Mədəniyyətin hədəfi nə olmalıdır?

Mədəniyyətin hədəfi nə olmalıdır?
 

Əvvəlki yazıların birində bu mövzuya ötəri toxunmuşdum, amma orda yalnız bu məsələnin ədəbiyyat qanadı barədə yazmışdım. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin hədəfi nədir olmalıdır? Ürəyəyatan qafiəyə malik şeirlər, axıcı poemalar, oxunaqlı romanlar yazmaqmı, gözoxşayan tablolar çəkməkmı, əsrarəngiz mənzərələr qurmaqmı, yoxsa təkrarsız(?!) heykəllər yonmaqmı?.. Bunlardımı bizim mədəniyyətimizin hədəfləri?! Bəli, belə görünür ki, yeni, ən yeni çağdas Azərbaycan mədəniyyətinin nişangahında yalnız bunlardır. Son iki əsrdən çoxdur ki, Azərbaycan mədəniyyəti kiçik bir kəsimin zövqünü oxşamaqdan başqa heç bir gorməyib. Lakin mədəni dünya xalqlarının mədəniyyətinin hədəfləri tamam başqadır. Bəlkə elə o xalqların mədəni olmasının əsas səbəbi elə budur. Məsələ burasındadır ki, Azərbaycan mədəniyyətinin hədəfləri dünyanin mədəni xalqlarının mədəniyyətinin vəzifələridir, hədəf isə tamam başqadi. Son iki yüz əlli ildə biz bu məsələləri qarışdırmışıq, əlbəttə, öz xoşumuza olmayıb bu işlər. Son iki yüz əlli ildə Azərbaycan mədəniyyətinin xalqımızın tərəqqisinə verdiyi töhfələri göstərə bilərsinizmi? Deyəcəksiniz ki, Sabir, Cəfər, Üzeyir, Cəlil, Səməd, Süleyman, Bülbül, Bəxtiyar, Rəsul, Anar, Kəramət s. Mən etiraz etmirəm, bunlar istedadlı sənətkardirlar, içərisində dahiləri var. Gözəl əsərlər yaradıblar. Zəmanələrinin ədəbiyyat, incəsənət, s. sahələr ilə maraqlanan kəsiminin sevimliləri olublar. Hətta, Sabirin "Hophopnamə"sindən bir neçə səhfə oxumadan, Üzryir bəyin "Leyli Məcnun" operasından bir parçanı dinləmədən gözünə yuxu getməyən insanlarımız olub. Belə adamlar əhalimizin maksimum 10-15 faizini təşkil edib yalnız mədəniyyətə həzz almaq üçun bağlanıb.

Haşiyə: Bu yerdə həmkarımız Zamin Hacının bir deyimi yadıma düşdü: "Oxucum yazır ki, sizin gündəlik kösənizi oxumasam gözümə yuxu getmir. Mən yazıram ki, millət ayılsın, bunlar da mənim yazdığımı oxuyub yuxuya gedir". Binəva Sabir "Hophopnamə" yazıb ki, oxuyub ayılaq, biz isə onu oxuyub doyunca gülub, ardınca yuxuya gedirik.

Yerdə qalan 85 faizin mədəniyyətimizdən heç vaxt xəbəri olmayıb. Ona görə ki, heç vaxt mədəniyyətimiz aşaği ranqlı böyük əksəriyyətin menyusuna hesablanmayıb, orada onları maraqlandıran heç olmayıb.

Çar Rusiyası devrildikdən sonra, sovet hakimiyyəti qurulana qədər mədəniyyətimiz bu istiqamətdə intibah dövrü yaşayıb. Sabir , Mirzə Cəlil , digərləri məhz o dövrün tələbləri ilə xalqın tərəqqisini hədəf götürüb. Amma bu da cəmi bir neçə il çəkdi, xalqın inkişafına töhfə verməyi hədəfləyən bütün mədəniyyət xadimləri sovet hökuməti tərəfindən sıradan çıxarıldı. O dövrdən indiyə qədər Azərbaycan mədəniyyəti - xaqın mədəniyyəti xalqa deyil, iqtidarlara işləyib. Bu dövrdə - çar Rusiyasının işğalından indiyə qədər Azərbaycan mədəniyyət xadimləri kifayət qədər şedevrlər yaradıb. Amma onların, çox kiçik istisnalarla, hamısı təmənnalı ya sifarişli tərənnüm əsərləridir. Ədəbiyyat, incəsənət, rəngsazlıq sair baxımdan yüksək qiymətləndirilən əsgərlərimizin böyük əksəriyyəti kimlərinsə, nələrinsə tərənnümünə həsr edilib. Xalqın problemlərini onlardan çıxış yollarını göstərən mədəniyyət xadimlərimiz ya olmayıb, ya da çox az olub. Onlar həmişə kimlərinsə "ayı xidməti" sayəsində kölgədə qalıb tezliklə sıradan çıxarılıb.

Məsələni bir qədər sadələşdirsək, mədəniyyətimiz həmişə xalqın əsas hissəsindən ayrı düşüb. Çünki son 250 ilin bütün iqtidarları mədəniyyət xadimlərimizi "saray xadimləri" çevirə bilib. Mədəniyyətimizin ayaqda qalaraq parlayan bütün ünlü simaları saraydan qidalanıb onun sifarişini yerinə yetirib, yerli, yersiz onu tərənnüm edib. Bu sxemə uymayanlar Cavid, Müşfiq, Xəlil Rza digərləri kimi müxtəlif yollarla sıradan çıxarılıb.

Əslində xalqın mədəniyyəti onun problemlərini ondan çıxış yolkarını bədii vasitələrlə xalqa çatdirmalıdır ki, xalqın mədəniyyəti inkişaf etsin. Xalq mədəniyyətinin hədəfi məhz bu olmalıdır. Daha mədəniyyət xadimləri gedib padşahı, vəziri, vəkili, qazını tərənnüm etməməlidir. Mədəniyyət onun daşıyıcıları olan şəxslər xalqa öz əsərləri davranısların ilə nümunəvi örnəkləri bədii-poetik, estetik-siyasi dildə təqdim etməlidir. Nümunələr xalqın inkişaf etdirilməsi üçün çox böyük təsirə malikdir.

Müasir dönəmdə nümunə göstərişinin təsirləri barədə oxucularımıza bir örnək vermək istərdik. Bakıda keçrilən beş tur "Formula 1" yarışlarında Azərbaycan Bayrağının təsvirləri trekin (yolun) hərəkət hissəsinə həkk edildi. Əvvəl Azərbaycan Bayrağını anqlosaksonların şinləri tapdaladı, sonra isə Bakı camaatı, polis nəfərləri gah ayaqla, gah bahalı avtomobillərinin şinləri ilə rəngi itənə qədər tapdaladılar. Bu sətirlərin müəllifi həmin məsələyə dair bir neçə məqalə yazdı, zəng edib cavabdeh şəxslərə başa saldı ki, bu dövlət bayrağıdır, şərəfimizdir, bunu tapdalamaq olmaz. Fayda vermədi, düz beş il o bayrağı tapdaladıq tapdalatdıq. Bu arada Rəcəb Tayyib Ərdoğan beynəlxalq sammitlərdə onun yerini işarələmək üçün qoyulmuş Türk bayrağını hörmətlə yerdən götürüb sol döş cibinə qoyması bizə bir dərs oldu. Axır ki son iki "Formula 1" yarışlarında Azərbaycan bayrağı trekin hərəkət hissəsinə həkk edilmədi. Şükür ki, Ərdoğan bizə bu işdə dərs verə bildi.

Bu məsələyə dair başqa bir nümunə vermək istərdik. Daha doğrusu, çoxdan izlədiyimiz qısa metrajlı bir fransız filmindən söhbət açmaq istərdik. Filimdə təmiz gözəl bir şəhər nümayis etdirilir. Bu şəhərin düz mərkəzində yaşıllıqlara meyvə bağlarına qərq olmuş bir park var. Şəhər əhalisi istirahət piknik üçün həmişə bu parka gəlir. Parkın girişində istirahət üçün lazım olan hər şey satılır. Şəhər əhalisi evdən əlibaş gəlib, bağın girişində bazarlıq edərək bir ağacın altına çəkilir. Ağacların altında da istirshət üçün hər cür şərait yaradılıb. Quşlar cəh-cəh vurur, ahəngdar musiqi səslənir, rəngarəng işıqlar sayrışır, bağin gözəlliyi sakinləri məftun edir. Birdən xaricdən gəlmiş, bağda istirahət üçün sakinlənən bir turist əlindəki boş paketi zibil qutusuna deyil, yerə atır. Dərhal musiqi dayanır, quşlar susur, parkın xidmət personalı xidmətinə, istirahətə gəlmiş şəhər sakinləri istirahətinə ara verərək diqqətlə paketi yerə atan əcnəbi turistə baxır. Sanki ağacların da diqqəti bu turistin üzərinə fokuslanır. Parkda bir anlığa həyat donur, hətta, sayrısan işıqlar belə sönür. Bütün istirahətçilərin diqqətini öz üzərində hiss edən əcnəbi turist sanki bir tonluq daş qaldırırmıs kimi, əyilib atdıği paketi yerdən götürüb yaraşıqli tullantı qutusuna atır. Bununla da parkda həyat yenidən canlanır, quşlar cəh-cəh vurur, musiqi dilə gəlir, işıqlar sayrışır, insanlar isə əcnəbi turisti böyük bir cəzadan əfv edirmiş kimi gülümsəyərək istirahətlərini davam edirlər.

Buyurun, bu fransızların bəlkə ən az təsirə malik ekran əsəridir, çünki uşaqlar üçün nəzərdə tutulub. Çoxdan izləmişəm, adı yadımdan çıxsa da, sətirlər irəlilədikcə o kino-lent yenidən xəyalımda canlanır.

Cağdaş Azərbaycan mədəniyyətindən belə bir nümunəvi əsər göstərə bilərikmi? Əlbəttə, xeyir... Bəli, cənablar, məhz buna görə xalqımızın böyük əksəriyyəti «mədəniyyətsizdir». Ona görə ki, hakimiyyətlər hamısı bu xalqın mədəniyyətini əlindən alıb, cilovlayıb, istədiyi tərəfə çapıb çapır. Xalq isə mədəniyyətdən çox, lap çox uzaq düşüb. Xalqın mədəniyyətinin əsas hədəfi xalqı bədii vasitələrlə tərbiyə etmək, onun problemlərini qabartmaq həlli yollarını göstərməkdir. Lazımdirsa, lap xalqa mədəni şəkildə sillə vurmalıdı. Mədəniyyət xalqa təsir etməyin, onu inkişaf etdirməyin yollarını axtarıb tapmalıdır. Komediya da, detektiv , roman da, povest , poema da, kino da, rəssamlıq da, heykəltaraşlıq da geniş mənada məhz xalqın inkişafına xidmət eləməlidir. Edirmi, cənablar?!

 

0.025393962860107