İrani xalqların yaranması - Yazı III
Qurban Qurbanov
III Yazı
İrani xalqlardan bəhs edərkən Mərkəzi Asiyada yaşayan soqdların da kimliyini araşdırmaq lazımdır. Kimdir bu soqdlar?
Soqdlar Soqdiananın sakinləri hesab edilir, bu termin həm tacikcə, həm də özbəkcə suğd adlanır. Soqdiana Amudərya və Sırdərya çayları arasının şərq hissəsində, Zərəfşan dərəsinin mərkəzində yerləşən ərazinin adıdır, IX əsrdən Maverannəhrin bir hissəsi kimi Samanilər dövlətinin tərkibinə daxil olduğu yazılır. Mənbələrdə Soqdiananın adı ilk dəfə Yunan- Baktriya çarlığı barədə verilən məlumatda çəkilir.
"Yunan- Baktriya çarlığı — Sələvkilər imperiyasının süqutu nəticəsində Baktriya və Soqdiana ərazisində yaranmış ellin dövlətidir. E.ə. 250-ci ildən e.ə 125-ci ilə qədər mövcud olmuşdur. Yueçjilərin zərbələri altına süquta uğradı, lakin Hind-Yunan krallığının yaranmasına səbəb oldu".
Bu coğrafiyada yaranan diğər dövlət
Kuşan çarlığıdır. Rus mənbələrində bu çarlığın eramızın 105-250 ci illərdə mövcud olduğu, onu Uyğurustandan gələn hind- iran xalqı toharların qurduğu, dilinin qədim yunan və baktriya dili, inancının zərdüştilik və buddizm, sələfinin Hind- Yunan, Hind- Parfiya çarlığı, xələfinin isə Sasanilər dövləti olduğu yazılır. Amma nədənsə rus mənbələrində Kuşan çarı Kanişkanın üzərində Buddanın təsviri olan və "Sakamano Boddo"- "Türk Allahı" yazılmış sikkə buraxdığı barədə məlumat yoxdur.
Rəsmi tarix Kuşan çarlığının köçəri hind-iran xalqı olan toxarlar (çin yueçi) tərəfindən qurduğunu yazır. Onların bir hissəsinin (kuşanlar və eftalitlər) e. ə. II əsrdə əvvəlcə Tarim hövzəsindəki otlaqları, o cümlədən indiki Sincan- Uyğur Muxtar Bölgəsi, Qansu və Çinin Qilian ərazilərini işğal etdikləri, Amudərya və Sırdərya çayları arası ilə Baktriyaya, oradan isə Şimali Hindistana köç edərək Kuşan imperiyasını qurduqları yazılır. Mənbələrdə toharların şərqi iran xalqı sarmatlara yaxın olduğu, onların dillərinin digər irani xalqların dillərinə oxşarlığı qeyd edilir.
Toharlar Çin mənbələrində Usun və ya Yueçi kimi tanınan xalqların əcdadları hesab edilirlər. Usunlar Göktürklərin Kağan sülaləsini təşkil edirdi. Eramızdan əvvəl II əsrdən Baktriyada yaşamış bu xalq özlərinə Aqni deyirdi. Çin mənbələrində onları Yanqi adlandırırlar. Qeyd edək ki, Yangi oğuzların paytaxtı olub.
Hind sanksrit mətnlərində onlar Kuça, Kuči, bəzən isə Aqniya və Kuchiya
kimi yazılırlar. Türk dillərində Kuça, Kuçar və Kuçe son antik hind yazılarının Kuşan dilinə uyğun gəlir. Hindistan yazılı mənbələrində kuşanlar turuşka adlanır, bu da ki, türk anlamına gəlir.
Tarım hövzəsi bir çox irqdən olan insanların qarışdığı yer idi. Burada tapılan mumiyalar üzərində aparılan araşdırmalar göstərib ki, bu insanlar Qafqaz və Monqol irqinin qarışığından yaranıblar. Bu isə mövzunun əvvəlində qeyd etdiyim kimi 4,5-4 min il bundan əvvəl Anadolu və Qafqazdan Şərqə gedən köçlərlə əlaqədardır.
Bu gün alimlər toharların Ağ hunların nəslindən olduğunu qəbul edirlər. Ağ hunların idarə etdiyi ərazidə, Tarım hövzəsinin Kuça bölgəsində Qırmızı mağaralardakı qılınclı rəsmlər bölgədəki Axalit hakimiyyəti dövründə, təxminən eramızın 480-550-ci illərində çəkilmişdir. Onlara Qılıncçılar deyilir. Onların iri, üçbucaq yaxalı xalatları, özünəməxsus saç düzümləri, üç aypara tacları, qanadlı tacları, kəmərlərindən asılmış qılıncları var. Bunlar hun-türk geyim formasıdır. Onlar türk ikonoqrafiyasına uyğun olaraq əllərində həyat çiçəyi və qədəh tuturlar. Yəni əminliklə deyə bilərik ki,
toharlar türk soylu idilər. Toharların yaşadığı bu bölgə daha sonra Göktürklər tərəfindən zəbt edildi.
Makedoniyalı İsgəndər haqqında son zamanlar uyğun mənbələrində fərqli məlumatlar ortaya çıxır, onun ordusunun uyğurlar tərəfindən məhv edildiyi və özünün əsir götürüldüyü yazılır. Belə olan halda rus mənbələrində Sələvkilər imperiyası, Yunan-Baktriya, Hind- Yunan, Hind- Parfiya çarlığı haqqında yazılanların cəfəngiyyatdan başqa bir şey olmadığı məlum olur. Eyni zamanda Kuşan çarlığını quran yueçilərin (kuşan və eftalitlərin) və onların əcdadları toharların hind-iran xalqı kimi təqdim edilməsi hesab edirəm ki, türklərin bu coğrafiyada varlığına kölgə salmağa və irani xalqların tarixini qədimləşdirməyə hesablanmış bir saxtakarlıqdır. Bu saxtakarlıqla rus tarixçiləri keçən əsrdə irani xalqların bu coğrafiyada mövcudluğunu "əsaslandırmış" və bununla da Hindistana şimaldan gələn "arilərin" irani əsilli olduqlarını iddia etmişlər.
VIII əsrin əvvəllərində Xilafət ordusu Mərkəzi Asiyanı işğal etdi. Ərəbistanda Pamir ətəkləri "cənnət məkanı" adlandırıldığı üçün bu bölgəyə böyük ərəb köçü baş verdi.
IX əsrin ikinci yarısından etibarən Xilafətin zəifləməsi ilə əyalətlərdə müstəqil dövlətlər yaranırdı. Bu dövlətlərdən biri də Mərkəzi Asiyada, mənbələrdə irani xalqların qurduğu deyilən 875 ci ildən 999 cu ilə qədər mövcud olan Samanilər dövlətidir.
Özbək tarixçi Ş.Kamoliddin "Samanilərin mənşəyi" əsərində Samaniləri türk soylu adlandırır: "Samanilər Xorasanı və İranın əksər hissəsini öz mülklərinə birləşdirdikdən sonra Orta Asiya və İranın tabe etdikləri bölgələrinə həqiqi ata olmaq üçün özlərini irani mənşəli, Sasani ailələri ilə qohumluqlarının olduğunu göstərməyə çalışdılar. Buna görə də müsəlman mədəniyyətinin yeni fars dilində çiçəklənməsi üçün hər cür şərait yaratdılar. Eyni zamanda, Samanilər özlərinin türk mənşəli olduqlarını da unutmadılar, bu da sülalənin bütün hakim olduqları dövrdə izlənilə bilər. Onların demək olar ki, bütün ətrafı paytaxt Buxaradan idi, yəni onlara xidmət edən böyük şəxsiyyətlər, siyasətçilər və hərbi liderlər türklər idi. Onların öz tabeliyində olan ərazilərə təyin etdikləri hökmdarların əksəriyyəti də türklər idi. Samanilər yarana biləcək çətin anlarında ancaq oğuz türklərinin dəstəyinə ümid edirdilər, buna görə də onların Buxara ətrafına köçməsinə icazə verdilər. Odur ki, Buxarada hakimiyyətini itirdikdən sonra Samanilərə kömək edən xalq məhz oğuz türkləri oldu."
Beləliklə, Samanilərin də türk mənşəli olduğu iddia edilir. Eyni zamanda Samanilər dövründə yeni dilin yaranmasından bəhs edilir.
Ərəb işğalı zamanı Mərkəzi Asiyaya coxsaylı ərəb köçlərinin gəlişindən yazdım. Bu isə nəticə etibarilə yeni dilin yaranmasına səbəb ola bilərdi. Yəni, yeni dil yerli türklərlə gəlmə ərəblərin qarışığından yaranan toplumun dili ola bilərdi.
Bu dil eyni zamanda Sultan Mahmud Qəznəvinin qurduğu imperiyanın da rəsmi dili kimi qəbul edildi. Əvvəlcə bu dil saray dili mənasını verən dari, bu dildə danışanları isə tacik adlandırırlar. Bu dildə yazmaq üçün uyğur əlifbası seçilir. Bu dili həm də Səlcuqlular rəsmi dil kimi qəbul edirlər, çünki bu coğrafiyada yaşayan xalqların başa düşəcəyi ümumi dil idi. Ona görə də mənbələrdə Səlcuqluların bütün elm adamları və vəzirləri özlərini tacik adlandırırlar. Bu tacik sözünün bu günkü anlamında qəbul edilməməlidir. Bu imperiya ərazisində yaşayan xalqlara verilən ümumi ad idi. Sonralar bu əlifbaya cüzi dəyişiklik edərək ərəb əlifbasını yaratdılar. XVIII əsrdə tacik əlifbası həm də fars əlifbası, tacik dili isə fars dili adlandırıldı. Bu gün Əfqanıstan və Tacikistanda bu dil hələ də dari adlanır.
Firdovsinin məhz bu dövrdə iran-tacik milli dastanı adlanan "Şahnamə"nin yaradılması üzərində işə başladığı yazılır. "Şahnamə" və ya "Padşahlar kitabı" fars dilinin görkəmli abidəsi və irani xalqların milli dastanı hesab edilir. İranın qədim zamanlardan VII əsrdə İslamın qəbuluna qədər olan tarixini təsvir edir.
Firdovsi bu əsərə gəncliyində dünyasını dəyişən və əsərini tamamlamağa vaxt tapmayan sələfi Dakikinin yazdığı min beytlik seri də daxil etmişdir. Firdovsi 25 ildən sonra, 999 cu ildə poetik "Şahnamə"ni tamamlayıb, Xələncana (İsfahan yaxınlığında) Samani zadəganı Əhmədin yanına gedir, əsəri ona ithaf etdiyini söyləyir və ondan xeyli hədiyyə alır. Lakin elə həmin ildə türk Mahmud Qəznəvi Xorasanı tutur. Firdovsi "Şahnamə"ni köhnə dildən yeni dilə çevirərək əsərə düzəliş edir, bu dəfə onu Sultan Mahmuda ithaf edir və 1010 cu ildə poemanı ona təqdim etmək üçün Qəznəyə gedir. Deyilənə görə poemanın əsas ideyası, - yalnız şah hakimiyyətinin irsi daşıyıcılarının buna haqqı olması- fikri Sultan Mahmud Qəznəvinin xoşuna gəlmir və o əsəri qəbul etmir. Dəqiq təsdiqi olmayan bir rəvayətə görə,
bu, şairi çox qıcıqlandırır və o, Sultanı qul nəslindən adlandırmaqla bir satira yazır, ölkədən qaçır və ömrü boyu sərğərdan həyat keçirir.
Başqa bir rəvayətə görə Sultan Mahmud Firdovsinin ölümündən bir müddət əvvəl təsadüfən bir saray əyanından "Şahnamə"dən ifadəli bir misra eşidir, müəllifi ilə maraqlanır və məlum olur ki, bu misra məşhur şairin Mahmuda həsr etdiyi "Şahlar kitabı"ndandır, indi Tusda yoxsulluq içində yaşayır. Mahmud dərhal Firdovsi üçün Tusa zəngin bir hədiyyə göndərilməsini əmr edir. Əruziyə görə bu 60.000 gümüş dirhəm, sonrakı rəvayətlərə görə 60.000 qızıl pul olur. Onun cənazəsi dəfn olunmaq üçün şəhərin bir qapısından çıxarılarkən Mahmudun hədiyyələri yüklənmiş dəvələr başqa bir şəhər darvazasından daxil olur.
"Şahnamə" həcm baxımından cox genişdir, müxtəlif ölçülü 50 bölmədən ibarətdir. Ayrı-ayrı bölmələrə mənəvi-əxlaqi əhəmiyyət kəsb edən böyük nağıllar daxildir.
Mənbələrdə "Şahnamə"nin 60 min beytdən ibarət olduğu yazılır. Ehtimal olunur ki, mətnin bir hissəsi itib.
Dastan sərdabələrindən fraqmentlər yalnız müxtəlif müəlliflərin əsərlərində qorunub saxlanılmışdır. Əvvəlcə sərdabələr "Xudai-namə"
("Qrab-nəmək") adlanmış, sonralar "Şahnamə" adı meydana gəlmişdir.
Alman iranşünas Fridrix Şpiqel "Şahnamə"ni təhlil etmiş və belə nəticəyə gəlmişdir ki, "poemanın hətta kiçik mifik simaları və təfərrüatları təkcə 'Avesta' ilə deyil, həm də hind 'Riqveda'sı ilə üst-üstə düşür".
Kanadalı professor Riçard Foltz isə "Şahnamə" barəsində yazır: “Dünya mədəniyyətinin abidəsi – Firdovsinin "Şahnamə" poeması və Uolter Meyin ingilis dilində cəmi üç il əvvəl çap olunmuş, hələ də farscası olmayan “Nart” dastanı eyni mahiyyətli əsərlərdir. ...Alimlərin əksəriyyəti "Şahnamə"nin farsların həyat tərzini əks etdirdiyinə inanırlar, mən isə Firdovsinin ona yad olan bir dövrü və mədəniyyəti təsvir etdiyinə inanmağa meylliyəm və əsəri skif cəmiyyətinin prizmasında nəzərdən keçirməyi təklif edirəm".
Onu da qeyd edim ki, "Nart" dastanı - Şimali Qafqaz xalqlarının- abazin, abxaz, çərkəz, osetin, qaraçay-balkar və çeçen-inquşların folklorunun əsas mifologiyasını özündə əsk etdirən nağıllar toplusudur. Burada maraqlı cəhət türk və qeyri-türk xalqlarının eyni mifologi qəhrəmanlara malik olmalarıdır.
İran mənbələri Turan şahı Əfrasiyabı (Alp Əp Tonqanı) irani xalqların nümayəndəsi kimi təqdim etməklə Turanın tarixinə sahiblənmək istəyirlər. Amma "Şahnamə"dəki ziddiyyət bu cəhdi sual altında qoyur. Belə ki, 'Şahnamə"də bir tərəfdən Əfrasiab əfsanəvi Turan şahı, Turan hökmdarı, qədim köçəri və yarımköçəri iran xalqı olan sakların ( bəzi mənbələrdə skiflərin) hökmdarı, diğər tərəfdən fars xalqının düşməni kimi qələmə verilir. Bu da poemanın saxtakarlıqdan yan keçmədiyini göstərir. Yəqin ki, sovet dövründə skiflərin/sakların irani xalqların əcdadı olduqları "əsaslandırılarkən" bu saxtakarlığa gedilmiş, amma digər tərəfdən Əfrasiyabın irani xalqlara düşmənçilik epizoduna fikir verilməmişdir. Hesab edirəm ki, İran adı da "Şahnamə"yə həmin dövrdə əlavə edilmişdir. Fridrix Şpiqelin və Riçard Foltzun "Şahnamə" barəsindəki fikirlərini də nəzərə alsaq, "Şahnamə"nin tək irani deyil, region xalqların ümumi dastanı olduğunu söyləyə bilərik.
Mənbələrdə yazılır ki, Alp Ər Tonqanın bacısı Xubçehrin kəyani Keykavusla evliliyindən Siyavuş dünyaya gəldi, onun da oğlu Keyxosrovdur. Beləliklə Əhəmənilər dövründə bu xalqın kəyani adlandığını görürük. Sonrakı zamanlarda isə hər xalqın öz adı olmuşdur; bəluc, qəşmi, bəndər, gilək, pars, kürd, tacik, puştun, əfqan və s. Ümumiləşdirici irani adı isə bu xalqlara keçən əsrdə verilmişdir.
Yuxarıda XVIII əsrdə tacik dilinin fars dili adlandırılmasını yazdım. Bəs nə baş verdi ki, tacik dili fars dili adlandırıldı?
Məlumat üçün bildirim ki, İranda tarixən bəluclər Sistan və Bəlucistanda, qəşmi və bəndərilər Ormuzda, giləklər Gilanda, parslar Yəzddə, Xorasan türkləri Xorasanda, kürdlər Kürdüstanda, azəri türkləri Həmədandan şimala Araza qədər olan ərazidə yaşayıblar. Farsların Fars vilayətində yaşadıqları yazılır, amma bu məkan tarixən qaşqay türklərinin və elamlıların vətəni olub. Bu vilayətin Fars körfəzi və ölkənin Persiya adlandırılması yəqin ki, XVIII- XIX əsrdə avropalılar tərəfindən tarix saxtalaşdırılarkən baş vermişdir. Təbii sual yaranır, bəs bu gün dünyanın fars kimi tanıdığı xalq kimdir və onlar necə yaranıblar?
XVIII əsrin sonu XIX əsrin əvvəllərində ingilis kapitalı İrana və Hindistana girmək üçün yollar axtarırdı. Bu ölkələrdə hakimiyyətdə türklər idi, onlarla dil tapmaq mümkün olmadı, ermənilər isə rus çarının təsiri altında idilər. Ona görə ingilislər atəşpərəst pars tayfaları ilə ticarət əlaqələri qurdular və onların vasitəsilə İrana və Hindistanın Qudjarat əyalətlərində girdilər. Amma parslər azlıq təşkil edirdi, bu ingilisləri qane etmirdi. Artıq XIX əsrin ortalarında Avropada ari xalqları barədə nəzəriyyə meydana gəlmişdi ki, bu barədə yuxarıda bəhs etdim. İngilislərin hind və iran xalqları ilə bölüşəcək ortaq dəyərləri olmadığı üçün nəsə yeni bir ideya lazım idi. Belə ideya kimi hind və irani xalqların da avropalılar kimi ali irqə mənsubluğu barədə iddia irəli sürdülər, türklərin isə vəhşi xalq olduqlarını təbliğ etdilər. Nəticədə irani xalqların bu ideya ətrafında birləşməsinə nail oldular, ingilislər
İranda və Hindistanda türkləri devirərək bu ölkələrə girə bildilər. Həmin vaxt pars tayfalarının ətrafında birləşən irani xalqları ümumi pers/fars adı ilə adlandırıb onlara saxta tarix yazdılar. Fars xalqı belə yarandı. Nəhayət, 1935-ci ildə ölkənin adı dəyişdirilərək İran adlandırıldı.
DNK geneologiya üzrə rusiyalı mütəxəssis, professor A.Klyosov "Qadağan olunmuş tarix" adlı müsahibəsində deyir: "Skiflər qədim zamanlardan Uzaq Şərqdən Avropaya və Mərkəzi Rusiyaya qədər Avrasiyada yaşayıblar. Bu ərazilərə nə fars, nə də İran mədəniyyəti ayaq basmayıb, skiflərin dili əsasən türkcədir. Sovet iranşünas-filoloqu V. Abayevin skif dillərinin iran mənşəli olmasına dair səhv və qərəzli fikri, skif tarixinin bu cür təhrif edilməsinə etiraz edən alimlərin repressiya və təqiblərə məruz qoyma yolu ilə zorla yayılmışdır. Türk dillərinin cəmi 1500 il yaşı olması fikri də yanlış və qərəzlidir. Hind-Avropa dil ailəsinə tətbiq edilən linqvistik formul türk dillərinin tarixini müəyyən etmək üçün onlara da tətbiq edilmişdir. Hind-Avropa dil ailəsinin formulunda, təbii ki, türk dillərinin xüsusiyyətləri nəzərə alınmırdı, bu da ki, türk xalqlarının və dillərinin tarixində aşkar səhvlərə gətirib çıxarmışdır." Professor həmçinin, akademik elmin İranın qədim skif mədəniyyəti və dili haqqında, eləcə də fars dili haqqında gəldiyi nəticələrini də əsassız hesab edir.
Keçən əsrin 90 cı illərindən başlayaraq türk xalqlarına qarşı dünyada münasibətin dəyişməsini
nəzərə alan V.Abayev keçən əsrdə yazdıqlarına düzəliş etmək məcburiyyətində qaldı. O, 2006-cı ildə nəşr etdirdiyi “Dilçiliyin nəzəriyyəsi və tarixinə dair məqalələr” kitabında baş verən tarixi prosesləri cox dolğun şəkildə təsvir etdi: "Avrasiya sivilizasiyasının xarakterik cəhəti təkcə Turan sivilizasiyasını yaradan türklərin etno- konfessional adət- ənənələrinin deyil, eyni zamanda milli-dövlət dinlərinin, o cümlədən Tanrıçılığa xas olan dini inanc və kultların sinkretizmi idi ki, bu da öz növbəsində Avrasiyanın mərkəzində dominant rol oynamaqla yeni yaranan sivilizasiyaların mənəvi- mədəni, etno- konfessional ənənələrinin inkişafını müəyyən edirdi.
Bu sivilizasiya üçün xarakterik olan dini sinkretizm, ilk növbədə, bu sivilizasiyanın çoxşaxəli sinkretik təbiəti ilə əlaqədar idi. Bu da öz mahiyyətinə görə etnik- mədəni ənənələr və sivilizasiya mədəniyyətləri, dini və fəlsəfi təlimlər, eləcə də mənəvi və praktik sistemləri özündə ehtiva edən qlobal Meqasivilizasiya idi."
Beləliklə, müəllif Turanı türklərin qurduğunu, onun Meqasivilizasiya olduğunu, Avrasiyada yaranan bütün sivilizasiyaların Turandan törədiyini, onların inanclarının isə Tanrıçılıqdan bəhrələndiyini etiraf etdi.
Charles Louis Montesquieu türklər haqqında yazır: "Dünyada heç bir xalq öz şöhrəti və fəth əzəməti ilə türklərlə yarışa bilməz. Onlar İranın hökmdarlarıdır, Kir və Qıştasp taxtında təntənəli şəkildə oturmuşlar. Moskvanı diz çökdürdülər. Onlara türklər və tatarlar deyirdilər. Onlar Avropa, Asiya və Afrikada böyük fəthlər edərək dünyanın üç qitəsinə hakim olmuşlar. Qədim dövrlərə nəzər salsanız görərsiniz ki, Roma İmperiyasını dağıdanlar da onların nəslindən olublar. İsgəndərin zəfərləri Çingiz xanın zəfərləri ilə müqayisədə heç nədir. Ancaq bu şanlı xalqın tarixçiləri olmamışdır ki, ağlasığmaz zəfərlərinin şöhrətini yaymaq üçün qələmə alsınlar. Neçə ölməz əməllər əbədiyyətə gömülür. Türklər o qədər dövlətlər qurublar ki, biz onların tarixini bilmirik. Bu döyüşçü xalq öz gündəlik şöhrəti ilə məşğuldur, onun əbədi yenilməzliyinə inanır və keçmiş qələbələrini əbədiləşdirməyə əhəmiyyət vermir”.
Mənbə: Charles Louis Montesquieu ("İran məktubları" 1721).
Bu gün İranda 60-a yaxın iran dilli xalq var. Onların sayı 25 milyondan coxdur. Bu məmləkətdə 55 milyona yaxın türk yaşayır, amma təəssüf ki, türklərin bir hissəsi artıq farslaşıb.
İran Vikipediyasında verilən məlumata görə R1a nın M198 tipi İran üzrə ümumi 13,9 % dir. Bu haploqrup orada yaşayan xalqlarda təxminən eynidir. Məlumdur ki, R türk haploqrupudur, yaranış məskəni Şimali Saxadır, bu artıq faktlarla sübut olunub. Başqa sözlə, irani xalqların genetikasının R hissəsi onların türk qarışığıdır. Bu xalqlarda olan diğər haploqruplar isə yerli haploqruplardır.
İrani xalqların yaşadıqları coğrafiyaya nəzər saldıqda onların ancaq Xilafətin yayıldığı ərazilərdə mövcud olduğunu görürük. Bu isə onu deməyə əsas verir ki, irani xalqlar türk və ərəblərin qarışığından yaranmışdır, təbii ki, onların dili də bu iki dilin sinkretizmindən yaranmalı idi. Yəqin ki, bu sinkretizmdə hind elementi iştirak etmişdir.
"Paralel.az"