"Hazırda ən böyük problemim təqaüdsüzlükdür, 1-2 il ömrüm qalıb" - Xalq artisti

"Hazırda ən böyük problemim təqaüdsüzlükdür, 1-2 il ömrüm qalıb" - Xalq artisti
 

Xalq artisti Ənvər Həsənov moderator.az-ın suallarını cavablandırıb.

- Ənvər müəllim, bu gün ölkəmizdə ilk dəfə olaraq kino forumu keçirilir. Sizcə, bu forumun kino sənətinə bir təsiri olacaq?

- Əlbəttə ki, bir yenilik olacaq. Yeni Mədəniyyət Naziri Adil Kərimlidir. Mən onunla söhbətimdə hiss etdim ki, bu insanın incəsənət xadimlərinə böyük rəğbəti var. Mən ona inanıram və ümid edirəm ki, həqiqətən də kinoda inkişaf olacaq. Gərək ümidlə yaşayaq.

- Azərbaycan kinosunun ən yaraşıqlı oğlanı olmusunuz. Bu gün filmlərdə çəkilmək istəyirsiniz?

- Bəli, filmlərimizin ən yaraşıqlı oğlanı olmuşam. Bu gün çəkilmək istəmirəm. Xəstəyəm, istəmirəm tamaşaçılarım məni belə görsünlər. İllərdir onların sevgisini, məhəbbətini qoruyub saxlamışam. Maşallah, elə ay yoxdur ki, mənim filmlərimi televiziyada göstərməsinlər. Bir gündə 2-3 filmim nümayiş olunur. İndi təəssüflər olsun ki, o vaxt çəkilən filmlər də yoxdur, o filmləri çəkən rejissorlar da. Təki işimiz uğurlu olsun.

- İki kinoittifaq var. Sizcə, bu, düzgündür?

- Mən belə işlərə başımı qarışdırmıram. Düzdür, Şəfiqə Məmmədovadan incikliyimiz var. Həqiqətən də bu neçə illər Azərbaycan kinosunda oldu, bir dəfə də kinomuza əl tutmadı. O yalnız öz dostlarına, yaxınlarına əl tuturdu. Mən bunu bilirdim.

- Öz yaxınları kimlər idi?

- Demək istəmirəm. Onsuz da hamı bilir.

- Siz xəstə olarkən deyirdilər ki, Şəfiqə xanım sizə maddi yardım göstərib. Bu fakt nə dərəcədə həqiqətəuyğundur?

- Mənə yalnız yaxın dostlarım kömək etdi. Onların sayəsində bu gün burdayam. Düzdür, gəlib görüşüb gedirdilər. Şəfiqə demişdi ki, kino ittifaqdan 300 manat pul göndərəcəm sənə. Qızım deyib ki, bizə pul lazım deyil. Bu pulla mənim yaram sağalası deyil. Hazırda ən böyük problemim təqaüdsüzlükdür. 1-2 il ömrüm qalıb. Həkimlərə, dərmanlara çox pul gedir. Əməliyyatlara getməliyəm.

- Sonuncu dəfə film təklifi nə vaxt gəlib?

- Xəstələnməzdən əvvəl təklif gəldi. Sözün düzü mən Sovet tərbiyəsi görmüş insanam. Kinoda da biz hər zaman təmiz, səliqəli sifətlə çıxırdıq. İndi mən saqqallı rejissor, aktyorlarla işləyə bilmərəm. Kimə baxırsan saqqal saxlayır. Azərbaycan televiziyasında yalnız xəbərləri izləyirəm.

- Bu həm də bir imicdir.

- Belə imic olar? Mənimki onlarla tutmaz. 

- İndiyə qədər neçə filmə çəkilmisiniz?

- Azərbaycanda 50 filmə çəkilmişəm. Yaşıma, xarakterimə uyğun olan obrazları yaratmışam. 20 filmdə də rejissor kimi fəaliyyət göstərmişəm. Bəsimdir də. 70 film az deyil ki?

0.017390012741089