Xoşbəxt yazıçı...

Xoşbəxt yazıçı...
 

Deyir ki;- “Bizim məhəllədə bir qarovulçu var. Oturduğu köşkün bir küncünə balaca bir elan yazıb: “Burda maşın saxlamaq olmaz”. Amma bir manat alıb park xidməti göstərir. Bir dəfə özünə dedim ki, hərə bir yalanla başını dolandırır, sən də bu küçücük yalanla evinə bir loxma çörək aparırsan. Bəli, cəmiyyət belədir. Ədəbiyyatın da əsas funksiyası cəmiyyətin balacalı-böyüklü bu yalanların içində məhv olub getməsini ən azı bir az ertələmək, yubatmaqdır. Başqa heç nə. Ruhumun özünə əziyyət verib danışması lazım deyil. Çünki mən onu mətnlərimdə yetərincə danışdırıram. Saxta və yalan yazmıram…”

XXI əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biridir. Məzmunlu adamdır, maraqlı nəsr nümunələri yarada bilib. Ölkədə xeyli oxucuları var, heyranları tərəfindən sevilir. Ola bilsin ki, sevməyənləri də tapılsın, belələri olsa-olsa həmkarları arasında olar, qısqanclıqdandır. Yazdığı şeirlər zaman-zaman oxucu və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib. Hekayə və romanları isə ona yeni nəsil yazarlar arasında özünəməxsus yer qazandıra bilib...

Haqqında söhbət açdığım yazıçı Şərif Ağayar 1 yanvar 1976-cı ildə dağlar qoynunda- Laçın rayonunun Ağbulaq kəndində dünyaya gəlib. Orta təhsilini həmin kənddə aldıqdan sonra, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialını fərqlənmə diplomu ilə bitirərək ali təhsilə yiyələnib. İndiyədək müəllimlikdən tutmuş müxtəlif vəzifələrdə çalışıb. Xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Çoxsaylı məqalə, şeir, oçerk, hekayə, povest və romanların müəllifidir. 2020-ci ildə "Arzulalardan sonrakı şəhər" romanı Fransanın nüfuzlu "Kapaz" nəşriyyatı tərəfindən fransız dilində çap olunub...

“Ümumi götürəndə oxucusuz yazıçı deyiləm. Çox şadam ki, məni oxuyurlar. Həm də maraqla oxuyurlar. Bunun üçün zəhmət çəkirəm. Ən azı yazılarımı köhnə intonasiyadan, qulağı mazol edən deyim tərzindən xilas etməyə çalışıram. Çağdaş formalardan mümkün qədər istifadə edirəm. Bu gün Azərbaycan yazıçıları əsasən iki qismə bölünürlər: istedadlı köhnələr, istedadsız yenilikçilər. İstedadsız adamlar, mətni boş, cümlələri lüt olanlar yeni formalardan asanlıqla istifadə edirlər. İçində xüsusi enerji, güc daşıyan bədii mətnlə müqayisədə söz yığınını istənilən formaya daha rahat salmaq olur. Bu cür hoqqabazlar müəyyən qədər diqqət də çəkirlər, oxunurlar. Amma bu, aldanışdır. Müəllif üçün də, oxucu üçün də. İstedadlı qələm adamları, bədii yükü olan mətn müəllifləri yeniləşməkdə çətinlik çəkirlər. Çünki mətnin məsuliyyətini anlayırlar. İstedadlı yenilik ədəbi hadisədir. Hadisə isə çox az-az hallarda baş verir. Mən çalışıram ki, istedadla mətnimizi yeniliyə qovuşdurum.”- söyləyir.

Kiminsə gözlərində “dikbaş” kimi görünə bilər, amma o, mərd, sözübütöv, məğrur adamdır. Bacardığı qədər haqqı nahaqqın ayağına verməməyə çalışır. Həmişə düz danışmağa, həqiqəti yazmağa səy göstərir. Buna görə ondan inciyib küsən adamlar da tapılır. Hətta Yazıçılar birliyinin rəhbərliyi haqqında işlətdiyi ironik ifadələrə görə, onu 2013-cü ildə birliyin üzvlüyündən xaric ediblər. O isə başqa cür ola bilmir, ola da bilməz. Çünki xarakterində Laçın dağlarının əzəməti, bulaq saflığı kök atıb...

Deyir ki,- “Mən fəlsəfi metodların ədəbi yaradıcılığa yonulmamış, birbaşa müdaxiləsinin əleyhinəyəm. Filosof tamam başqadır, yazıçı tamam başqa. Bir filosof ədəbiyyatı yazıçı kimi nə anlaya, nə izah edə bilər. Ədəbiyyat haqda fikir deyən filosofların çoxu Nabokovun, Lyosanın bir essesinə dəyməz. Ədəbiyyat dünyanın bədii dərki, bədii inikasıdır. Bu, təkcə fikir və ideya yox həm də hiss və yaşantı hadisəsidir. Eyni zamanda ədəbiyyat hər şeydən əvvəl söz sənəti, söz sənətkarlığıdır. Ədəbiyyat öz üzərində heç nəyi qəbul etmir. Nə fəlsəfə, nə din, nə millət-vətən ideologiyası. O, yalnız öz qaydalarına tabedir. Qısa desək, yazmaq üçün fəlsəfədən də, dindən də, vətənpərvərlikdən də öncə yazmaq qabiliyyəti lazımdır. Və mənə görə, alınmış bədii mətn heç vaxt pessimist ola bilməz. Bədii cəhətdən yüksək olan mətn süjetindən, məzmunundan, ideyasından asılı olmayaraq məni sevindirir. Hər şey o mətnin alınması üçün bəhanədir. Məsələn, "Gecəyarısı uşaqları”nı oxuyanda bir anlıq içimdən keçdi: nə yaxşı, Hindistanda bu cür tragikomik hadisələr baş verib, yoxsa belə bir roman yazılmaya bilərdi. Bu mənada heç Kafkanı da pessimist saymıram. Ədəbiyyat hər şeydən əvvəl böyük təsəllidir. Ruhani müvazinətdir. Şərin qarşısında heç vaxt sönməyən işıqdır. Şəxsən mən ədəbiyyatla, kitabla xoşbəxt ola bilirəm…”

Bəli, Şərif Ağayar xoşbəxt yazıçıdır. Çünki dünyanı, kainatı və eləcə də Tanrı fəlsəfəsini dərk edə bilir. Şərif Ağayarı anlamaq üçün sadəcə onun səviyyəsinə ucalmağı bacarmaq lazımdır...
Çox yaşasın!

Elman Eldaroğlu

"Paralel.az"

0.034965991973877