Tələbələrin söhbəti  - Hekayə 

Tələbələrin söhbəti  - Hekayə 
 

Günlərin birində şəhərin mikrorayonlar yerləşən hissəsinə getməli oldum. Paytaxtın mərkəzindən həmin istiqamətdə hərəkət edəcək, hazırda isə başlanğıc dayanacağı olduğu üçün dayanmış avtobusa əyləşdim. Nəqliyyat vasitəsinin salonu boş idi. Bir az keçmişdi ki, sərnişinlərin sayı çoxalmağa başladı və avtobus yola düşdü.
Səhər tezdən idi. “Gur saatlar” olduğundan avtobusun salonuna hər dayanacaqda xeyli sərnişin minirdi. Dayanacaqların birində əksəriyyət hissəsini qızlar təşkil edən, əllərində içərisində ağ xalat görünən çantalar tutmuş bir dəstə gənc səs-küylə avtobusa mindi. Xəyal məni bir anlıq da olsa xeyli əvvələ - qayğısız tələbəlik illərinə apardı. Ürəyimdə “ey gidi dünya” deyib, tez həmin xoş xəyalları fikrimdən çıxardım. Xasiyyətimdir: keçmişi xatırlayanda həmişə doluxsunuram. Ona görə də çalışıram ki, heç vaxt keçmiş günləri yada salmayım. Adam boş yerə nahaqdan özünə əziyyət verir.
Gələcəyin həkimləri isə bir-biri ilə zarafatlaşır, söhbətləşirdilər. Onlara yaxın skamyada əyləşdiyimdən özümdən asılı olmayaraq söhbətlərini eşitməli olurdum.
- Bu gün filan müəllimin (qeyd edim ki, söhbətdə haqqında söhbət açılan müəllimlərin adları aydınca eşidilirdi) dərsi var – deyə, tələbə qızların biri digər tələbələri xəbərdar etdi. – Necə tələbkar müəllim olduğunu bilirsiniz də... Hamınız hazırsınızmı dərs danışmağa? Aşağı qiymət almayaq ki, söz-söhbət yaranmasın.
Belə tələbkar, şagird və tələbələrə bilik verən müəllimlərə həmişə hörmətim olduğundan ürəyimdə çox sevindim: “nə yaxşı ki, təhsilimizin keşiyində duran belə müəllimlər hələ də var”, deyə, düşündüm. Tələbələr isə dil boğaza qoymurdular.
- Düzdür – digər tələbə əvvəlkinin fikrinə müdaxilə etdi. – Sonrakı dərslərdə istirahət edərik. Onlarla (tələbə iki müəllimin adını çəkdi) dil tapmaq asandır.
- Əşi, onlar da ki, elə hey sifariş verirlər, nə bilim filan şey gətir, filan şey gətir...
- Hə, düz deyirsən. Heç bilmirəm bir belə ərzağı bunlar neyləyirlər? Müəllim (yenə bir müəllimin adı çəkildi) ötən həftə məndən soruşdu ki, hansı rayondansan? – Digər bir qız söhbətə qarışdı. – Cavab verdim. Rayonumun adını eşidən kimi, tapşırdı ki, rayona gedib qayıdanda onun üçün toyuq, yumurta, qaşqaldaq, ördək, hinduşka, bir sözlə, əlimə nə keçsə gətirim. Söz verdi ki, mənə yüksək bal yazacaq, təqaüd alım deyə.
İndiyəcən susub ancaq qulaq asan digər bir qız da söhbətə qarışdı:
- Deyirəm axı... Yadınızdadırsa, üç gün əvvəl referatlarımızı verərkən həmin müəllim bizi tək-tək qəbul etdi. Onda məndən də hansı rayondan olduğumu soruşdu. Cavab verəndən sonra məndən təzə ət, pendir, süd, nehrə yağı, qatıq və daha başqa şeylər istədi. Mən də cavab verdim ki, ay müəllim, həmin ərzaqlar olsaydı, tələbə qızlarla kirayədə qaldığımız soyuq evdə təkcə çayın və yavan çörəyin ümidinə qalmazdıq ki...
- Amma gətirənlər var, deyəsən. – İlk söhbətə başlayan qız bildirdi. – Ötən həftə kimin dərsiydi – tələbə dəqiqləşdirməyə çalışdı. – Hə, auditoriyanı çürümüş pendir iyi bürümüşdü. Yəqin hansı müəllimsə tələbəsindən motal pendiri istəyib. Tələbə yazıq da neyləsin, yəqin pendir bazarda çox baha olub, çarəsi kəsilib motal şoru alıb. O da köhnə çıxıb. İy götürüb auditoriyanı başına...
İlk baxışdan baməzə təsiri bağışlayan bir qız da bu söhbətə qarışdı:
- Bir gün dərs danışdım, maraqlandım ki, görəsən müəllim neçə yazacaq. Müəllim üzümə baxıb dedi: sənə bir “quş” qoydum. Soruşdum ki, ay müəllim, “quş” nədir? Cavab verdi ki, tənəffüsdə sinifkomdan soruşarsan. O, səni başa salar. Sonra sinifkom məni başa saldı ki, rayona gedəndə nəsə gətir də müəllim üçün...
Söhbət qızğın məqama çatmışdı ki, avtobus böyük, gözəl memarlıq üslubunda inşa olunmuş universitet korpuslarının qarşısında dayandı. Gələcəyin həkimləri – düşürük – deyib, yenə də əvvəlki kimi hay-küylə avtobusun salonunu tərk etdilər.
Avtobusun pəncərələrindən aydınca görünən universitet həyətində professorlar, müəllimlər, laborantlar, tələbələr səhər-səhər yaraşıqlı təhsil ocağına tələsirdi.
Bir anlıq nəzərlərimi yaraşıqlı korpusların üzərinə gəzdirdim. Böyük bir müəllim-tələbə ordusu qarşımdaydı. Bir anlıq düşündüm: bəs, onda görəsən xəstə soydaşlarımız müalicə üçün niyə İrana, Türkiyəyə, Almaniyaya axışır?!
FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU)

4 may 2020-ci il

"Paralel.az" 

0.011721134185791