlara minadan təmizlənmiş ərazilərə səfər etməyə, orada öz hesabına fərdi ev tikməyə belə icazə verilmir. Əslində minadan ərazilərin təmizlənməsi də planlı şəkildə həyata keçirilməlidir. Məsələn, ilk növbədə Füzuli, Cəbrayıl və Ağdamda - mərkəzə yaxın olan rayonlarda işlər daha intensiv aparilmalı və bu rayonlara əhalinin kütləvi köçu təmin edilməli idi. Ardınca isə digər rayonlarda eyni intensivlik təmin edilməli idi.
Bizdə isə minadan təmizlənmə işi tamamilə başqa formada aparılir. İlk növbədə yollar minadan təmizlənib, bu tamamilə doğru addımdır! Bunun ardınca isə yasayış məskənləri kimi nəzərdə tutulan əraziləri minadan təmizləmək əvəzinə, əkin sahələri təmizlənib. Hazırda hökümətin yaratdığı aqroparklar və məmurların yaratdıği fermer təsərrüfatları işgaldan azad edilmiş ərazilərdəki əkin sahələrində kütləvi olaraq kənd təsərrüfati məhsulları becərirlər. Həmin ərazilərdə torpaq sahələrinin hektarını aqroparklar və oliqarx fermerlər illik 4-7 manata dövlətdən icarəyə götürürlər. İcarə haqqının rəmzi xarakter daşıması icarə müqaviləsində ərazilərin "mina təhlükəsi" ilə əlaqələndirilir. Əslində isə həmin torpaqlar məcburi köçkünlərə verilməli olan pay torpaqlarıdır. Həmin yerlərdə indi keçmiş məcburi köçkün məhsul becərməli idi. Necə olur ki, məcburi köçkünə verilməli torpaqda aqroparklar və oliqarx fermerlər əkin-biçin işi apara bilir, amma məcburi köçkünə çatanda "mina təhlükəsi" yada düşür? Bu necə "qayğıdır"?
Bəzi müstəqil ekspertlər bu ərazilərin məskunlaşmadan kənar saxlanılmasını hansısa qlobal əməliyyatlarla əlaqələndirir. Hətta, Azərbaycana işğal altında olan toroaqlarında anti-terror əməliyyatlarına icazə verilməsini də bununla bağlayırlar. Qarabağla birlikdə cəmi on inzibati rayonu əhatə edən bölgədə üç hava limanının tikilməsini də bu amillə izah edənlər tapılır. Əgər belədirsə də, Azərbaycan hökuməti öz ərazilərindən plastarm kimi istifadə edilməsinə qəti olaraq icazə verməməlidir. Çünki istənilən qarşı tərəf bu torpaqları bizim ərazilər kimi tanıyır və onun cavab atəşini digər bölgələrə endirmək haqqı yaranır. Məhz bu torpaqları sürətlə məskunlaşdirmaqla həmin "qloval planları" pozmaq vacibdir.
O torpaqlar nə qədər ki, məskunlaşmayıb, həyat ritmi orada bərpa edilməyib, hava məkanı tam qorunma altına alınmayıb, həmin əraziləri de-fakto Azərbaycanın yararlı bir hissəsi kimi qəbul etmək mümkün deyil. Başqa sözlə desək, işğaldan azad edilmiş torpaqların mənimsənilməsi üçün o torpaqlar mütləq sürətlə məskunlaşdırılmalıdır.
Sonda bir örnək gətirim, ermənilər otuz il ərzində işğal etdiyi əraziləri niyə məskunlaşdıra bilmədi? Səbəb - o ərazilərin onunku olduğunu heç kimə inandıra bilmədi. Ora köcənlər isə naəlac qalan insanlar idi. Bizim məcburi köçkünləri isə azad edilmiş əraziyə köçürmək üçün heç nəyə inandırmaq lazım deyil. Sadəcə olaraq yalnız təhlükəsizliyə zəmanət lazımdır. Qalan məsələlər asanlıqla həllini tapa bilər.