Qisasçı Stalinlə boz danışan general – 19 ildən sonra Mexonoşini divara söykəyiblər... - Maraqlı faktlar

Qisasçı Stalinlə boz danışan general – 19 ildən sonra Mexonoşini divara söykəyiblər... - Maraqlı faktlar
 

Ən yeni tarix

Qisasçı Stalinlə boz danışan general – 19 ildən sonra Mexonoşini divara söykəyiblər...

Onların arasında konflikt hələ vətəndaş müharibəsi dövründən başlanıb. Lev Trotskinin ən yaxın silahdaşlarından biri olan Konstantin Mexonoşin Stalinlə açıq şəkildə mübarizədən çəkilməyib.

Bu münaqişənin kökündə isə 1918-ci ilin sentyabr ayında cənub cəbhəsində hərbi inqilabi şuranın yaradılması ilə fikir ayrılığı durub. Hərbi məslələr üzrə komissar və Hərbi İnqilabi Şuranın sədri Lev Trotski Kozlov şəhərində (sonralar Miçurinsk) yerləşməklə cənub cəbhəsində hərbi inqilabi şuranın yaradılması haqqında əmr imzalayıb. Cənub cəbhəsinə general Pavel Sıtin komandan təyin edilib.

Məhz həmin ərəfədə İosif Stalin, Sergey Minin və Kliment Voroşilov Saritsında (sonralar Stalinqrad) inqilabi fəaliyətlə məşğul olublar. Onlar Trotskinin yaratdığı hərbi inqilabi şuranı qəbul etməyərək həmin şuranın tərkibinə daxil olmaqdan qəti şəkildə imtina ediblər. General Sıtin Trotskiyə Stalinin Saritsındakı qanunsuz fəaliyyəti haqqında yazılı məlumat verəndə Trotski öz müavinini, hərbi məslələr üzrə komissar müavini Konstantin Mexonoşini bu şəhərə göndərib. Mexonoşin Stalindən ya Trotskinin əmrinə tabe olmağı, ya da şəhəri təcili tərk etməyi tələb edib. Stalin bu tələblərə razılaşmadıqda məsələ hökumət səviyyəsində müzakirəyə çıxarılıb və Stalin Moskvaya qayıtmağa məcbur olub.

Stalin həmin mübahisəli hadisələrdə Mexonoşinə kiçik bir xəbərdarlıq da edib: “Sən keçdiyin körpüləri yandırmağa tələsmə, nə vaxtsa geriyə dönüşə ehtiyacın olar, çarəsiz qalarsan...”

Stalinin bu ifadəsinin gerçəkləşdiyi zaman da yetişib. Mexonoşin geriyə yol axtaranda çarəsiz qalıb.
Konstantin Mexonoşin 1889-cu ildə Permdə müəllim ailəsində anadan olub, Perm gimnaziyasında təhsil alıb. Bir müddət Kiyevdə müəllimlik etdikdən sonra təhsilini Sankt-Peterbuq Universitetində davam etdirib.

Mexonoşin 1906-cı ildən inqilabi hərəkata qoşulub, 1913-cü ildən bolşeviklər partiyasının üzvü olub. 1915-ci ildə imperator ordusuna hərbi xidmətə çağrılan gənc bolşevik orduda gizli bolşevik təbliğatı aparıb.

Mexonoşin ordudan tərxis olunduqdan sonra siyasi fəaliyyətini daha fəal davam etdirib və bu fəaliyyətinə görə iki dəfə qısa müddətə həbsxanaya salınıb. Sərt xarakteri ilə fərqlənən bolşevikin birbaşa Leninlə əlaqəsi olub. O, proletarların rəhbərinə mütəmadi olaraq tərəflərin hərbi vəziyyəti ilə bağlı vacib sayılan məlumatları ötürüb.

1917-ci ildə fevral inqilabından sonra Mexonoşin Petroqrad sovetinin üzvü seçilib. Lev Trotskinin məxfi tapşırıqlarını yüksək səviyyədə icra etməyi bacaran bolşevik 1917-ci ilin noyabrında hərbi məslələr üzrə komissar müavini təyin olunub.

1918-ci ildə Trotski Mexonişini ən çox güvəndiyi silahdaşı kimi Qafqaza göndərib. O, əvvəlcə cənub cəbhəsinin hərbi inqilabı şurasının üzvü, daha sonra 11-ci qırmızı ordunun hərbi inqilabi şurasının üzvü kimi fəaliyyətini davam etdirib. Məhz 1920-ci ilin aprel ayında Mexonoşin Azərbaycanda sovet hökumətinin qurulması ilə nəticələnən Bakı “tədbirlərinin” ən fəal üzvlərindən biri olub.

Qafqazdakı fəaliyyətindən sonra 1921-ci ildə Mexonoşin Ümumi Hərbi Təhsil Baş İdarəsinə (Vsevobuç) rəis müavini təyin edilib. 1923-1926-cı illərdə həmin quruma rəhbərlik edib. Bu ərəfədə onun təşəbbüsü ilə Mərkəzi Ordu İdman Klubu yaradılıb.

Mexonoşin özünü daha yüksək hərbi vəzifələrdə görüb. Ancaq təyinat məsələlərində onun adı bütün namizəd siyahılarından çıxarılıb. O, problemin haradan gəldiyini də yaxşı bilib. Yaxşı anlayıb ki, Stalin hakimiyyətdə olduğu vaxtda o, heç bir yüksək vəzifəyə sahib ola bilməyəcək.

Təbii ki, Stalin ötən hadisələri unutmayıb.1918-ci ildə Mexonoşinin olduqca sərt şəkildə onun qarşısına qoyduğu tələbləri yadından çıxarmayıb. Sovet lideri hələ Trotski tərəfdarlarının fəal olduğu illərdə Mexonoşindən qisas almağa tələsməyib. O, əvvəlcə 1926-cı ildə “hədəf”ini Moskvadan uzaqlaşdıraraq Polşaya hərbi attaşe göndərib. İki ildən sonra Stalin Mərkəzi Komitənin iclasında Polşa-SSRİ münasibətlərindən söhbət açanda Mexonoşinin fəaliyyətini sərt tənqid edib və o, geri çağrılıb.

Bir neçə ay işsiz qaldıqdan və Mərkəzi Komitədən təklif almadıqdan sonra Mexonoşin SSRİ Dövlət Plan Komitəsində özünə iş tapıb. Komitədəki çox da yüksək olmayan vəzifəsində də onu uzun müddət saxlamayıblar. Mexonoşin çətinliklə özünə OADKYC-də yer edib. Bu cəmiyyətdə də o, uzun müddət işləyə bilməyib.

Nəhayət, ittifaq miqyaslı hərbi vəzifələrdən əlini üzən Mexonoşin tam fərqli bir vəzifəyə təyinatını reallaşdıra bilib. O, Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutuna rəhbərlik edib.
Direktor kürsüsünədə özünü rahatlamağa imkan tapmamış Mexonoşin 1937-ci ildə əks-inqilabi və antisovet fəaliyyətdə, vətənə xəyanətdə ittiham olunaraq həbs edilib.

Sabiq komissar müavini, Bakının işğalında xüsusi canfəaşnlığı ilə fərqlənən, Stalinin qarşısına şərt qoyan 48 yaşlı Konstantin Mexonoşin SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 7 may 1938-ci il tarixli hökmü ilə ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Hökm həmin gün icra edilib.

İlham Cəmiloğlu

"Paralel.az"

 

0.022109985351562