Əhmədova hücum edənlər yalnız şəxsi qazanc barədə düşünür
Milli Məclisin srağagünkü iclası deputat Vahid Əhmədovun üzərinə həmkarlarının genişmiqyası hücum etməsi ilə tarixə düşdü. Xalq arasında daha çox "millətdən uzaq milli məclis" adlandırılan MM - də saxta mandatla uzun illər deputat kürsülərində əyləşən və qocalan deputatlar Vahid müəllimə çox qızmışdılar. Saxta mandatla MM-də oturmalarına heç kimin şübhə etmədiyi cavanlardan ibarət olan "xor kapellası" da "müxalifət" cildi geydirilmiş birinin başçılığı ilə təhqir və söyüş növbəsi tutmuşdular.
V. Əhmədovun MM-də oturan deputatların saxta seçilməsi barədə əsl həqiqəti bloger Mehman Hüseynova verdiyi müsahibədə dilə gətirməsi, deputatın başını “edam kötüyü” üzərinə qoymaq barədə təklifin səslənməsinə qədər məsafə çox az qaldı.
MM-də deputat kürsülərində qocalmış, xalqın seçmədiyi, lakin xalq adından saxta mandatla 20, 25, 30 il deputat kürsüsünü zəbt etmiş, MM iclaslarına gəlməkdən başqa, dövlət və xalq üçün heç bir iş görməyən, lakin hər ay dövlətdən 5-6 min manat maaşı alan şəxslərin həqiqəti etiraf edən deputat Vahid Əhmədovu hədəfə alması xalqın kəskin qəzəbinə səbəb oldu.
MM-də deputat V. Əhmədova hücum edənlərin kimliyinə fikir verin: hücum edənlərin həqiqətdən necə qorxduqları aydın göründü. MM-də saxta mandatla oturduqlarına görə, bu deputatlar onsuz da güclənən millət nifrətini xeyli gücləndirdi.
V. Əhmədovun üzərinə qərəzli hücumu təşkil edənlər əslində, bu cür hərəkət etməklə, söz və ifadə azadlığına yanlış münasibət göstərdiklərini ortaya qoymaqla özlərini ifşa etdilər. Bir daha xalqa aydın oldu ki, MM-də saxta mandatla oturan deputatlar yarasa günəşdən qorxduğu kimi, həqiqətdən çox qorxurlar.
Xalq, xüsusən ölkənin Şimal bölgəsində yaşayan insanlar deputat V. Əhmədovun xalq və dövlət üçün göstərdiyi deputat fəaliyyətindən çox razıdır. Çünki o, daim harada çıxış etməsindən asılı olmayaraq, xalqın və dövlətin güclənməsinə maneə olan rüşvətxor və korrupsioner məmurların fəaliyyətindən və məmurların, deputatların qanunsuz biznes fəaliyyətilə məşğul olmalarından və ölkədə qiymətlərin hər gün yüksəlməsini doğuran səbəblərdən danışır.
Həm də V. Əhmədov MM-də əyləşən çox azsaylı deputatlardan biridir ki, hər yerdə hər gün ölkədə baş verən qanunsuzluqdan, haqsızlıqdan, rüşvət və korrupsiya mühitinin hər gün gərginləşən sosial-iqtisadi böhranın getdikcə daha da dəriləşməsi barədə həyacan təbili çalır.
Xalq V. Əhmədova hücum edən deputatların onların xeyirinə hər hansı məsələ barədə MM-də danışdığının şahidi olmayıb. Yaxud, hər il dövlət büdcəsinin 40 faizi ayrılan, dağıdılan və ölkə əhalisinin yarısının sosial durumunu bərbad hala salan, Qarabağ müharibə veteranlarını 80 manata möhtac qoyan, açıq-aşkar müharibə əlillərinin, veteranlarının çətin sosial duruma etiraz olaraq, 50 nəfər əlilin özünü yandırmağa sövq edən ƏƏSM naziri Sahil Babyevin ünvanına həmin deputatların bir tənqidi çıxışına xalq rast gəlməyib.
Sorğu vasitəsilə rəyi soruşulan xalq hesab edir ki, deputat V. Əhmədovun MM-də həmkarları tərəfindən hücuma məruz qalmasının əsl səbəbi bloger Mehman Hüseynova verdiyi müsahibəsində etiraf etdiyi həqiqətlərdən daha çox, bu gün xalqın sosial-iqtisadi baxımdan pis duruma düşməsinə görə cavabdeh olan, tənqid etdiyi ƏƏSMN rəhbəri Sahil Babayevin işlədiyi nazirlikdən faydalanan deputatlar vasitəsilə təşkil etdiyi qərəzli hücumdur.
Qeyd edim ki, V. Əhmədov onun üzərinə hücum çəkən həmkarlarına çox sanballı cavab verdi. MM-in İntizam komissiyası ilə onu hədələyənlərə dedi ki, komissiyanın suallarına cavab verməyə hazırdır. Özünün dediyi kimi, xalq onu həmişə dövlət adamı kimi, eyni zamanda, xalqı düşünən insan olaraq tanıyır və güman edirik ki, həmkarlarının bu qərəzli hücumdan sonra da deputat Əhmədov xalq və dövlət üçün fəaliyyətinə davam edəcək.
Hesab edirəm ki, ölkə Prezidenti cənab İlham Əliyev yaxından tanıdığı, deputat kimi etibar etdiyi, ölkənin güclənməsi naminə məmurları və fəaliyyətsiz deputatları tənqid etməklə, fədakarlıq göstərən deputat V. Əhmədovu, R. Mehdiyev döv-ründən qalma, ölkədə real durumu süni vasitələrlə çətinləşdirən, dövlətin güclənməsinə və xalqın firavanlığına biganəlik göstərən, yalnız öz xeyirinə çalışan qərəzli şəxslərin hücumlarının nəyə xidmət etdiyini dəqiq müəyyən edəcək.