Aclığın yüzüncü günündə Əlzamin bəyin tanımalısı qalmamışdı - Cəmil Həsənli

Aclığın yüzüncü günündə Əlzamin bəyin tanımalısı qalmamışdı - Cəmil Həsənli
 

Tarix elmləri doktoru Cəmil Həsənli yazır:

Dünən Əlzamin Salayevin məhkəməsində olduq. Deyirlər ümid sonda ölür. Adam ölən ümiddən sonrakı dövrü yaşayır. Dəhşətli mənzərədir. Aclığın yüzüncü günündə Əlzamin bəyin tanımalısı qalmamışdı. Məhkəmənin gedişində halı pisləşdi. Təcili yardım çağırmalı oldular. Əlzamin bəyi nahaqdan tutublar, tutulası bir əməlin sahibi deyil, şərləyiblər, ssenariləşdirilmiş bir əməliyyatla tutublar. Cəbhəçi olduğu üçün tutublar Zamin bəyi, saxta cinayət işi də dünən ilmə-ilmə söküldü.

Necə olubsa Əlzaminin işində zərərçəkən də, 3-4 nəfər şahid də rəsmən təsdiqlənmiş narkotika istifadəcisi olub. Bu qədər narkotika istifadəçisini gecə saat 00:30-da baş vermiş bir işin ətrafına necə toplayıblar?

Polislərin dünən hər ikisi and içib ifadə verəndə dedilər ki, zərəçəkənə yumruq vurmuş, ona bıçaqla xəsarət yetirmiş Əlzamin Salayevi hadisə yerində olan 10-15 nəfər “vətəndaş” tutub saxlayıb polisə təhvil veriblər. Amma istintaq necə aparılıbsa o, 10-15 nəfər “vətəndaşdan” heç olmasa biri şahid qismində dindirilməyib, şahid qismində məhkəməyə çağırılmayıb təsdiq etsin ki, doğrudan da mən vətəndaş olaraq “cinayət” törətmiş şəxsi saxlayıb polisə təhvil vermişəm. Bu qədər narkotika istifadəçisindən ifadə alan polis orqanlarının necə olub “cinayətkarı” saxlayan adamlardan heç olmasa birini istintaqa cəlb etməyib. Çünki Əlzamin bəyi hadisə yerində təsadüfən olan “vətəndaşlar” yox, qurulmuş əməliyyata uyğun olaraq mülki geyimli polis işçiləri saxlayıblar.

DİN-nin müvafiq idarəsi də arayış verib ki, fevralın 6-dan 7-nə keçən gecə hadisə baş verən ərazidə quraşdırılmış 8 kameradan heç biri texniki nasazlıq ucbatından işləməyib. Axı necə olur Tofiq Yaqublu şərlənəndə bu kameralar işləmir, Pünhan Kərimli ilə bağlı hadisə baş verəndə kameralar işləmir, Əlzamin Salayevin işidə kameralar işləmir? Bunlar təsadüfdürmü. Əlbəttə yox. Hamısı, qurama, saxta, ssenariləşdirilmiş polis əməliyyatlarıdır, şərləmə əməlləridir, vətəndaşa polis tərəfindən torba tikmə əməliyyatıdır.

Dünən vəkil vəsadət qaldırır ki, hadisə baş verən gün zərərçəkənin telefon danışıqları ilə bağlı sorğu verilsin. Zərərçəkən buna etiraz edir. Hakim də vəsatəti rədd edir. Eyni mənzərə Tofiq Yaqublunun işində də olmuşdu. Çünki hadisə baş verən gün telefon danışıqları araşdırılsa xoruzun quyruğu görünər.

Dövlət ittihamçısı saxtakarlığa don geyindirmək üçün deyir ki, ekspertiza zamanı hadisə yerindən tapılmış bıçağın dəstəsindən Əlzamin Salayevin əl izləri müəyyən edilib. Və adam bunu elə deyir ki, sanki bu ekspertiza Nərmin işində hadisə yerində olmayan paltarlara, əşyalara rəy verən ekspertiza deyil. Əlzamin bəy dəfələrlə həbs edilib və hər həbs zamanı da onun barmaq izləri götürülüb. Ona görə də bizim konstitusyon nəzarətdən çıxmış hüquq mühafizə orqanları Əlzamin bəyin əl izlərini nəinki ona məxsus olmayan bıçaqdan, Kalaşnikov avtomatından da tapa bilər.

Bu gün ABŞ Dövlət Departamenti Əlizamin Salayevin başına gətirilənlərlə bağlı açıqlama verdi. Orada deyilir ki, “bizim Əlizamin Salayevin aclıq elan etdiyindən xəbərimiz var və onun işini diqqətlə izləməyə davam edəcəyik. Biz əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqik və hakimiyyəti söhbət insan hüquqlarından getdiyi zaman Azərbaycanın öz konstitusiyasına və beynəlxalq sazişlərə uyğun addımlar atmağa çağırırıq”.

"Paralel.az"

0.049176931381226