Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXV yazı
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)
XXV YAZI
c) ŞÜKÜR EDİN
Bu, Allahın üçüncü istəyidir, əmridir. Oruc ibadətinin içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var. Bunlar ilahi nemətlərdir, hər birinin şükrü var, hər nemətin şükrü öz cinsindəndir: Qurani-Kərimin şükrü Onu oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq (Onun buyurduğu kimi yaşamaq), öyrətməkdir, tövhid (Allahdan başqa ilah yoxdur) nemətinin şükrü şirkə bulaşmamaqdır, təqvanın şükrü pisliklərdən qorunmaqdır, duanın şükrü ancaq Allahdan istəməkdir.
Şükür ibadətdir, nemətlərin sahibinin Allah olduğunu bilməkdir, hər nemətdən ilahi təyinatına uyğun istifadə etməkdir. Məsələn, zaman nemətdir, onu xeyirli işlərə sərf etmək şükür, israf etmək nankorluqdur, hakimiyyət nemətdir, ədaləti təmin edirsə, xalqa xidmət göstərirsə, şükrünü yerinə yetirir, zülm edirsə, xalqı əzərək köləliyə məcbur etmək vasitəsi olursa, nankorluq, haram alətinə çevrilir, sosial media nemətdir, ondan xeyri çoxaltmaq üçün istifadə etmək savab və şükür, onu dedi-qodu, qeybət, iftira, yalan, söyüş, özünü bəyəndirmə vasitəsinə çevirmək nankorluq, günah, haramdır.
“ŞÜKÜR ET” bir ilahi əmrdir, Allah buyurur ki, insan bunlara görə şükür etməlidir:
- Allah insan oğluna eşitmə, görmə, düşünmə qabiliyyəti verdiyi üçün; (16/78; 32/9)
- Allah insan oğluna rəhbərlik etdiyi, yol göstərdiyi üçün; (2/185)
- O, həqiqəti ayələrlə (ayələri bir-birinə bağlayaraq) açıqladığı üçün; (7/58)
- Elçilərin qissələrini bizə ibrət və örnək olsun deyə, nəql etdiyi üçün; (14/5)
- gecəni və gündüzü bir-birinin qarşılığı olaraq yaratdığı üçün; (25/62)
- göydən suyu acı deyil, dadlı olaraq endirdiyi üçün; (56/70)
- heyvanları insan oğlunun əmrinə verdiyi üçün; (22/36)
- dənizi insan oğlunun əmrinə verdiyi üçün; (16/14)
- bitki məhsulları ilə ruzi verdiyi üçün; (14/37)
- halal ruzilər yaratdığı, onları insana göndərdiyi üçün; (16/144)
- insana ruzi axtarmaq arzusu, həvəsi (iştiyaqı) verdiyi üçün; (29/17)
- Onun yaratdığı ruziləri bildiyimiz üçün; (34/15)
- neməti qulunun üzərində göstərmək, tamamlamaq üçün; (5/6)
- Bədir savaşında zəfərlə dəstəklədiyi, saysız nemətlər verdiyi üçün; (7/26)
RAMAZAN Qurani-Kərim ayıdır, Allahın bu mübarək ayda Qurani-Kərimi nazil etməyə başlamasına oruc tutaraq şükür edirik, mədəmizi ac saxlayır, ağıl, vicdan, qəlb, ruh və iradəmizi bir adı da ilahi Ruzi olan Qurani-Kərimlə doyururuq, Onunla yenidən inşa olur, yenidən doğulur, tövhidə, ədalətə, fitrətə, barışa, qardaşlığa, birliyə, sevgiyə, mərhəmətə yönəlirik.
RAMAZAN maddi aclıq, mənəvi doyum ayıdır. Elə buna görə də Qurani-Kərimin şükrünü bir ay mədəmizi ac saxlayaraq gerçəkləşdiririk, deyirik ki, önəmli olan maddi deyil, mənəvi yönümüzdür, ağıl gerçək qidası olan elmlə, qəlb gerçək qidası olan imanla, vicdan gerçək qidası olan mərhəmətlə doymasa, insan öz fitri missiyasını yerinə yetirə bilməz.
a) YÜZ SƏKSƏN BEŞİNCİ AYƏNİN ORTAYA QOYDUĞU NƏTİCƏLƏR
- Allah sayılı günlərdə oruc tutmağı əmr edir;
- o sayılı günlər RAMAZAN AYIDIR;
- Ramazan qəməri ayların doqquzuncusudur;
- QURANİ-KƏRİM Ramazan ayında, min aydan daha xeyirli Qədir gecəsində nazil olmağa başladı;
- gecə nazil olmağa başladı, mesaj verdi, dedi ki, Qurani-Kərim Ona iman edənləri, Onun buyurduğu kimi yaşayanları qaranlıqlardan nura, cəhalətdən elmə, küfürdən imana, şirkdən tövhidə, köləlikdən azadlığa qovuşduracaq;
- Ramazan ayında oruc tutmaq Qurani-Kərim nemətinə görə Allaha ŞÜKÜR anlamını daşıyır;
- Ramazan ayını başqa aylardan seçən, onu soltan qılan Qurani-Kərimdir;
- QƏDİR GECƏSİNİ başqa gecələrdən seçən, onu min aydan (səksən üç il – bir insan ömrü) xeyirli edən Qurani-Kərimdir;
- Qurani-Kərim Ona iman edən, dəyərlərini həyatına daşıyan hər kəsi seçər, üstün qılar, həyatına dəyər, anlam qazandırar;
- RAMAZANA HÖRMƏT ruhu, ağlı, qəlbi, vicdanı, gözü, qulağı, mədəsi, bütün varlığı ilə oruc tutmaqdır, Qurani-Kərimə, bu bərəkəti tükənməyən neməti nazil edən Allaha hörmət, iman, təslimiyyətdir;
- yüz səksən beşinci ayə Qurani-Kərimin üç özəlliyini önə çıxarır:
a) O, insanlığın hidayət rəhbəridir;
b) içində hidayətin – ilahi rəhbərliyin açıq dəlillərini daşıyır;
c) haqqı (mənalı və məqsədli olanı) batildən (mənasız və məqsədsiz olandan) ayırır;
- FURKANDIR, Ona inananlara da xeyiri şərdən seçmək özəlliyi verir;
- orucun içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var;
- oruc ibadəti hər il Ramazan ayında təkrar olunan ilahi tərbiyə proqramıdır;
- ALLAH kimsəni oruc tutmağa məcbur etməz, Onun üsulu belədir: öncə oxu, anla, öyrən buyurar, Onun ölçüsünü yerinə yetirsən, bilgin iman olar, iman sevgi yaradar, sevgi oruc tutmağı (bütün ibadətləri) asanlaşdırar, təslimiyyətə yönəldər. Sevginin ölçüsü fədakarlıq və təslimiyyətdir – imanın Allaha təslimiyyətin qədərdir. Sıralama belədir: elm-şüur-iman-sevgi-əməl. Anlayış dəyişsə, davranış dəyişər;
ALLAH yüz səksən beşinci ayənin sonunda insandan üç şey istəyir:
a) oruc günlərinin sayını tamamlayın;
b) sizi doğru yola qovuşdurduğu üçün Allahı ucaldın, təkbiriniz (ALLAHU ƏKBƏR) olsun. Oruc tutmaq əməli (əsl) təkbirdir, təkbir işdir, əməldir, sadəcə söz deyil;
c) Allaha şükür edin – nemətlərin gerçək sahibini tanıyın, onlardan ilahi təyinatına uyğun istifadə edin;
Ardı var...
Paralel.az