105 yaşın mübarək, Respublikam!
Sənin necə şipşirin, nə qədər dopdoğma olduğunu Səndən uzaqda- günbatanda yaşayanda daha dərindən dərk etdim. Axı babalarım yüz illər boyu qoynunda qərar tutub, ömür sürüblər. Aclıq, fəlakət, müharibə, hətta xəyanətlə üzləşsələr də, heç biri Səni tərk edib, rahatlığı yad ölkələrdə axtarmayıblar. Haraya getsələr, harada olsalar belə sonda yenə də Sənə dönüblər, Vətən!..
Demirəm ki, Səndən gözəli yoxdur, dünyanın ən gözəl ölkəsisən. Əsla! Səndən də gözəlləri var, amma Sən mənim üçün bütün gözəllərdən də gözəlsən...
Yüz illərlə yadelli xəqanların ovlaq yeri olmusan. Səni yeniltməyə çox sərkərdələr səy göstərib, baş sındırıblar. Səni əziblər, məhv etməyə çalışıblar, amma hər zaman yaşamısan…
Nəhayət 1918-ci ildə Məmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıb, respublika səviyyəsinədək yüksəldə biliblər. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası!..
Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına müxtəlif ögey sözlər əlavə olunsa da, Respublika olaraq yüz beş ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə belə, Sən olmusan, mövcudsan, varsan...
Azərbaycan! Mənim doğma məmləkətim! Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim ölkə! Yaxşı bilirəm, Səni unutmaq, danmaq mümkün deyil…
Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin rəngarəng bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə qürurluyam, necə şadam...
105 yaşın mübarək, Respublikam!
“Yaşa, yaşa, çox yaşa Azərbaycan!..”
Elman Eldaroğlu
"Paralel.az"