Dr.Eldəniz Hüseynov: “Ürək tomoqrafiyası bir çox ürək xəstəliklərinin müalicəsində bələdçidir”.

Dr.Eldəniz Hüseynov: “Ürək tomoqrafiyası bir çox ürək xəstəliklərinin müalicəsində bələdçidir”.
 

Bu gün həyat tərzinin dəyişməsi və stress səbəbindən şəkərli diabet, böyrək xəstəlikləri, insult, yüksək təzyiq və ürək-damar xəstəlikləri olan insanların sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının son araşdırmaları göstərir ki, ürək-damar xəstəlikləri ölüm hallarının əsas səbəbidir.

Ürəyin kompüter tomoqrafiyası (KT) orqanın toxumalarının vəziyyətini qiymətləndirməyə, ürək əzələsinin zədələnməsinin və ürək qüsurunun olub-olmadığını müəyyən etməyə imkan verir.

Ürək tomoqrafiyası müasir qeyri-invaziv yolla, yüksək dəqiqliklə həyata keçirilən diaqnostik prosedurdur. Ürəyin quruluşunu, həmçinin, koronar damarların vəziyyətini qiymətləndirən bu metod haqqında suallarımızı Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman, radioloq Dr.Eldəniz Hüseynova ünvanladıq. Müsahibəni diqqətinizə çatdırırıq.

-Eldəniz həkim, ürək koronar KT angioqrafiya barədə nə deyə bilərsiz?

-Ürək tomoqrafiyası/koronar KT angioqrafiya, xüsusən də koronar arteriyalar ilə əlaqəli olmaqla, ürəyin anatomik quruluşunun qiymətləndirilməsində və bir çox ürək xəstəliklərinin müalicəsində bələdçi olaraq istifadə edilən, kontrast maddə istifadə edilərək çəkilən tomoqrafik görüntüləmə üsuludur.

Bu metoddan kardiologiyada infarkt, insult və digər həyati təhlükəli vəziyyətlərin erkən qarşısının alınması məqsədilə, gizli patologiyaların diaqnostikasında istifadə olunur.

-Ürək tomoqrafiyası/koronar KT angioqrafiyanın tətbiq sahələri hansılardır və hansı xəstəliklərdə istifadə olunur?

-Ürək tomoqrafiyası/Koronar KT angioqrafiya koronar arteriya xəstəliyi, perikard xəstəlikləri, anadangəlmə (konjenital) ürək xəstəlikləri, ürək törəmələri, qapaq və protez qapaq xəstəlikləri kimi bir çox ürək xəstəliklərinin müalicəsi üçün yol göstəricisidir.

-Ürək tomoqrafiyası/koronar KT angioqrafiyanın üstünlükləri hansılardır?

-Koronar KT angioqrafiyanın üstünlükləri aşağıdakılardır:

-görüntünün keyfiyyəti çox yüksəkdir;

-koronar arteriya xəstəliyində görüntü yüksək dəqiqlikdə verildiyi üçün ona daha çox üstünlük verilir. Mürəkkəb və sadə anadangəlmə ürək xəstəliklərində anatomiya və damar əlaqələri haqqında yüksək səviyyədə məlumat verir;

-çəkiliş üçün 5-7 dəqiqəyə qədər qısa vaxt tələb olunduğundan və MRT-də olduğu kimi səs-küy problemi olmadığı üçün xəstələrdə narahatlıq yaratmır;

-prosedur zamanı və sonra ağrı olmur;

-stent qoyulması və ya bypass əməliyyatı keçirmiş insanlarda və ya daha əvvəl koronar arteriya xəstəliyi olduğu bilinməyən xəstə qrupunda təhlükəsiz şəkildə tətbiq oluna bilər. Koronar anatomiya və stenoz səviyyələri haqqında ətraflı məlumat əldə etmək olar.

-Bəs ürək tomoqrafiyası/koronar KT angioqrafiyanın çatışmazlıqları barədə nə deyə bilərsiz?

-Bu məsələ ilə bağlı olaraq iki mühüm məqamı nəzərə almaq lazımdır. Ürək tomoqrafiyasına radiasiya daxildir və böyrək çatışmazlığı olan xəstələrdə kontrast maddə təhlükəli ola bilər. Mərkəzimizdə pasiyentlərimizin bədən səthinin sahəsinə, bədən quruluşuna və damarlarındakı kalsifikasiya dərəcəsinə görə minimum şüalanma almasını təmin edən üsullar tətbiq edilir. Kontrast maddənin miqdarı da xəstənin xüsusiyyətləri nəzərə alınmaqla minimum səviyyədə saxlanılır.

-Hansı xəstələrə ürək tomoqrafiyası/koronar KT angioqrafiyası olmaz?

-Prosedur zamanı kontrast maddə istifadə edildiyindən xroniki böyrək çatışmazlığı olan xəstələrdə mütləq xəstənin həkimi və nefrologiyası tərəfindən ilkin qiymətləndirilmə aparılaraq prosedura qərar verilməlidir. Kiçik diametrli stentləri olan xəstələrdə də koronar KT angioqrafiyası optimal nəticə verməyəcək. Radiasiya almamağı üstünlük verilən xərçəng xəstələri üçün tomoqrafiya tələb olunarsa, minimum şüa dozası diqqətə alınaraq çəkiliş aparılır. Bundan başqa, prosedur bütün xəstələrə tətbiq oluna bilər.

-Ürək tomoqrafiyasında allergiya riski varmı?

-Prosedur zamanı verilən kontrast maddəyə bağlı olaraq allergiya inkişaf edə bildiyi üçün xəstədən prosedur etməzdən əvvəl ətraflı allergiya tarixi alınır. Allergiya olması ehtimalı olan xəstələrdə qoruyucu dərmanlar verildikdən sonra prosedur həyata keçirilir və xəstə prosedurdan sonra daha uzun müddət müşahidə altında saxlanılır. Anafilaktik şok kimi ciddi allergik hekayəsi olan xəstələrdə Allergiya şöbəsinə müraciət edilir və ehtiyat tədbirləri müzakirə edilir.

-Ətraflı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova

"Paralel.az"

 

0.0140540599823