Yeddi oğuldan biri -  Elçin Məmmədov -FOTO

Yeddi oğuldan biri -  Elçin Məmmədov -FOTO
 

O çox qəribə adam idi... Elçin Mehdi oğlu Məmmədov ixtisasca rəssam idi. Gözəl zövqü, güclü intellekti var idi. Yaratdığı əsərlər də həmişə səmimiyyət, sadəlik, təbiilik kimi keyfiyyətli, çox güclü olardı. Onu tanıyanlar yaxşı bilirlər ki, Elçin həm də təbiətən gözəl, sadə insan idi.
Sənətdə qazandığı uğurlar, şan-şöhrət onun xarakterini dəyişə bilmədi. O, elə Elçin kimi doğuldu, beləcə, sadə, səmimi, gülərüz, zarafatcıl bir insan kimi də dünyasını dəyişdi.

Elçin Məmmədov sənətçi ailəsində, 1946-cı il mayın 29-da dünyaya göz açmışdı. Atası xalq artisti, professor Mehdi Məmmədov və anası xalq artisti Barat Şəkinskaya Azərbaycanda teatr sənətinin inkişafında xüsusi xidmətləri olan insanlar idilər. Amma o, teatr sənətini yox, rəssamlığı seçdi. Deyirdilər, Elçin uşaqlıqdan bu sənətə meyil göstərirdi, təbiətin gözəlliklərini ağ vərəqlər üzərinə köçürmək onun hobbisinə çevrilmişdi.
Hələ Elçin anadan olmamışdan 3 gün qabaq Barat Şəkinskaya Mehdi Məmmədovun quruluşunda Vilyam Şekspirin "On ikinci gecə" tamaşasının premyerasında iştirak edirdi. Kişi kostyumunda çıxış etdiyi üçün hamiləliyi o qədər də bilinmirdi. Premyeradan 3 gün sonra isə Elçin dünyaya göz açır. Valideynləri səhər saat 10-da teatra gedər, günorta evə gəlib yemək yeyər, dincələr, axşamlar isə tamaşaları olduğu üçün yenidən teatra qayıdardılar. Ona görə də Elçini uşaqlıqdan özündən 14 yaş böyük bacısı Solmaz böyüdüb. 10-cu sinfi bitirdikdən sonra isə İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə daxil olub.

Bacısı Solmaz Həmzəyeva deyir ki, qardaşını çimizdirir, geyindirir, yeməyini yedizdir, gecələr pis yatdığına görə gonbul qardaşını qucağına alıb, hər axşam bulvara gəzməyə aparırmış. İş elə gətirir ki, Elçinə baxmaq üçün dayə tapa bilmədiklərindən o, bir il məktəbə getməyib, qardaşını böyütməklə məşğul olub. O, bəzən onu qız kimi geyindirər, başına “Vaqif” tamaşasında anasının taxdığı örpəyi bağlayar, dodaqlarını, boyayar, qrim edər, bəzək əşyaları taxar və bu libasda, görkəmdə şəklini çəkərmiş…
Elçin çox nadinc uşaq olub. Dərsdə o qədər səs salırmış ki, müəllimlər hər gün Barat xanıma şikayət edirmişlər. Müəllimlər həmişə Elçinə “bacın burda oxuyanda ananın üzünə həsrət qalmışdıq. Arzulayırdıq ki, dəcəllik etsin, Barat xanımı çağıraq məktəbə. İndisə sənə görə Barat xanımı hər gün məktəbə çağırmaqdan utanırıq”, deyərmişlər”.

İlk dəfə uşaqlıq dostu Azər Paşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Sonralar isə daha çox atası ilə birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda, Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq etmişdi. Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam yüzdən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət mükafatı laureatı adını alıb. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərt Paşa Nemətovla olub. Ömür vəfa etsəydi, "Hamlet" tamaşasında rəssam işlərini sona yetirəcəkdi.

Doğrudan da, tale elə gətirdi ki, sonrakı az müddət ərzində o həm sənətini davam etdirdi, həm də bir neçə filmdə rollar oynadı.
Onun aktyor kimi yaradıcılığa başlaması da təsadüflə bağlı olub. İlk dəfə kinorejissor, xalq artisti Tofiq Tağızadə Elçini "Yeddi oğul istərəm" filmində çəkib. Öz kobud hərəkətləri ilə yoldaşlarından fərqlənən, kefcil, lakin sadə bir insan olan yeddi oğuldan biri - Mirpaşa roluna təsdiq olunmasının maraqlı tarixçəsi var. Belə ki, bu rola xalq artisti Eldəniz Zeynalov dəvət olunmuşdu. Ancaq o, at çapmaqdan imtina etdiyinə görə rol ona verilmədi. Və sonra rejissor Elçin Məmmədovun üzərində dayanmalı oldu. Elçin o vaxt İncəsənət İnstitutunun rəssamlıq fakültəsinin sonuncu kursunda oxuyurdu. Aktyor seçmək üçün filmin rejissoru burada olarkən, Elçini görmüş, məhz onu bu rola dəvət etmişdi. Mərhum yazıçı, filmin ssenari müəllifi Yusif Səmədoğlu deyirdi ki, "biz hələ ssenari üzərində işləyərkən Azərbaycanın ilk komsomoçularını təmsil edən obrazları yaradıcılıq yoluna yenicə qədəm qoyan gənclərə tapşırmağı nəzərdə tutmuşduq. Elçin də onlardan biri idi". Rejissor da Elçinin işindən çox razı qalmışdı. Elçin isə deyirdi: "Mən öz sənətimi - rəssamlığı ürəkdən sevirəm və ömrümün axırına kimi bu sevgimə sadiq qalacağam. Aktyorluq sənəti isə mənim üçün tamamilə yenidir. Bir halda ki, mənim yaratdığım ilk obraz tamaşaçıların rəğbətini qazanıb, onda yenidən yeni bir rola çəkilməyimə məmnuniyyətlə razılaşacağam".

Elçin Məmmədov haqqında maraqlı bir xatirəni aktyor Ənvər Həsənov belə nəql edir:

"Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanlara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. "Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər", söylədilər. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Gizir rolunu ifa edən Hamlet Xanızadənin ayağından tutub, ilan kimi fısıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı. Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, "ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız". Bəlkə, bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Elçin Hamletin qorxusundan ordan qaçdı. Hamlet durdu ayağa ki, "hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm". Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq..."

Məscidə it bağlayan Mirpaşa həyatda namaz qılırdı. Elçin dini mükəmməl bilirdi və Quranı mütaliə edirdi. Quran ayələrinin təhlilini bacarırdı. Bütün pirləri, ocaqları ziyarət edirdi. Ağıllı, savadlı və hərtərəfli inkişaf etmiş biliyə sahib idi. Yaponların dördlük şeirlərini təhlil edir, hind fəlsəfəsini gözəl bilirdi. İngilis dilində sərbəst danışmağı bacarırmış.

Deyilənə görə, xeyli səliqəsiz və bir az da tənbəl adam olub. Saqqalını da tək imicə görə yox, təmizləməyə tənbəllik etdiyi üçün də saxlayırmış. Çiynindən həmişə torba asırmış.

Elçin sonradan irili-xırdalı 13 filmdə çəkildi. Ancaq onların içərisində "Dədə Qorqud" filmini xüsusi olaraq qeyd etmək lazımdır. Bu filmdə Elçinə Qaraca Çobanın rolunu vermişdilər. Bu rol onun üçün gözlənilməz deyildi. Çünki rejissor Tofiq Tağızadə ilə "Yeddi oğul istərəm" filmində işləmişdi və yuxarıda dediyimiz kimi rejissor onun işindən razı qalmışdı. Qaraca Çoban təbiətən Mirpaşaya ("Yeddi oğul istərəm") yaxın idi. Ona görə də rolu yaratmaqda elə bir çətinlik də yox idi. Filmdə Qaraca Çobanın ağaca sarınması səhnəsi var. Elçin bu səhnəni çox təbii oynayır və filmə baxarkən elə hiss edirsən ki, bu pəhləvan cüssəli aktyor, doğrudan da, ağacı çıxarıb onunla döyüşə girir. Bu epizodun canlı şahidi olanlar deyirlər ki, Elçinin bağlandığı ağac, əslində, dekorativ ağac idi. Çəkidə çox yüngül olan ağac süni olmasına baxmayaraq, görünüşcə köklü təsir bağışlayırdı. Elçin rolu elə ustalıqla ifa etmişdi ki, tamaşaçı hadisələrin reallığına inanır. Elə qoyunları düşmənlərin üzərinə atması səhnəsi də maraqlı alınıb.
Ümumiyyətlə, Elçin Məmmədovun yaratdığı rollarda çox qəribə bir səmimiyyət var. "Dantenin yubileyi", "Qəribə adam", "Yarımçıq qalmış mahnı", "Bir dəfə" bədii filmlərində də belə sadə, səmimi rollar ifa edib.

Amma hər şeydən əvvəl o rəssam idi. Rənglərin min bir çalarından gözəl əsərlər yaratdı. Təkcə təbiətinin rəngi bu çalarlardan heç birinə bənzəmirdi. O isə ancaq Elçin Məmmədova məxsus idi.

Elçin Məmmədov hələ 33 yaşında ağır infarkt keçirsə də, sonrakı illərdə ürəyindən şikayət etmir. Dünyasını dəyişməzdən əvvəl, həmişəki kimi, emalatxanasına gedir. Lakin, özünü pis hiss etdiyindən yaxınlıqdakı adamlardan, emalatxanadakı rəssamlardan birini çağırmağı xahiş edir. Otaq yoldaşı gələndə isə, Elçin artıq dünyasını dəyişmiş olur.
Əməkdar incəsənət xadimi Elçin Məmmədov 2001-ci il fevralın 18-də, ömrünü çox gözəl dövründə itirdi. Onda aktyorun cəmi 55 yaşı var idi.

Ölümündən bir neçə gün sonra Elçin Məmmədovun kompüterindən bir esse tapılır. Elçin öz ölümünü həmin essedə təsvir etmiş, ruhun Allahın hüzuruna çıxmasından, o yolu keçməyindən bəhs edirdi. Hətta məzarının üzərində ucalan şam ağacı barədə də yazmışdı…

Allah rəhmət eləsin!

Ellada Məmmədli - ADR Partiyası İcra Aparatının sədri , ADR Partiyası İdarə Heyətinin üzvü.

"Paralel.az"

0.023049116134644