Dedilər, “Analar günü”dür, bir şeir yaz...

Dedilər, “Analar günü”dür, bir şeir yaz...
 

Mənim də gözümdə göz eşqi vardı...
Gözü olmayana ölüm çaramı?!
Məni ürəyinə yük etmə, adam...
Bəzən yüngül olur, bəzən çox ağır,
Bu can məni yorur – yaralıdı bu.
Mən kənd adamıydım çoxları kimi,
Həyat gör, necə də oyun oynayır,
Hər kəndə gedəndə məni görənlər
Qəfil soruşurlar: “Haralıdı bu?”.

Canı işığa tut, qubarı düşsün,
Adam lal olanda əzabı artır...
Kimsə sabah-sabah çağırıb demir, 

Sənə nə olubdur, özündə yoxsan,
Dərdin yuxuludur, qəmin arxayın...
Mən belə gərdişə nə deyim axı,
Fərsiz oğuldansa bir it yaxşıdır,
Fağır heç olmasa arada hürür,
Sən də kef çəkirsən əmin-arxayın.

Adam balasıydım kənddə-kəsəkdə,
Eh, şəhər necə də korladı məni...
Səni də bu həyat qocaltdı elə;
Nə vaxt çölə çıxdın buludlar coşdu,
Heç aran olmadı yağışla, ana.
Sağ ikən qədrini bilmədim, indi
Nəyinə lazımdı, tələm-tələsik
Gedim qəbrin üstə göz yaşı töküm,
Sonra da deyim ki, - bağışla, ana...

Hikmət Məlikzadə

"Paralel.az"

0.021806955337524