Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVIII yazı
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər” (2/186)
XXVIII YAZI
QURANİ-KƏRİM ALLAHA YAXINLAŞMAĞIN YOLLARINI BİR-BİR SAYMIŞDIR:
- TƏQVA – qoruma, qorunmadır, pisliklərdən qorunan Allaha yaxınlaşar;
- İBADƏT – ibadətlər Allaha qulluğun, təslimiyyətin göstəriciləridir, ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur, ibadətlərin haqqını verən – onları tam, səmimi, anlayaraq, mesajlarını həyatına daşıyaraq yerinə yetirən Allaha yaxınlaşar;
- DUA – Allaha təslimiyyətdir, ehtiyacdır, deyir ki, sən Allaha möhtacsan, ey insan, dua ümiddir, içdən gələn dua insanı Allaha yaxınlaşdırar;
- HƏMD – öygülərin tamamı Allaha aiddir, ey insan, heç bir varlığı Allahı öydüyün kimi öymə, Allah kimi, nəyi tənqid edirsə, sən də onları tənqid et, Allahın tənqid etdiyi qədər tənqid et, tərifdə, tənqiddə ölçülü ol. Allaha haqqı ilə həmd edən, Ona yaxınlaşar;
- İTAƏT – Allahın buyurduğu kimi yaşamaqdır, Onun ölçüləri ilə yaşayan Ona yaxınlaşar;
- TÖVBƏ - özünütənqiddir, ümiddir, ümid etməyən tövbə etməz, arınmadır, səmimi tövbə edən Allaha yaxınlaşar;
- SALEH ƏMƏLLƏR – islah edən, düzəldən, tövhidi, ədaləti, xeyiri, barışı, mərhəməti çoxaldan əməllərdir, hər saleh əməl insanı Allaha yaxınlaşdırar;
Ayə deyir ki, öncə insan addım atmalı, ona verilən ağıl və iradənin haqqını verməlidir, o, sağlam fitrət, təqva, ibadət, dua, həmd, itaət, tövbə, saleh əməllərlə Allaha yaxınlaşsa, O da quluna yaxınlaşar, yəni sən Allaha yaxın ol ki, O da sənə yaxın olsun, sən Allahdan razı ol ki, O da səndən razı olsun, fitrətinə yaxın, sadiq olan Allaha yaxın və sadiq olar, fitrətinin əslini (orijinalını) itirən (pozan) Allahdan uzaqlaşar, Onu itirər – rəhmət və bərəkətindən uzaq olar, məhrum qalar.
ALLAH niyə istəyir ki, insan bilsin, anlasın, iman etsin ki, O, insana çox, şah damarından da yaxındır, insanla qəlbinin arasına girər (ayəni doğru qavramaq üçün bilək ki, bu, təmsili, məcazi anlatma üsul və dilidir). Sualı belə də verə bilərik: Allahın çox yaxın olduğunu bilmək insana nə verir?
- şirkdən - köləlikdən qoruyur. İnsan kimi, ya da nəyi Allaha ortaq qoşarsa, onun köləsi olar. Məsələn, Allahdan deyil, məzardakı birindən övlad, şəfa, sərvət... istəyən insanın ağıl, düşüncə və duyğularını Allah deyil, o ölmüş insan idarə edir, o, Allaha deyil, məzardakına itaətə yönəlir, ona gedir, ehtiyacını ona söyləyir, onu Allahın yerinə qoyur. Bu, Allahı yanlış tanımağın, Onun aciz olduğunu düşünməyin, insana çox yaxın olduğundan, hər an gördüyündən, eşitdiyindən, bildiyindən xəbərsizliyin nəticəsidir. Şərik qoşan (müşrik) belə düşünür: Allah var, ancaq O, çox uzaqdadır, məni eşitməz, görməz, bilməz. O, insanı şirk bəlasından qorumaq üçün buyurur ki, ey insan, Mən sənə çox yaxınam, hər halını bilir, görür, eşidirəm, dua etsən, qəbul edərəm. İnsan Allaha bu ölçülərlə iman etsə, bütün pisliklərdən, o sıradan şirkdən – köləlikdən qorunar;
- ALLAHIN çox yaxın olduğuna iman edən insan araya heç bir vasitəçi qoymadan tövbə edər. Təmiz iman deyir ki, bütün məsələlərdə, o sıradan tövbədə insanla Allah arasında vasitəçi yoxdur, ola bilməz, varsa, şirk var, şirk varsa, köləlik var, Allaha üsyan var;
- ALLAHIN çox yaxın olduğuna iman etmək insana hüzur, güvən, ümid verir, deyir ki, sən çarəsiz deyilsən, ey insan, Allah inananları darda qoymaz, mütləq bir çıxış yolu göstərər;
- düşünün ki, biri sizə iftira atıb, günahsız olduğunuzu sübut etmək imkanınız yoxdur, ürəyiniz yanır, bu halda, üzülməyin, Allahın sizə çox yaxın olduğuna, halınızı bildiyinə, sizi eşitdiyinə, gördüyünə, iftiraçının cəzasını mütləq verəcəyinə inanın yetər (iftiraya iftira ilə cavab vermək haramdır, Allah buyurur ki, sizə iftira atanları mənə həvalə edin);
- sizi Allaha yaxınlaşdıran hər şey qurbandır, ALLAH RƏSULU belə buyurmuşdur: “Əs-səlatu qurbanun” – namaz qurbandır, belə ki, o, insanı Allaha yaxınlaşdırır;
ALLAH ayədə sual-cavab metodundan istifadə etmişdir. Bu, ilahi öyrətmə üsullarından biridir: qullarım Məni səndən soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Sorğu-sual üsulu insanın ağlını çalışdırır, onu düşünməyə, əlaqə qurmağa sövq edir, maraq oyadır (öyrənməyin əsası maraqdır), arayışa yönəldir. Qurani-Kərim on dörd dəfə bu metoda yer vermişdir, mesaj budur: ey insan, heç bir şeyi sorğu-sualsız qəbul etmə, səbəbi anla ki, nəticəni də anlayasan, bir nəticəni yox etmək istəyirsənsə, onu ortaya çıxaran səbəbləri yox et, nəticə nəticə ilə deyil, səbəblə yox edilər.
ALLAH ayədə insanlara çox yaxın olduğunu ən gözəl biçimdə ifadə etmişdir: belə buyurmamışdır, ey Elçi, qullarım Məni səndən soruşsalar, onlara de ki... Ayədə “onlara de ki”, ya da “de ki” qəlibləri yoxdur, Allah Onunla qulları arasındakı hər cür vasitəçini ortadan qaldırmış (Elçi insanla Allah arasında vasitəçi deyil, adı üstündədir, Rəsuldur - Elçidir), belə buyurmuşdur: qullarım Məni səndən soruşsalar, yaxşı bilsinlər ki, Mən onlara çox yaxınam. Yaxşı bilsinlər, yəni heç bir şübhələri olmasın, əmin olsunlar.
ALLAHIN onu sevdiyinə, ona dəyər verdiyinə, ona çox yaxın olduğuna, onu hər an eşitdiyinə, gördüyünə, bildiyinə iman edən insana oruc tutmaq çətin olarmı?
Ardı var...
Paralel.az