Sokolov Qorbaçov üçün arzuolunmaz marşal sayılıb - Maraqlı faktlar
Ən yeni tarix
Ginnesin rekordlar kitabına düşən nazir – Sokolov Qorbaçov üçün arzuolunmaz marşal sayılıb.
70 illik mövcudluğu dövründə SSRİ-nin hərbi strukturunda cəmi 41 nəfər Sovet İttifaqı marşalı (ayrı-ayrı qoşun növləri üzrə marşallar nəzərdə tutulmur) rütbəsini daşıyıb. Onlardan 20 nəfəri bu rütbəni İosif Stalinin hakimiyyəti dövründə alıblar. Qeyd edək ki, Sovet İttifaqı marşalı rütbəsi 22 sentyabr 1935-ci ildə SSRİ Xalq Komissarları Soveti və Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə təsis edilib və ilk olaraq bu ali hərbi rütbə Vətəndaş müharibəsindəki xidmətlərinə görə 5 nəfərə - Kliment Voroşilov, Mixail Tuxaçevski, Aleksandr Yeqorov, Vasili Blüxer və Semyon Budyonıya verilib.
Sovet marşalları hərbi xidmətlərində və şəxsi həyatlarında bir çox maraqlı hadisələrlə yadda qalıb. Onlardan 6 nəfərinin rütbəsi əlindən alınıb, həbsə düşənlər də olub, intihar yolunu seçənlər də, qələbə marşalı adını qazananlar da və s. Hətta marşallar arasında Ginnesin rekordalar kitabına düşən də olub. Sergey Sokolovun adı bu kitaba dünyanın ən uzunömürlü hərbi vəzifəlisi kimi düşüb.
Sergey Sokolovun həyatı təkcə bu rekordla deyil, bir çox maraqlı hadisələrlə zəngin olub. 101 il ömür sürən marşal sovet-alman müharibəsinin iştirakçısı olan həyat yoldaşından 2 gün sonra vəfat edib. Marşalın ən yaxın dostu və cəbhə yoldaşı Sokolovun ölüm xəbərini eşidəndə ürəktutmasından vəfat edib.
1911-ci ildə Krımda anadan olan Sokolov 9 illik təhsilindən sonra fəhlə kimi ilk əmək fəaliyyətinə başlayıb. İşlədiyi kombinatda komsomol təşkilatının fəal üzvü olan Sokolov gələcək həyatını komsomol və partiya orqanları ilə bağlamağı arzulayıb. Ancaq hərbi xidmətə getdikdən sonra o, planlarını dəyişib, Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq üçün imtahan verib və yüksək qiymətlər alaraq həmin məktəbin müdavimi olub.
Hərbi təhsil aldıqdan sonra Sokolov zabit kimi Uzaq Şərq Hərbi Dairəsində tank qoşunlarında xidmətə başlayıb. Sovet-alman müharibəsi başlananda isə onun xidməti yerini Qərb cəbhəsinə dəyişiblər, Sokolov tank alayının qərargah rəisi vəzifəsində ən ağır döyüş bölgələrində xidmətini davam etdirib, uğurlu hərbi əməliyyatlara imza atıb.
Müharibədən sonrakı dövrdə Sokolov təhslini Stalin adına Zirehli Texnika Qoşunları Akademiyasında və Voroşilov adına Ali Hərbi Akademiyada davam etdirib.
1952-ci ildə Stalinin təşəbbüsü ilə Sokolov silahlaı qüvvələrin tank qoşunlarına komandan təyin edilib və general-mayor rütbəsi alıb. Məhz bu təyinatdan sonra onun hərbi karyerasında sürətli yüksəliş başlayıb.
Siyasi preseslərə, Kremldəki qruplaşmalara baş qoşmayan və müdaxilə etməyən Sokolovun sovet liderləri ilə heç vaxt problemi olmayıb. Onun adı heç bir qalmaqallı hadisədə hallanmayıb. Sokolov “sözəbaxan general” kimi 1967-ci ildə SSRİ müdafiə nazirinin birinci müavini vəzifəsinə təyinat alıb. 1978-ci ildə isə ona Sovet İttifaqı marşalı rütbəsi verilib.
Sovet hərbi kontingentinin Əfqanıstana yeridilməsində Sokolovun böyük rolu olub. Məhz qoşunların Əfqanəstana göndərilməsinə o rəhbərlik edib.
1984-cü ildə nüdafiə naziri Dmitri Ustinovun vəfatından sonra Kremldə yeni nazirin kim olacağı müzakirə ediləndə namizədlər arasında Sokolovun adı ümimiyyətlə hallanmayıb. 73 yaşlı marşalın nazir təyin olunacağını heç kim düşünməyib. İddialılar arasında daha cavan və marşal rütbəsi daşıyanlar olsa da, həmin dövrdə baş katib olan Konstantin Çernenko Siyasi Büroda gözlənilmədən Sokolovun namizədliyini irəli sürüb və büro üzvləri Çernenkonun təşəbbüsünü qəbul ediblər. Beləliklə, 73 yaşlı marşal Sokolov 22 dekabr 1984-cü ildə SSRİ-nin müdafiə naziri vəzifəsini tutub.
Sokolovun nazir vəzifəsində “rahat” işləməyi uzun sürməyib. 11 mart 1985-ci ildə Mixail Qorbaçov baş katib kürsüsünə sahib olduqdan sonra Sokolovun da narahat günləri başlanıb. Qorbaçov üçün Sokolov heç də arzuolunan nazir sayılmayıb. Baş katib öz komandasını formalaşdıranda müdafiə nazirini də dəyişməyə çalışıb. Amma Sokolovu vəzifəsindən uzaqlaşdırmaq üçün heç bir tutarlı səbəb olmayıb. Digər bir tərəfdən Sokolovun silahlı qüvvələrdəki böyük nüfuzu da Qorbaçova mane olub.
Nəhayət, 1987-ci ildə Sokolovu nazir vəzifəsindən kənarlaşdırmağa səbəb tapılıb. 1987-ci ilin mayın 28-də Hamburq şəhərində doğulan, milliyətcə alman olan 19 yaşlı Matias Rust “Sessna” idman təyyarəsi ilə SSRİ sərhədlərini maneəsiz pozaraq birbaşa Moskvaya, Qızıl meydana eniş edib. Bu hadisə böyük səs-küyə səbəb olub. Hadisə ilə bağlı Kremlin ilk qərarı isə müdafiə nazirinin istefa verməsi ilə bağlı olub, Qorbaçovun göstərişi ilə SSRİ-nin müdafiə naziri marşal Sokolov istefa ərizəsini yazıb, 300-dən artıq ali və yüksək rütbəli zabitlər vəzifəsindən azad edilib.
Nazir kürsüsünü təhvil verdikdən sonra Sokolov SSRİ Müdafiə Nazirliyində generallardan ibarət baş müfəttişlər qrupuna rəhbərlik edib.
Sergey Sokolovun iki oğlu da atalarının yolunu davam etdiriblər, onların hər ikisi general-polkovnik rütbəsinə qədər yüksəliblər.
Marşal Sokolov 2012-ci ildə 101 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib. Dəfn mərasimi hərbi şərəflə keçirilib.
İlham Cəmiloğlu, "Paralel.az"