"Tanrı Yerdən yox xəbərin"Qəşəm Rəcəbli

 

Haqq-ədalət yox dünyada
Hər yerdə qan, dava, qada
Dünya özü gedir bada
Dərdi tükənmir bəşərin,
Tanrı Yerdən yox xəbərin.

Dünya olub qan guşəsi
Qanla dolub piyaləsi.
Ərşə qalxır ah-naləsi
Məsum, yetim körpələrin
Tanrı Yerdən yox xəbərin.

Arzular toxunur daşa
Gözlər bələnib qan-yaşa
Yer kürəsi basdan-başa
Beşiyi olmuş kədərin,
Tanrı Yerdən yox xəbərin.

Gül bağçalar vaxtsız solub
Dünya kədər, qəmlə dolub.
Düz olanlar düzdə qalıb
Düz də itirmiş kəsərin,
Tanrı Yerdən yox xəbərin.

Qəşəm dərddən gəldi zara
Qəlbinə dəydi min yara.
Baş götürüb getsin hara?
Şahididir gör nələrin,
Tanrı Yerdən yox xəbərin... 

"Paralel.az" 

0.015569925308228