Düşməndən dostluq gözləmək olmaz
Ermənistanla qonşuluq etmək çətindir
Ermənistan 44 günlük ağır məğlubiyyətdən sonra özünə gələ bilməsə də, Rusiya, Fransa və İranın təhriki və himayədarlığı ilə Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkmir. Ermənistan yenə də sakit dayanmır. Əslində, erməniləri himayədarı sakit dayanmağa qoymurlar. Yenə də aprelin 11 - də Laçın istiqamətində təxribata əl atdı, həm özünün xeyli əsgərini itirdi, çox sayda hərbçisi ağır vəziyyətdə yaralandı, həm də qəhrəman Azərbaycan ordusunun 3 hərbiçisinin şəhid olmasına, 4 həbçinin isə yaralanmasına səbəbkar oldu.
Hərbi təxribatın peykdən çəkilmiş videogörüntülərdən aydın görünür ki, Ermənistan hərbçiləri Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə mühəndis-qazma işləri aparırlar, hərbçilərimiz isə ermənilərə yaxınlaşıb işi dayandırmaları barədə xəbərdarlıq edirlər. Bu zaman erməni hərbçilər bizim hərbçilərimizi atəşə tuturlar. Bizim hərbçilərimiz cavab atəşi açmağa məcbur olurlar və nəticədə məlum olduğu kimi, hər iki tərəf canlı itki verir.
Bəli, ata-babalarımız zamanında və çox yerində deyiblər: “dişin ağrıyır çək qurtar, qonşun pisdir köç qurtar”! Lakin bu deyimi, əslində qorxaq, gücsüz, himayəçilərinin yardımı ilə yaşayan Ermənistan kimi şərəfsiz oyuncaq ölkəyə aid etmək düz deyil. Ermənistana yaraşan o sözdür ki, “qonşun pisdir, qov qurtar”! Əslində, hazırkı Ermənistanın heç bir yerdə torpağı yoxdur. Tarixçilər hazırda hər bir qövmün, toplumun, xalqın, millətin, dövlətin tarixinə çox asanlıqla işıq tuturlar. Tək qeyri xalqların tarixçiləri, filosofları yox, elə erməni millətinin Ermənistandan xaricdə yaşayan bir çox tanınmış tarixçiləri də Ermənistan ərazilərinin Azərbaycan torpağı olduğunu etiraf edirlər. Ermənilərin Azərbaycan ərazilərinə nə vaxt və kimlər tərəfindən gətirildiyi də hər kəsə bəllidir.
Düz iki əsrdir Türk dünyasının əsas birləşdiricisi olan Azərbaycan dövləti Rusiya başda olmaqla, xristian ölkələrinin düşmənçiliyilə üzləşib və türk-islam düşmənçiliyi bu gün də davam edir. Avrasiya materikinin cəlladı rolunu ifa edən Rusiya əsrlərdən bəri türk düşmənçiliyini davam etdirir. Çünki Rusiyanın işğal edib, ərazisinə qatdığı torpaqların çoxu tarixi türk torpaqlarıdır. Tarixçilər yaxşı bilir ki, 1581-ci ilə qədər Ural dağlarından Şərq tərəfdə olan torpaqlara rus ayağı dəyməyib. 1581-ci ildə Ural dağlarından Şərqə, başdan-başa türk xalqlarına məxsus Sibir torpaqlarına ilk gələn tədqiqatçı-səyyah Yermak Timofeyeviç olub. Ural dağlarından Şərqdə yerləşən türk torpaqlarının Rusiya tərəfindən işğal olunması XİX əsrə qədər davam edib.
Taixdən az-çox bilgisi olan hər kəs bilir ki, Ermənistan Rusiyanın himayədarlığı ilə XİX əsrin əvvəlindən XX əsrin sonuna qədər Azərbaycan torpağında yaradılmış oyuncaq xristian dövlətdir. Son zamanlar bir sıra məhşur tarixçilər sual edirlər ki, Ermənistan dövləti tarixdə olubsa, XİX əsrə qədər olan dünya xəritələrində adı niyə yoxdur? Doğrudur, hazırda dünyada hər şeyi güc həll edir, yəni hansı dövlət güclüdürsə, tarixi reallığı nəzərə almadan siyasətini davam etdirir.
Hazırda ABŞ, Avropa Birliyi, Çin və Rusiya arasında dünyanı yenidən bölmək uğrunda gərgin mübarizə gedir. Rusiya - Ukrayna müharibəsi bu mübarizənin bariz nümunəsidir. Əslində, bu müharibənin nəticəsindən asılı olaraq dünyanın yenidən şəkillənməsi gözlənilir. Siyasətçilərin Rusiya-Ukrayna müharibəsini dünyanın baş döyüşü adlandırması təsadüfi deyil. Yəni bu müharibə bitəndə, dünyanın yeni mənzərəsini əks etdirən arxitektura ortaya çıxacaq. Həmin arxitekturada Türkiyə-Azərbaycan və Türk Dövlətləri Təşkilatının yeri məhz Rusiya- Ukrayna müharibənin nəticəsindən asılı olaraq müəyyən olunacaq.
Ermənistanın ABŞ və Avropa Birliyilə hazırkı münasibəti Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq dəyişə bilər. ABŞ və Aİ artıq Ermənistanın verdiyi sözü tutmamasından incikdirlər. Ona görə də bu dövlətlər Ermənistana çox etibar etmirlər, hətta Ermənistana “qulaqburması” verməyə hazırlaşırlar. Ermənistanın ABŞ və Qərb dövlətlərilə Rusiya arasında siyasi oyunbazlıq etdiyini dövlətlərin hər biri yaxşı bilir və Paşinyanın “siyasi rəqsi”nin gedişlərinə etibar etmirlər.
Azərbaycana gəlincə isə, Avropa ölkələrinin əksəriyyəti və ABŞ ölkəmizlə iqtisadi əməkdaşlığa üstünlük verdiyini tez-tez bəyan edirlər. Xüsusən Azərbaycanın Avropa ölkələri ilə neft-qaz, yaşıl enerji üzrə əməkdaşlıq etməsi, ölkələrlə qarşılıqlı müqavilə bağlaması ölkəmizə müsbət, işgüzar münasibət yaradıb. Münasibətilərin sonra necə olacağı bəribaşdan bəlli olmasa da, hazırda Azərbaycanla supergüclər arasında durumu müsbət hesab etmək olar.
Ermənistana gəlincə, bu ölkənin oyuncaq xarakteri üzündən onun haqqında konkret proqnoz vermək mümkün deyil. Görünən odur ki, sülh sazişi bağlamaq təklif olunsa da, Ermənistan İranın, Rusiyanın və Fransanın tapşırığı ilə Azərbaycana qarşı hərbi təxribatları davam etdirir.