Maraqlı tarixi faktlar

Maraqlı tarixi faktlar
 

Ən yeni tarix. Maraqlı faktlar.

Helmut Kol sovet generalını niyə tərifləmişdi? – Yeltsin də Dubininə rəğbət bəsləyib.

1945-ci ildən, II dünya müharibəsindən sonra sovet qoşunlarının bir sıra xarici ölkələrdə yerləşdirilməsi çətin, mürəkkəb, əks qütbdə olan dövlətlərlə gərginlik yaradan hərbi siyasi prosedur olduğu kimi, sovet hərbi kontingentinin 1990-cı illərdə həmin ölkələrdən çıxarılması da kifayət qədər problemli olub. Belə problemlərdən biri də Polşada baş qaldırıb.

Qeyd edək ki, SSRİ Silahlı Qüvvələri Ali Baş Komandanın 29 may 1945-ci ildə imzaladığı 11097 nömrəli direktivi ilə yaradılmış Şimal Qoşunları Qrupu məhz Polşa ərazisində dislokasiya olunub. Zaman-zaman Şimal Qoşunları Qrupunun şəxsi həyeti və texniki bazası daha da genişləndirilib. 1991-ci ildə bu qrupda 56 min hərbçi, 598 tank, 820 zirehli döyüş maşını, 354 artileriya qurğusu, 300 təyyarə və 134 vertolyot olub və onlar Polşa ərazisində 59 qarnizonda yerləşiblər. Hərbçilərlə yanaşı, Şimal Qoşunları Qrupunda 7 min 500 mülki şəxs də xidmət edib.

1991-ci ilin oktybr ayında sovet qoşunlarının Polşa ərazisindən çıxarılması ilə bağlı tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən bu işin tam yekunlaşmasına iki il vaxt verilib. Razılaşmalar qarşılıqlı anlaşma şəraitində əldə olunsa da, sovet qoşunlarının Polşadan çıxarılması problemsiz ötüşməyib, hətta bu presedurun həyata keçirilməsi zamanı tərəflər arasında gərginlik və anlaşılmazlıq da yaranıb.

Belə ki, Polşa rəhbərliyi Moskvadakı qarışıq siyasi mühitdən istifadə edərək sovet qoşunlarının çıxarılması zamanı böyük məbləğdə pul qazanmaq fikrinə düşüblər. Onlar hər bir hərbi eşelonun tranziti üçün 1 milyon dollar məbləğində vergi tələb ediblər.

Həmin dövrdə Şimal Qoşunları Qrupunun komandanı general-polkovnik Viktor Dubınin olub. Bu məlumat komandana catanda o, Kremlin icazəsi olmadan birbaşa Polşa seyminə yollanıb və tribunaya çıxaraq seym üzvləri qarşısında çıxış edib:

- Cənab polşalılar, biz Polşaya işğalçı kimi gəlməmişik. Biz sizi Hitler Almaniyasından xilas etmişik. Sizin torpaqlarınızda 600 min sovet zabiti və əsgəri qəhrəmancasına həlak olub. İndi mən sizin gözlərinizin içinə baxaraq soruşmaq istəyirəm: sizin vicdanınız var, yoxsa yox? Siz xilaskarınız olan bir ordunun ölkənizdən çıxması üçün pul tələb edirsiniz. Bu tələb mənim ölkəmi, mənim ordumu və şəxsən məni alçaltmaq deməkdir. Bu isə mənim üçün birmənalı şəkildə qəbuledilməzdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, sovet qoşunları Polşadan istənilən vaxt, istənilən yolla orkestrin müşayiəti ilə döyüş bayraqlarını dalğalandıraraq çıxacaq. Biz Polşadan xilaskar kimi çıxacağıq, hərbi əsirlər kimi yox. Tərəfinizdən hər hansı bir problem yaranarsa, mən özümə cavabdeh olmayacağam...

Zala ölü bir sükut çöküb, bir neçə saniyədən sonra isə seym üzvləri ayağa qalxaraq sovet generalını alqışlayıblar. Bu çıxışdan sonra rəsmi Polşa vergi məsələsini bir daha müzakirəyə çıxarmayıb.
Qərb siyasətçiləri və mətbuatı generalın bu çıxışını tarixi bir çıxş kimi xarakterizə ediblər. Hətta Almaniyanın federal kansleri Helmut Kol Viktor Dubıninin bu çıxışından son dərəcə təsirləndiyini dilə gətirməkdən çəkinməyib və jurnalistlərə verdiyi müsahibədə “mən istərdim ki, Almaniyanın belə bir müdafiə naziri olsun” deyə fikrini bölüşüb.

Viktor Dubınin 1943-cü ildə Sverdlovsk vilayətinin Martyuş qəsəbəsində anadan olub. O, Uzaq Şərqdə tank məktəbində və hərbi akademiyasda təhsil alıb.

1984-cü ilə qədər ayrı-ayrı hərbi dairələrdə qərargah rəisi, alay və diviziya komandiri vəzifələrində xidmət edən Dubınin 1984-1987-ci illərdə sovet hərbi kontingentinin Əfqanəstandakı 40-cı ordusuna komandir müavini, sonra isə komandiri vəzifələrinə təyin edilib. Məhz onun Əfqanstandakı xidmət illərində sovet hərbçilərinin ölüm hallları iki dəfə azalıb. Dubınin ilk dəfə olaraq Əfqanıstandakı sovet hərbi kontigentinin qərargahlarında kompüterlərlə işin tətbiqinə nail olub. Əfqanıstan illərində “əfsanəvi komandir” titulunu qazanan general 3 il ərzində 159 uğurlu hərbi əməliyyata imza atıb.

Əfqanıstandan sonra Dubınin xidmətini Belarusiya hərbi dairəsində 7-ci tank ordusunun komandanı, sonra isə, yuxarıda qeyd etdiyimiz kimi, Şimal Qoşunları Qrupunun komandnı vəzifələrində davam etdirib.

10 iyun 1992-ci ildə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin sərəncamı ilə Dubınin Rusiya Silahlı Qüvvələrinin ilk baş qərargah rəisi təyin edilib. O, eyni zamanda müdafiə nazirinin birinci müavini olub.

Yeni vəzifəyə təyinatdan bir ay sonra Dubıninin səhhətində ciddi problemlər yaranıb. General sürətlə inkişaf edən onkoloji xəstəlikdən əziyyət çəkib.

1992-ci ilin oktyabrın 5-də Dubıninə ordu generalı rütbəsi verilib. Rütbəni ona xəstəxanada müdafiə naziri Pavel Qraçov təqdim edib.

Viktor Dubınin 22 noyabr 1992-ci ildə, 49 yaşında vəfat edib. O, hərbi şərəflə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

11 noyabr 2003-cü ildə Dubıninə Əfqanıstandakı döyüşlər zamanı şəxsi şücaətinə və qoşunlara məharətlə rəhbərlik etdiyinə görə (ölümündən sonra) Rusiya Federasiyasının qəhrəmanı adı verilib.

İlham Cəmiloğlu

"Paralel.az"

 

0.031075000762939