Brejnevin qızının rəqsini çəkən fotoqraf Rıbçinski Vısotskiyə qarşı da paparatsilik edib...- Maraqlı faktlar
Ən yeni tarix
Brejnevin qızının rəqsini çəkən fotoqraf – Rıbçinski Vısotskiyə qarşı da paparatsilik edib...
Sovet lideri Leonid Brejnevin iri portreti asılmış otaqda sərxoş vəziyyətdə stolun üstündə ətəyini qaldıraraq rəqs edən qadının fotosu çoxlarına tanışdır və bu qadının 18 il SSRİ-yə rəhbərlik etmiş Leonid İliçin qızı Qalina Brejneva olduğu da məlumdur. Bu foto bir müddət kommunist rejiminin ifadəsi kimi qərb mətbuatında da tirajlanıb. Amma yəqin ki, fotonun müəllifinin kim olduğundan və hansı şəraitdə çəkilməsindən çoxları məlumatsızdır.
Sözügedən foto 1992-ci ildə Moskvada çəkilib. Həmin vaxt nə SSRİ var idi, nə Kommunist Partiyasının mütləq hakimliyi, nə də Leonid Brejnev. 1990-cı illərin qarışıq Moskvasında insanlar hər gün bir “yenilik”lə üzləşirdilər. Bu “yenilik”lərdən biri də psixoterapevt, ekstrasens Anatoli Kaşpirovskinin “qeyri-adi” müalicə üsulu idi ki, o, hətta məsafədən televizor vasitəsi ilə insanları müalicə etmək “gücünə” malik idi...
Kimisi ciddi, kimisi qeyri-ciddi qəbul etsə də, həmin dövrlərdə Kaşpirovskinin seanslarında “pasiyent” izdihamı yaşanıb. Qalina Brejneva da alkoqolizmdən xilas olmaq üçün Kaşpirovskinin xidmətlərindən yararlanmağa çalışıb. Ekstrasens Brejnevin qızını müalicə edə bilməsə də, Qalina arabir seanslarda iştirakını davam etdirib. Belə seansların birində tanınmış fotoqraf, Amerikada və Avropanın bir sıra ölkələrində sərgiləri nümayiş edilən Yuri Rıbçinski də iştirak edib. Fotoqraf seansa “müalicə” üçün yox, fotoreportaj hazırlamaq üçün gəlib. Seansdan sonra Rıbçinski ilə Kaşpirovski səhnə arxasında ayaqüstü söhbət edərkən söhbətə Qalina da qoşulub. Görüş zamanı Qalina Rıbçinskini öz mənzilinə qonaq çağırıb. Fotoqraf Brejnevin qızının təklifini böyük məmnunniyyətlə qəbul edib.
Təyin edilmiş vaxtda Rıbçinski çantasını götürərək Qalinanın mənzilinə təşrif buyurub. Evdə Qalinadan başqa daha 5-6 nəfər olub ki, fotoqraf onların heç birini tanımayıb. Bu dəvətdə məqsədin nədən ibarət olduğunu anlamayan Rıbçinski heç mənzildəki vəziyyəti də anlamayıb. Hər yerdə içki şüşələri, yüksək tonda musiqi, səliqəsiz otaqlar, sərxoş vəziyyətdə olan adamlar. Rıbçinski aldadıcı bir manevrlə dəstəyə qoşulub, özünü bu dəstənin bir üzvü kimi aparmağa çalışıb, mühitə alışdıqdan sonra fotokamerasını işə salıb. Fotoqrafın mənzildən nə vaxtdan çıxdığandan isə heç kimin xəbəri olmayıb.
Səhərisi gün Qalina Rıbçinskinin ev telefonuna zəng vurub. Səsinin tonunda bir az əsəb və qəzəb hiss olunub:
- Dünənki çəkilişlər heç bir yerdə görünməməlidir.
Bu tonda ultimatum fotoqrafın heç də xoşuna gəlməyib:
- Mən həvəskar fotoqraf deyiləm, peşəkaram və siz də bunu yaxşı bilirsiniz. Peşəkarlar isə ən maraqlı məqamları çəkirlər. O ki qaldı sizin fotolarınızı hansısa redaksiyalara göndərməyə, hələ ki belə bir sifarişim yoxdur.
Qalina yenidən hədə-qorxu ilə danışıb:
- Sifariş olsa belə buna görə mən sizi öldürərəm. Sizi öldürməyə adam tapmaq mənim üçün çətin deyil.
- Mən sizinlə mədəni danışıram, siz isə mənə təzyiq göstərirsiniz, hədə-qorxu gəlirsiniz. Mən bu mövzu ilə bağlı söhbəti davam etdirmək istəmirəm.
Bu sözlərdən sonra Rıbçinski dəstəyi asıb. Həmin foto isə bu hadisədən bir neçə il sonra, Qalina Brejneva psixiatriya xəstəxanasında saxlanılanda mətbuata yol açıb.
Rıbçinskinin fotoqraflıq fəaliyyətində belə hadisələr az olmayıb. Hələ 1970-ci illərin sonlarında Vladimir Vısotski xüsusi müalicə müəssisəsində alkoqolizmdən və narkotik asılılığıdan müalicə alanda fotoqraf əfsanəvi müğənnini də hədəf seçməyi bacarıb. Vısotskinin “fotosessiyasında” tibb bacısının ona iynə vurduğu, tibbi yara bandı yapışdırdığı kadrlar da yer alıb. Bu “qəfil” çəkilişlərin səhərisi günü Vısotski Rıbçinskini xəstəxanaya dəvət edib:
- Dünənki şəkilləri sən özün üçün saxlayarsan, onları mətbuata vermək nə sənə, nə də mənə yaraşmaz. Mən sabah səni “Mersedes”də şəhərdə gəzdirərəm. Bu gəzintidə daha maraqlı fotolar alınar.
Rıbçinski Vısotskinin xahişini qəbul edib. Səhərisi gün onlar Moskvanın küçələrində çox az görünən “Mersedes”lə şəhərdə gəzintiyə çıxıblar.
Qeyd edək ki, 1935-ci ildə Ukraynanın Zaporojye vilayətinin Berdyansk şəhərində anadan olan Rıbçinski Moskva Əlvan Metallar İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib. Tələbəlik illərindən jurnalistikaya və foto sənətinə böyük maraq göstərən Rıbçinski bir müddət Sibirdə geoloq işləyib. 1962-ci ildən isə fəaliyyətini jurnalistika sahəsində, aylıq “Sovetskiy soyuz” jurnalında əvvəlcə ədəbi işçi, sonra fotomüxbir kimi davam etdirib. Jurnal 19 dildə çap olunub və 100-ə yaxın ölkədə yayılıb. Rıbçinski 14 il Mərkəzi Komitənin nəzarətində olan bu mətbu orqanda çalışsa da, o, bu illər ərzində “ütülü” məqalələrə və sifarişli fotolara adət edə bilməyib. 1968-ci ildə Çexoslovakiya hadisələrini, “Praqa baharı”nı lentə aldıqdan sonra isə Rıbçinski üçün saxta kommunist ideolgiyası ilə barışmaq daha çətin olub. O, nəhayət bu “çətinlik”dən 1975-ci ildə qurtulub. Həmin il Rıbçinski yerli partiya komitələrindən təşkilat və müəssisələrə göndərilən və imzalanması məcbur sayılan “Stokholm sülh müraciəti”nə imza atmaqdan imtina edib. Bu imtinadan sonra o, işindən azad edilib. Heç bir redaksiyanın Rıbçinskini işə qəbul etməyə cürəti catmayıb. Az qala “xalq düşməni” kimi qəbul edilən fotoqraf qazanxanada fəhlə işinə düzəlib. Bir neçə ildən sonra isə o, müstəqil fotoqraf kimi fəliyyətə başlayıb, 1980-ci ilin ortalarında “Nauka i Texnika” jurnalı Rıbçinskinin fotomüxbir kimi işə qəbul edib.
1980-ci illərin “perestroyka”sı Rıbçinskinin foto yaradıcılığı üçün geniş meydan aşıb. Onun “Türmə”, “Ayıltma məntəqəsi”, “Yenidənqurma”, “Küçə”, “Şəhər” adları altındakı silsilə fotoları təkcə süquta doğru gedən SSRİ-də yox, xarici ölkələrdə də böyük populyarlıq qazanıb.
1993-cü ildə Rıbçinski həmkarı Eduard Qladkovla birlikdə Moskvada ilk olaraq “Foto kolleksiyaları muzeyi”ni yaradıb. Eyni zamanda dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da onun fotolarından ibarət sərgilər nümayiş etdirilib.
Yuri Rıbçinski 11 mart 2013-cü ildə, 87 yaşında vəfat edib.
İlham Cəmiloğlu
"Paralel.az"