Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan soydaşlarımıza necə təsir edəcək? - FOTO

Qanundakı dəyişiklik Azərbaycanda yaşayan xarici vətəndaşlığı olan soydaşlarımıza necə təsir edəcək? - FOTO
 

Miqrasiya Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib. Əsas dəyişikliklərdən biri də odur ki, əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək və digər geniş imkanlar tanınıb.

Dəyişikliyə görə, əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, yəni atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşıdırsa, həmin əcnəbiyə ölkəmiz ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir.

Bu dəyişiklik hazırda Azərbaycanda yaşayan Gürcüstan və Rusiya vətəndaşlığı daşıyan soydaşlarımızın həyatına necə təsir edəcək?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Sadaxlı Eli” İctimai Birliyinin sədr müavini, Gürcüstan azərbaycanlısı Rasim Dəmirçəlli də Miqrasiya Məcəlləsinə edilən dəyişikliyi təqdirəlayiq hal kimi qiymətləndirib.

O, Gürcüstan azərbaycanlılarının illərdir qanunun mövcud tələbindən dolayı müxtəlif çətinliklərlə üzləşdiklərini deyib:

“Mən 1988-ci ildən Bakıda yaşayıram, burada bağçaya getmişəm, orta məktəb və ali təhsilimi də Azərbaycanda almışam. Amma bir kağız parçası sıravi Azərbaycan vətəndaşı ilə mənim aramda fərq yaradıb. Mən də Azərbaycan üçün faydalı olmaq istəmişəm. Təəssüf ki, “sən Azərbaycan vətəndaşı deyilsən”, “qanunla burada daimi yaşamaq hüququn yoxdur” və sair bu kimi maneələr mənim kimi neçə-neçə soyadaşımızın qarşısını kəsib. Belə yanaşma Gürcüstan azərbaycanlılarını üçüncü, dördüncü ölkələrə üz tutmağa məcbur edib. Soydaşlarımız vətəndaşı olduğu Gürcüstanda da o dövrlərdə “sən dövlət dilini bilmirsən, diplomun burada keçərli deyil” və sair kimi məsələlərlə qarşılaşıb daha ağır vəziyyətdə yaşamaqdansa, Azərbaycanda və digər ölkələrdə müxtəlif sahələrdə çalışmağı seçiblər. Azərbaycanın Milli Məclisində müzakirəyə çıxarılan və təsdiqlənən, qəbul olunmasını səbirsizliklə gözlədiyimiz yeni qanun ümidvarıq ki, bundan sonra soydaşlarımızın həyata daha nikbin və inamlı baxmasına vəsilə olacaq, indiyə qədər üzləşdiyimiz çətinlikləri aradan qaldıracaq”.

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, miqrasiya qanunvericilikdəki dəyişikliklərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Paralel.az"

0.020520925521851