“Təmiz kommunist”in qohumbazlığı – Maraqlı faktlar

“Təmiz kommunist”in qohumbazlığı – Maraqlı faktlar
 

Ən yeni tarix. Maraqlı faktlar.

“Təmiz kommunist”in qohumbazlığı – Suslovun bacanaqları və ailə üzvləri yüksək postlar tutublar.

Sovet dövründə partiya və hökumət rəhbərliyində təmsil olunanların mətbuatda mütəmadi şıxışları qeyri-rəsmi olaraq onların vəzifə borcu sayılıb. Bu məsələyə birbaşa Mərkəzi Komitənin ideologiya üzrə katibi Mixail Suslov nəzarət edib. Eyni zamanda mərkəzi qəzetlərdə rəhbər işçilər haqqında (vilayət, diyar, müttəfiq respublikaların birinci katibləri, nazirlər, komitə sədrləri) bioqrafik oçerklər, onların fəaliyyət sahəsi ilə bağlı yazılar hazırlananda da bu səpkidə olan yazılar əvvəlcədən Suslovla razılaşdırılıb.

Demək olar ki, hər gün “Pravda”, “İzvestiya” və digər mərkəzi qəzetlərin redaktorları ilə Suslovun telefon əlaqələri olub, o, mətbuatdan nəzarətini bir gün də olsun belə çəkməyib.

Ümumiyyətlə, mətbuat Suslov üçün olduqca vacib sahə olub. Heç kimə sirr deyil ki, ciddi senzura altında olan sovet mətbuatının bir ana xətti olub: Kommunist Partiyasının ideoloji kursunu təbliğ etmək, kommunist liderlərin nə qədər şəffaf və təmiz olduqlarını xalqa çatdırmaq.

Qəzet və jurnallarda ən çox çıxış edənlərdən və haqqında ən çox yazılanlardan biri də məhz Mixail Suslov olub. Suslov haqqında yazılan məqalələrin, demək olar ki, hamısında Mərkəzi Komitə katibinin son dərəcə sadə həyat tərzi sürməsi, vəzifə səlahiyyətlərindən heç vaxt sui-istifadə etməməsi, “təmiz”liyi xüsusilə vurğulanıb. Təbii ki, mövcud dövrdə Kremlin ikinci şəxsi sayılan Suslov haqqında heç kim başqa fikir söyləməyə, yaxud da yazmağa cürət etməyib, onun yaxın ətrafına yaratdığı şəraiti, qohumbazlığını dilə gətirməyib.

Bir neçə faktla Suslovun nə qədər “təmiz” olduğuna aydınlıq gətirmək mümkündür. 1947-ci ildən ömrünün sonuna, 1982-ci ilə qədər Mərkəzi Komitənin katibi vəzifəsində işləyən Suslov həm Stalinin, həm Xruşovun, həm də Brejnevin hakimiyyəti illərində öz yaxın qohumlarını çox rahatlıqla yüksək vəzifələrə təyin etdirməyə nail olub.

Suslovun bacanağı Arvid Pelşe 1941-1959-cu illərdə Latviya KP MK-nın təbliğat və təşviqat işləri üzrə katibi olub, xidməti sahəsi üzrə birbaşa Suslovun tabeliyində işləyib. 1959-cu ildə Suslovun dəstəyi ilə o, Latviyanın birinci katibi seçilib. Bacanaqlar bir az da yaxınlaşsın deyə Suslov 1966-cı ildə Pelşeni Moskvaya gətirib. Pelşe kifayət qədər böyük səlahiyyətlərə malik olan Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinə sədr təyin edilib, elə həmin il də Siyasi Büronun üzvü seçilib.

Suslovun ikinci bacanağı Vladimir Vorontsov 1940-cı illərin sonlarında Stavropol diyar partiya komitəsində işləyib. Suslov Mərkəzi Komitənin katibi seçildikdən sonra onu Moskvaya gətirərək özünə köməkçi təyin edib. Vorontsov Moskvada mənzillə, bağ sahəsi ilə təmin edilib, Kremlin güzəşt və imtiyazlarından Suslov qədər yararlanıb.

Üçüncü bacanaq Suslovdan daha çox bəhrələnib. 1947-ci ildə uzaq Vladivastokda pedaqoji institutda müəllim işləyən Anatoli Yeqorov Suslovun Mərkəzi Komitənin katibi seçilməsindən sonra Moskavya dəvət olunub. O, əvvəlcə “Kommunist” jurnalının redaktor müavini, daha sonra “Politiçeskoe samoobrazovanie” jurnalının baş redaktoru təyin edilib. Çox keçməmiş Suslov Yeqorovu özünə daha da yaxınlaşdırıb. Yeqorov Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb, eyni zamanda Mərkəzi Komitə yanında Marksizm-Leninizm institutuna rəhbərlik edib.

Ailə üzvlərindən qayğısını əsirgəməyən “təmiz” kommunist oğlu Revolini general-mayor rütbəsinə qədər yüksəldə bilib. Revoli Suslov Mərkəzi Radioelektron Sistemlər Elmi-Tədqiqat İnstitutunun baş direktoru vəzifəsində işləyib. Həyat yoldaşı Olqa Suslova isə “Sovetskoe foto” jurnalının baş redaktoru olub.
Suslovun qızı Maya tarix elmləri namizədi və doktoru elmi dərəcələrinə cəmi bir neçə ildə sahib olub. O, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Leonid Sumarkovla ailə həyatı qurub. Suslov kürəkəninə də əsl “atalıq” qayğısı göstərib. Sumarkov Suslovun sayəsində Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin direktoru vəzifəsinə yiyələnib və ilin yarıdan çoxunu dövlət hesabına xarici ölkələrdə keçirib. Sonda isə o, ailəsi ilə birlikdə kommunistlərin ölkəsinə əlvida deyərək Avstriyaya köşüb.

Suslovun həyat yoldaşı uzun illər Moskva Dövlət Tibb və Stomatologiya Universitetinə rəhbərlik edib.
Adlarını çəkdiklərimiz Suslovun görünən qohumlarıdır, görünməyən tərəfdə də Mərkəzi Komitə katibinin səlahiyyətlərindən bəhrələnənlər, bu qohumların nisbətən aşağı vəzifələrə düzəldilən qohumları da az olmayıb.

Göründüyü kimi, Mərkəzi Komitəyə qaloşla gəlməklə (Suslov Mərkəzi Komitənin katibi olanda uzun illər işə ayaqqabısının üstündən geyindiyi qaloşla gəlib), nimdaş paltosu ilə, Kreml yeməkxanasında həmkarlarından fərqli olaraq ancaq sosiska yeməklə “təmiz” kommunist imicini yarada bilib və sözsüz ki, bu dərəcədə “təmizliyin” fonunda qohumbazlıq arxa plana düşüb.

Onu da qeyd edək ki, digər Kreml digər məmurları da qohum-əqrabaya əl yetirməkdə Suslovdan heç də geri qalmayıblar. Aralarında sadəcə bir fərq olub, onlar bu işi ağ balıq, qara kürü yeməklə, Suslov isə suyu üfürə-üfürə içməklə görüb...

İlham Cəmiloğlu

"Paralel.az"

0.022691965103149