Bina yararsızdır amma, işbazlar əl çəkmir
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Xanım Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının
Baş Naziri cənab Əli Əsədova;
Surəti: Azərbaycan Respublikasının
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova;
Surəti: Azərbaycan Respublikasının
Milli Məclisinin sədri Sahibə Qafarovaya;
Surəti: Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman hörmətli Səbinə Əliyevaya;
Surəti: Azərbaycan Respublikasının qəzet və sayt rəhbərlərinə.
Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı yaşayış binasının sakinləri tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Qardaş Türkiyədə on bir əyalətdə baş vermiş, 50 mindən çox insanın məhvinə, 150 mindən çox insanın şikəst olmasına səbəb olan dəhşətli zəlzələdən sonra, qonşu İranda və Suriyada bir-birinin ardınca baş verən zəlzələlərdən sonra paytaxt Bakıda və Sumqayıtda köhnə, 4-5 bal gücündə zəlzələyə dözməyən binaların acı taleyi bu binlarda yaşayan insanları çox narahat edir. Tikiləndə təməli möhkəm qoyulmayan, yüksək ballıq zəlzələ dayanıqlığı nəzərə alınmayan binaların yerlə-yeksan olması an məsələsidir. Bu baxımdan sovetdən qalma binalar daha yüksək risklidir və onların dözümlülüyünə zəmanət yoxdur.
Hörmətli cənab Prezident!
Sovet dövründə inşa edilən 3-4 mərtəbəli binaların çoxunun istismar müddəti başa çatıb. Sovetdənqalma digər binaların təbii fəlakətə davamlılığına heç bir zəmanət yoxdur. Binalar möhkəm özül üzərində tikilsə belə, sonradan binalara edilən artırmalar binaları çox yükləyib. Bu artırmalar binanın təməlini zədələyib və binaya əlavə ağırlıq salır. Onsuz da istismar müddəti bitmiş köhnə binalar sonradan edilən artırmaların təsirilə əyilir. Yəni təbii fəlakət zamanı təhlükəli riski yüksəlir.
Sumqayıt şəhərində 30-cu məhəllə yerləşən 2A/15 saylı yaşayış binası da risk qrupuna aid olan binadır. 32 mənzildən ibarət 4 bloklu 4 mərtəbəli yaşayış binası sonradan qanunsuz olaraq 4 tərəfdən artırılıb. Binanın bəzi sakinlərin vaxtilə müvafiq qurumların “vasitəçiliyi ilə” sonradan etdiyi artırmalar nəticəsində bina çox yükləndiyindən, çökmək və uçmaq təhlükəsilə üz-üzrədir. Binaya sonradan edilən qeyri-simmetrik artırmalarda dar sütunlardan və borulardan istifadə edilib. Konstriktiv möhkəmliyi çox zəifdir. Təhlükə anında bu bina texnoloji baxımdan standartlara cavab vermir.
Hörmətli cənab Prezident!
Məlumdur ki, heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Dünyanın tərtib edilmiş seysmik xəritəsində Azərbaycan da fəal seysmik zona hesab olunur. Bəzi sakinlərin tamahı güc gəlir, artıq yer qazanmaq üçün başqalarının həyatlarını da risk altına atırlar. Yerli qurumlar bu cür qanunsuz artırmaların qarşısını almaq əvəzinə, maddi maraqlarını ödəmək hesabına belə hallara göz yumurlar.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirik Sumqayıt şəhəri 30-cu məhəllə ərazisində yerləşən 2A/15 saylı yaşayış binasında bəzi sakinlərin sonradan etdikləri artırmaların standartlara uyğunluğunun yoxlanılması üçün öz köməyinizi əsirgəməyəsiniz.
Göstərəcəyiniz kömək üçün öncədən Sizə minnətdarlığımızı bildiririk, cənab Prezident!
Hörmətlə, Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı yaşayış binasının sakinləri adından Əliyeva Yasəmən
telefon. 546-72-64