Tez alışdı, tez söndü: İncə niyə geri çəkildi? Qəzənfər Həmidoğlu

Tez alışdı, tez söndü: İncə niyə geri çəkildi? Qəzənfər Həmidoğlu
 

Mühərrəm İncə saman atəşi kimi tez alovlandı, tez söndü və Məmləkət Partiyasının sədri Türkiyə prezidentliyinə namizədliyini geri götürdü. İncənin geri çəkilməsi yalnız kaset qalmaqalı, ona qarşı qaralama kampaniyası ilə bağlı deyil.
Qışın sonlarına doğru “6-lı masa”da qəfil böhran yaranan zaman meydana atılan “Məmləkət”in liderinin səsləri aprelin əvvəlinə 10%-in yuxarısına yüksəldikdən sonra KONDA və digər araşdırma şirkətlərinin son sorğu anketlərində 2,2%-dək geriləmişdi. Alacağı gözlənilən səslər azalmaqda davam edirdi. Bundan sonra İncənin mayın 14-dək seçki yarışından ayrılacağı ehtimalı artmışdı.

Sorğularda İncənin 10%-i keçməsi, partiyasının 6%-i görməsi əslində, elektorat ovqatının ani partlayışının məhsulu idi. Üstəlik, İncənin seçkiönü kampaniyası istənilən kimi alınmadı, təbliğatında aşkar büdrəmələr (BaBala TV fiaskosu) oldu və özünü yetərincə ifadə edə bilmədi. O yüksəlişi İncə deyil, situasiya yaratmış və etiraz səslərini ona yönəltmişdi. Fürsəti dəyərləndirə bilmədi - səsləri necə yüksəlmişdisə, elə də kəlləmayallaq getdi…
İncə artıq dilemma ilə üzləşmişdi, seçki yarışında qalmaq ona siyasi gələcək vəd etmirdi.

Namizədliyini geri götürməsi “Məmləkət” sədrinə az da olsa siyasi perspektiv saxlayır. İncənin əsas iddiası seçkini 2-ci tura keçirmək idi, amma 14 maya 10-15 gün qalmış bu ambisiyası uçub getdi.

Əgər namizədlikdən çəkilməsə və ilk turda CHP lideri Kamal Kılıçdaroğlu qalib gəlsəydi, İncənin siyasi karyerasına nöqtə qoyulacaqdı. “Məmləkət” sədrinin yalnız bir şansı qalmışdı: indi əgər Kılıçdaroğlu 1-ci turda qalib gələrsə, İncə artıq bu işdə payının olduğunu iddia edə və siyasi həyatını uzada biləcək. Son sorğulara görə, İncənin son günlərdə itirdiyi səslərin böyük qismi CHP liderinə, kiçik hissəsi isə Sinan Oğan tərəfə axıb.

"Paralel.az" 

0.082390069961548