Ordumuzdan separatçıları bitirəcək həmlə - Qabil Hüseynli

Ordumuzdan separatçıları bitirəcək həmlə - Qabil Hüseynli
 

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əlaqələrin bərpasının və sülh müqaviləsinin imzalanmasının önəmindən danışdı. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə təkrarladı. Sizcə, Paşinyan bunun davamını gətirəcəkmi? Məsələn, rəsmən Qarabağı Azərbaycan ərazisi olaraq tanıyacaqmı?
- Mənə elə gəlir ki, onun indiyədək söylədikləri Qarabağı Azərbaycan ərazisi kimi tanıması deməkdir. Yəni söylədiklərindən geri çəkilməsi imkanı yoxdur, bu, heç vaxt ola bilməz. Nikol Paşinyanın timsalında Ermənistanın indiyədək söylədikləri öz hüquqi qüvvəsini saxlayır. Bu hüquqi qüvvə bundan sonra imzalanması nəzərdə tutulan sülh müqaviləsində də öz əksini tapacaq.

- Prezident İlham Əliyev Qarabağda “müstəqillik eşqi”nə düşən separatçılara sərt xəbərdarlıq etdi. Əliyev bildirdi ki, iki seçimləri var: Ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Bundan sonra hansı gəlişmələri görə bilərik?

- Zənnimcə, prezident bununla bağlı sonuncu mesajını verdi, çox yaxşı mövqe nümayiş etdirdi. Bildirdi ki, bundan sonra ermənilərin nazı ilə oynamaq fikrində deyilik. Kimsə qalmaq istəyirsə, vətəndaşlığımızı qəbul edib qalsın, onlar üçün hər cür şərait yaradılacaq. Yox, kimsə separatçıların təsiri altındadırsa, bizim şərt və tələblərimizi qəbul etmək istəmirsə, yol açıqdır, çıxıb gedə bilər.

- Ermənistan rəhbərliyinin zaman-zaman Rusiya, İran və Fransanın təsiri ilə təxribatçı addımlar atdığını da görürük. Bəs bu nəticəsiz səylərdən sonra hansı yolu seçəcək?

- Ermənistan və onun rəhbəri Nikol Paşinyan indiyədək bir neçə dəfə gah Rusiyanın, gah İranın, gah da müəyyən məsələlərdə Fransanın təsiri altına düşüb. Bunların hamısında da böyük uğursuzluqlara düçar olub. Əgər real siyasətçidirsə, düşdüyü vəziyyətdən ciddi nəticələr çıxarmalı və doğru yolu seçməlidir.
Hər halda Paşinyanın son çıxışlarından belə təəssürat yaranır ki, bundan sonra müstəqil hərəkət etməyə, sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışacaq, bu durumda da kənar təsirlərə ya məhəl qoymasın, ya da az məhəl qoysun. Əlbəttə, bu, mənim təxminimdir. Çünki atacağı əks addımların, əks də effekti olacaq.
Zənnimcə, Moskvanın moderatorluğu ilə aparılan sülhyaratma prosesi uğursuzluqla nəticələnəcək. Bundan sonra estafeti Vaşinqton götürəcək. Mümkündür ki, ABŞ Rusiyanı qabaqlasın, Moskvadan əvvəl Azərbaycan və Ermənistan liderlərinin görüşü Vaşinqtonda keçirilsin. Çünki bölgədə çox mürəkkəb proses yaranıb. Sanki başda ABŞ olmaqla Qərb və Rusiya-İran tandemi baş verənləri diqqətlə izləyirlər, sanki ayaq üstədilər. Hamısı öz strateji maraqlarını reallaşdırmağa çalışır. Ona görə də, doğru seçim etmək və addım atmaq Azərbaycan qədər Ermənistan üçün də vacib olmalıdır. Ermənistan da buna diqqət yetirməlidir.
Ermənistan diqqətli olmayacaqsa, yenidən vəziyyət əvvəlki məcrasına qayıdacaq, yenə də qarşıdurmalar yaranacaq. Bundan uduzaraq çıxan yenə Ermənistan olacaq. Ermənistanın bu dəfə alacağı zərbə ölümcül ola bilər. Ona görə də, düşünürəm ki, nəhayət, Ermənistan ağlın və intellektin hökmlərinə tabe olacaq və fitnəkar hərəkətlərini dayandıracaq.

- ABŞ-ın fəallığına diqqət çəkdiniz. Amerikalı rəsmilər günlərdir Bakı və İrəvanda sülh müqaviləsi ilə bağlı aktiv danışıqlar aparırlar. Sizcə, bu fəallığın bir müsbət nəticəsi olacaqmı?

- Hesab edirəm ki, ABŞ-ın fəaliyyəti Azərbaycanın da diqqətini çəkib. Azərbaycan Fransa istisna, ABŞ başda olmaqla Qərbin moderatorluğuna razıdır. Məncə, Rusiyanın pozucu fəaliyyətlərinə, İranın ara qarışdıran fitnələrinə baxmayaraq, Qərbin moderatorluğu sülhyaratma prosesində əsas xəttə çevriləcək. Hər iki dövlət də buna razı olacaq.

Müəllif: Mənsur Rəğbətoğlu

 

0.017266035079956