Siracəddin Hacı:
İranla Səudiyyə Ərəbistanının yaxınlaşması üçün ilk addımlar 2021-ci ildə atıldı, açıq, gizli təmaslar davam etdi, 2023-cü ildə nəticə verdi, Çin araçı oldu, ancaq məsələ Çin istədi, bu iki dövlət də bir araya gəldi biçimində deyil, üç dövlətin siyasi, iqtisadi, hərbi maraqları üst-üstə düşdü, onları yaxınlaşmağa məcbur etdi.
Təcrübə göstərir ki, İranla Səudiyyə Ərəbistanının ciddi siyasi, iqtisadi, hərbi, məzhəbi fikir ayrılıqları olsa da, aralarındakı bağlar qırılma həddinə çatsa da, onlar son mərhələdə məsələlərə gerçəkçi yanaşmağı bacarmış, ziddiyyətlər danışıqlar yolu ilə həll olunmuşdur. İki örnək verim: 1960-cı ildə körfəzdəki neft yataqlarının kimə mənsubluğu ilə bağlı bölgənin bu iki əsas dövləti arasında dərin böhran ortaya çıxdı, səkkiz il davam etdi, sonda sıxıntılar barış yolu ilə həll olundu. İraq böhranı zamanı da iki dövlətin münasibətləri savaş sınırına çatdı, İranın Prezidenti Əhmədi Nejad Riyada getdi, məsələ tam həll olunmasa da, savaş təhlükəsi ortadan qalxdı...
1. ÇİNİN MƏNAFEYİ
Çinin siyasi marağı var, dünya nizamı dəyişir, bu böyük dəyişim Çin üçün ciddi təhlükələr də, yeni fürsətlər də ortaya çıxarır. Çin mövqeyini qorumaq, gücləndirmək, rəqiblərini məğlub etmək üçün tərəfdaşlarının sayını artırır, totalitar rejimləri birləşdirməyə çalışır. Çin Rusiyanın zəifləməsindən yararlanaraq ondan boşalan, boşalacaq məkanları tutur, Orta Şərqə yerləşir, siyasi təhlükəsizlik kəməri inşa edir, körfəz ölkələrinin ABŞ-la qarşıdurmasından yararlanır. Çinin Orta Şərqdə ayağını qoyduğu, dayaq nöqtəsinə, pilot məkana çevirdiyi ölkə İraq olsa da, bölgə dövlətləri ilə də ciddi bağları var.
Çin iqtisadi maraqlarını təmin edir, 2013-cü ildən bir yol-bir kəmər layihəsini gerçəkləşdirir, ticarətinin həcmini artırır, bu məqsədlə 2015-ci ildən başlayaraq Ərəb dünyası ilə əlaqələrini gücləndirir. Çin iqtisadi güclə irəlilədiyindən ticarət yollarında qarışıqlıq olmasını istəmir, o, bir yol-bir kəmər layihəsinə yeni çalarlar artırır: qlobal inkişaf, təhlükəsizlik, barış olsun, hamı qazansın deyir.
Çinin ən çox neft aldığı ölkə Səudiyyə Ərəbistanıdır, deyir ki, Orta Şərq, o sıradan körfəz ölkələri iqtisadi tərəfdaşımdır – körfəz dövlətlərinin də Çinin sərmayəsinə ehtiyacı var. Təbii ki, iqtisadi birlik siyasi tərəfdaşlığın da yolunu açır, Çin iqtisadi çıxarlarla bölgəni bir-birinə bağlayır ki, savaş ehtimalı ortadan qalxsın, ticarət yollarının təhlükəsizliyi təmin olunsun, daha çox qazansın, dünyanın əsas iqtisadi gücünə çevrilsin.
Çinin Səudiyyə Ərəbistanı ilə hərbi anlaşması var, iki dövlətin ordusu birgə təlimlərdə iştirak edir.
Səudiyyə Ərəbistanı ABŞ-ın ənənəvi müttəfiqidir, Bayden hakimiyyəti dövründə münasibətlər pozuldu, Çin bundan istifadə etdi, Səudiyyə Ərəbistanı ilə ciddi əlaqələr qurdu.
Çinin İranla münasibətlərinin əsası bir qədər fərqli biçimdə olsa da, Səudiyyə Ərəbistanı ilə qurduğu əlaqələr kimidir, qarşılıqlı siyasi, iqtisadi, hərbi çıxarları var, Rusiya zəiflədikcə İranın Çinə ehtiyacı artır.
Çin beynəlxalq vəziyyəti dəyərləndirdi, Səudiyyə Ərəbistanı ilə İranın Xarici İşlər nazirlərini Pekində görüşdürdü. Üç məsələ ilə bağlı razılıq əldə olundu: Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr bərpa olunacaq, vizalar ləğv ediləcək, təyyarə uçuşları başlayacaq.
Ardı var...
Paralel.az