Rusiya məhsulları bizdə niyə bahalaşır?
Dünya bazarında 12,5% zülallı rus buğdasının tonu 300 dollara düşüb
Artıq ötən ilin ikinci yarısından başlayaraq, MDB və digər ölkələrə ixrac edilən, Rusiya istehsalı olan məhsullar sürətlə ucuzlaşmaqdadir. Bunun da çox sadə səbəbi var. Birincisi, Qərbin və Amerikanın tətbiq etdiyi silsilə sanksiyalar nəticəsində Rusiya istehsalı olan mal və məhsulların ixracatı əsaslı şəkildə azalıb. Yəni Rusiya dünya bazarında sürətlə muştəri itirir. Ona görə də rus şirkətləri ixracat həcmini kompensasiya etmək üçün hələ itirilməyən bazarlara əmtəə ixracatını artırır.
İkinci səbəb isə rus rublunun digər valyutalar qarşısında dəyər itirməsidir. Bir həftə ərzində bir dollar 59 rubldan 81 rubla qədər bahalaşdı. Ekspertlərin fikrincə, Rusiyada bir neçə ay ərzində dollar 150 rubla qədər bahalaşa bilər. Yəni rubl digər valyutalar qarşısında dəyər itirdiyindən bu ölkədən mal ixrac edən sahibkarlar həm də məzənnə fərqindən qazanırlar. Bu da malın maya dəyərini aşağı salır və qiymətlərin ucuzlaşmasına imkan yaradır.
Məsələn, Rusiyadan Qazaxıstana ixrac edilən qeyri-neft sektoru məhsullarının həcmi son bir ildə 65%, Özbəkistana 50%, Ermənistana 48%, Gürcüstana isə 29% artıb. Bunun müqabilində isə artan təklif fonunda həmin məhsulların qiyməti 25-60% arası ucuzlaşib.
Bu proses eynilə Azərbaycanla münasibətdə də davam edir, lakin bir qədər fərqli şəkildə... Belə ki, Azərbaycana Rusiyadan mal və məhsul ixracatı son bir ildə 30%-dən çox artıb. Amma bu həcm artımı heç də bazarda həmin mal və məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxarmır. Rusiyadan ixrac olan taxta və digər bir sıra tikinti materiallarının qiymətində 15-25% ucuzlaşma müşahidə edilsə də, bu ölkənin istehsalı olan kənd təsərrüfati məhsullarının qiymətində son bir il ərzində 25%-ə qədər bahalaşma qeydə alınıb. Bununla yanaşı, 12,5% zülala malik, üçüncü sinif rus buğdası (məhz bu növ rus buğdası idxalımızın 90%-ni təşkil edir) dünya bazarında 150 dollar ucuzlaşaraq, 450 dollar/t-dan 300 dollar/t-ya düşüb. Üstəgəl, Rusiya ixrac edilən hər ton buğdaya görə 90 dollarlıq rüsumu da ləğv edib. Buna baxmayaraq Azərbaycanda un və un məhsullarının, əsasən də çörəyin qiyməti bir qəpik də olsun ucuzlaşmayıb. Bəs səbəb nədir, hökumət bu məsələyə müdaxilə edə bilərmi?
Ümumiyyətlə, Azərbaycan bazarını dünyadan təcrid edən - dünya bazarında gedən bahalaşmanı dərhal hiss etdirən, ucuzlaşma tendensiyasının isə qarşısını alan yeganə amil inhisarçılıqdir. Belə ki, bazarın əsas hissəsini öz inhisarına alan böyük şirkətlər daxili bazarda müştəriyə qiymət diktə etmək imkanına malikdir. Bazarda tək iştirakçi olan inhisarçı (əsasən oliqarx - məmur biznesinə məxsus) şirkət qiymət diktə etdiyi zaman heç nə itirmir, əksinə qiymət artımindan gəlir götürür. Belə olan halda dünyada nə baş verməsindən asılı olmayaraq, hansı biznesmen öz zərərinə qiymətləri ucuzlaşdırar?! Əlbəttə, heç kim...
Bu sadə səbəbdən də hazırda Rusiya istehsalı olan məhsulların dünya bazarında əsaslı şəkildə ucuzlaşmasından Azərbaycanın sadə vətəndasları - alıcilar bəhrələnə bilmir. Bu prosesdən yalnız Azərbaycanın oliqarxiyası bəhrələnir. Hazırda onlar qiymət fərqindən milyonlarla dollar vəsait qazanır.
Bu halda bəs hökumət nə edə bilər?
Söszüz ki, ölkə bazarlarında hökum sürən inhisarçılıq şəraitini hökumətin iqtisadi siyasəti formalaşdırıb. Onlar buna son qoymaq fikrində də deyillər. Belə olan halda hökumət qiymətləri özü tənzimləməlidir. Ya azad bazar rəqabətinə şərait yaratmaq üçün inhisarçılığı aradan qaldırmalı, ya da ihisarçıların qarşısında sual qoymalıdır ki, rus buğdasının tonu dünya bazarında 300 dollar olduğu halda, niyə ölkə alıcısına bu buğdanin tonu 500 dollara başa gəlir? Rus malları regionda ucuzlaşdığı halda, niyə həmin mallar Azərbaycanda bahalaşır? İnhisarçılar ya buna ağılabatan cavab verməlidir, ya da şəraitə uyğun olaraq qiymətləri aşağı salmalıdır. Hökumət bu gün bu addımların heç birini atmır. Ona görə də ölkə bazarlarında bütün qiymətlər günbəgün bahalaşır. Azərbaycanda qiymətləri bahalaşdiran iki əsas subyekt kateqoriyası var - gömrük və inhisarçı şirkətlər. Deyək ki, hökumət inhisarçıları müstəqil bazar subyekti sayır (hərçənd ki, belə deyil), bəs gömrüyə niyə sahib çıxmır? Bütün bu cavabsız suallar onu göstərir ki, qiymətlərin bahalaşmasını elə hökumət özü istəyir.
P.S. Yazı çapa gedəndə baxdım ki, 12,5% zülalı olan rus buğdasının tonu dünya bazarında 290 dollara düşüb.