Mixaylo onu səbəbsiz yerə bıçaqlayıb - maraqlı faktlar

Mixaylo onu səbəbsiz yerə bıçaqlayıb - maraqlı faktlar
 

Ən yeni tarix. Maraqlı faktlar.

Mühafizəçisiz gəzən nazirin gözlənilməz qətli – Mixaylo onu səbəbsiz yerə bıçaqlayıb.

Onun yanında heç vaxt mühafizəçilər görünməyib. Statusuna görə mühafizə xidmətindən istifadə etmək hüququ olsa da, Anna Lind bu xidmətdən istifadə etməyib. Hətta kütlələr qarşısına çıxanda da, seçki kampaniyası zamanı keçirdiyi görüşlərdə də o, hər hansı bir təhlükənin, insidentin, xoşagəlməz hadisənin baş verəcəyini düşünməyib.

Adətən İsveçdə əksər siyasi və ictimai xadimlər mühafizə xidmətinə ehtiyac duymurlar. Amma görünür ki, ən demokratik ölkələrdə belə siyasətçilərin mühafizəsi vacibdir. Yəqin ki, İsveçin xarici işlər naziri (1998-2003-cü illər) Anna Lindin yanında mühafizəçilər olsaydı, onun həyatına qəsd etmək mümkün olmayacaqdı.

Anna Lind 1957-ci ildə Stokolmda anadan olub. O, ölkəsinin siyasi həyatına hələ 12 yaşı olanda qədəm qoyub, Vyetnam müharibəsinə qarşı keçirilən etiraz aksiyalarına qoşulub, İsveç Sosial Demokrat Gənclər Liqasının fəal üzvlərindən biri olub.

Orta təhsilini başa vurduqdan sonra Anna Lind Uppalsa universitetində hüquq təhsili alıb. Universiteti bitirdiyi il o, İsveç parlamentinə üzv seçilib. Anna Lind prlamentin ən gənc üzvü olub. O, eyni zamanda İsveç Sosial Demokrat Gənclər Liqasına rəhbərlik edib.

Anna Lind vəzifə və siyasi karyerasında sürətlə irəliləyib. Artıq 1994-cü ildə o, İsveç hökumətində təmsil olunub, ekologiya naziri vəzifəsini daşıyıb. Dörd ildən sonra isə İsveçin xarici işlər naziri vəzifəsinə təyin edilib.

İsveçi bir sıra beynəlxalq təşkilatlarda təmsil edən Anna Lind çox qısa müddətdə populyarlıq qazanıb, özü haqqında mükəmməl diplomat imici təəssüratını formalaşdırmağı bacarıb.

Nazir olduğu dövrdə İsveçdə keçirilən sorğularda respondentlərin əksər hissəsi Anna Lindin gələcəkdə baş nazir olacağına əminliklərini bildirib.

Anna Lind 1991-ci ildə İsveçin tanınmış siyasətçilərindən biri, ölkənin siyasi elitasında nüfuzu olan, qubernator, mülki işlər üzrə nazir vəzifələrində işləmiş, parlamentin üzvü Bo Xolmberqlə ailə həyatı qurub. Çütlüyün 1991 və 1995-ci illərdə iki oğul övladları dünyaya gəlib.

Anna Lind dövlət məmurları arasında son dərəcə sadə olmağı ilə fərqlənib. O, özünü sıravi vətəndaşlardan heç nə ilə fərqləndirməyib. Hamı kimi ümumi istirahət məkanlarında dincəlib, sıravilərlə eyni ticarət mərkəzlərində alış-veriş edib, bu məkanlarda kimsə ona hansısa bir sualla müraciət edəndə həmin sualları ətraflı cavablandırıb. Bir sözlə, məmur olması onun sərbəstliyini əlindən almayıb. Amma bu sərbəstlik Anna Lində baha başa gəlib.

10 sentyabr 2003-cü ildə Anna Lind Stokolmun mərkəzindəki supermarketlərin birində alış-veriş edərkən ona qəfil hücum olunub. Xanım siyasətçiyə hücum edən şəxs ona bir neçə bıçaq zərbəsi endirib və aradan çıxmağa nail olub. Naziri təcili olaraq xəstəxanaya çatdırıblar. Həkimlər bir neçə saat Anna Lindin həyatı uğrunda mübarizə aparıblar. Bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sentaybrın 11-də səhər saatlarında Anna Lind aldığı bıçaq yaralarından vəfat edib.
İsveçin hüquq-mühafizə orqanlarının apardıqları əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saatlar ərzində saxlanılıb. Bu, əslən serb olan 24 yaşlı İsveç vətəndaşı Mixaylo Mixayloviç olub.
Anna Lindin qətli ilə bağlı məhkəmə prosesində yüzə yaxın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. O cümlədən xarici ölkələrin jurnalistləri də. Bir sıra radio və televiziya kanalları məhkəmə prosesini birbaşa yayımlayıblar.

Prosesdə Anna Lindin həyat yoldaşı iştirak etməyib. Hadisə ailə üzvlərini o dərəcədə sarsıdıb ki, onların bir müddət İsveçdə qalmaqları mümkün olmayıb. Həkimlərin tövsiyəsi ilə Anna Lindin həyat yoldaşı və iki oğlu ölkəni tərk edərək Cənubi Afrikaya gediblər.

Bo Xolmberq ölkəni müvəqqəti tərk etsə də, o, vəkili vasitəsilə qətli törədəndən 35 min dollar təzminat tələb edib.

Mixaylo Mixayloviç tərətdiyi cinayəti etiraf edib. Amma onu da bildirib ki, məqsədi heç də naziri qətlə yetrimək olmayıb. O qeyd edib ki, birdən qulağıma səs gəldi ki, Anna Lində hücum edim. Qatil onu da vurğulayıb ki, bu cinayəti törətmək siyasətə olan nifrətindən irəli gəlib, məhz bu gün aparılan siyasət nəticəsində o, heç bir uğur əldə edə bilməyib.

Məhkəmənin hökmü ilə Mixaylo Mixayloviç ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Prosesdən sonra qatilin vəkili apelyasiya məhkəməsinə müraciət edib. Növbəti araşdırma zamanı Mixaylo Mixayloviçin psixoloji durumunda problemlər aşkar edilib və o, cəza müəssisəsindən psixiatrik xəstəxanaya köçürülüb.

Proses bununla da yekunlaşmayıb. Son olaraq 2004-cü ildə İsveç Ali Məhkəməsi qatil haqqında dəyişilməyən hökm çıxarıb. Mixaylo Mixayloviç həbsxanaya qaytarılmaqla ömürlük azadlıqdan məhrum edilib.

İlham Cəmiloğlu

"Paralel.az"

0.066403150558472