Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXI yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXI yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

XXI YAZI
b) QURANİ-KƏRİM HİDAYƏTİN AÇIQ-AŞKAR DƏLİLLƏRİNİ DAŞIYIR
İlahi mətndə “BƏYYİNAT” sözü var, “b-y-n” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə beş yüz iyirmi üç yerdə işlədilmişdir, bu mənaları var:
- “açıqlamaq”; (2/160)
- “ortaya çıxmaq” / “ayrılmaq”; (2/256)
- “araşdırmaq”; (4/94)
- “anlatmaq”; (43/52)
- “dəlil”; (6/57)
- “yarar”; (43/18)
- “mesaj”; (3/38)
- “arasında”; (2/285)
Qurani-Kərim BƏYYİNATDIR, hidayətin açıq-aşkar dəlilidir. Dəlil elə bir şeydir ki, onun vasitəsi ilə bir varlığın bilgisi / elmi, həqiqəti ortaya qoyulur, dəlil yol göstərir, rəhbərlik edir, sübutdur, hidayətlə - doğru yolla, dəlaləti – yanlış yolu bir-birindən ayırır.
Qurani-Kərim ilahi dərs kitabıdır, izah edir, açıqlayır, Allahı, tövhidi, şirki, həyatı, ölümü, dünyanı, axirəti, həqiqətləri, insanın yaradılış missiyasını göstərən dəyərlər – ölçülər ortaya qoyur.
O, dəlildir, açıq bəlgədir, doğru yolu göstərən əlamət, işarə, xəritə, bələdçidir, hər zaman doğru olanı danışır, içində şübhə yoxdur, insanı şübhələrdən təmizləyir, çaşmaz, Ona inananları hədəfə - ilahi rizaya qovuşdurar, O olmasa, hidayət də olmaz, düşünənə dəlillər verir, halalı, haramı, xeyri, şəri tanıdır, doğru hökmlər qoyur, elə hökmlər ki, insanın mənalı, məqsədli, ümid dolu, axirət təyinatlı həyat yaşamasına yol açır.
HİDAYƏTİN ziddi dəlalətdir – doğru yoldan çıxmaqdır, doğru yoldan çıxan, azan, yolunu itirən həlak olar.
QURANİ-KƏRİMDƏ hidayətin – doğru yolun açıq-aşkar dəlilləri var, yəni Onun hesabına doğru yolu tanıdıq, O, ölçülər qoydu, biz də bu ölçülərə iman etdik, nəticədə, doğru yolu yanlış yoldan ayırdıq.
c) QURANİ-KƏRİM HAQQI BATİLDƏN AYIRIR
RAMAZAN ORUCU ilə bağlı ayə Qurani-Kərimin üçüncü özəlliyini tanıdır: O, FURKANDIR – haqqı batildən ayıran Kitabdır. Burada iki anlayış var: haqq, batil. HAQQ mənalı, məqsədli, xeyirli, içində həqiqət olandır. Allah buyurur ki, O, hər şey haqq olaraq yaratdı, yəni hər varlığın mənası, məqsədi var, ona yüklənmiş vəzifəni yerinə yetirir. BATİL isə mənasız, məqsədsiz, həqiqətdən məhrum, xeyirsiz olandır. Tövhid haqq, şirk batildir, ədalət haqq, zülm batildir, elm haqq, cəhalət batildir, mərhəmət haqq, acımasızlıq batildir, birlik haqq, ayrılıq batildir, işıq haqq, qaranlıq batildir, savab haqq, günah batildir ...
FURKAN sözü üç ayədə Qurani-Kərimin adı kimi işlənmişdir, ayrıca ilahi mətndə Furkan adlı bir surə var. Qurani-Kərim buyurur ki, kim məni anlasa, mənə iman etsə, buyurduğum kimi yaşasa, ona Furkan olma – xeyiri şərdən, haqqı batildən, doğrunu yanlışdan seçmə özəlliyi verəcəyəm.
İlahi mətndə Qurani-Kərimin tamamına da, bir parçasına da KİTAB, ya da QURAN deyilmişdir. Qeyd edək ki, ƏL-KİTAB Qurani-Kərimin adlarından biridir, bu söz ilahi mətndə iki yüz altmış iki dəfə işlənmişdir, ancaq hər zaman Qurani-Kərim anlamını daşımır, bu anlamları var:
- “dəlil” / “bəlgə”; (22/8; 30/35)
- “əməl dəftəri”; (82/9-11)
- “fərz”; (2/183)
- “vəhy”; (57/25)
- “hökmlər” / “şəriətlər”; (57/25)
- “ilahi kitab”; (16/64)
- “Quran”; (14/1)
- “İncil”; (19/30)
- “Tövrat”; (17/2)
- “lövhi-məhfuz” (qorunmuş lövhə, ana yaddaş kartı); (50/4)
- “ümumi kitab”; (28/49)
- “öncəki kitablar”; (35/25)
- “hz.Davuda verilən kitab”; (4/163)
- “Rəsulun öyrətdiyi kitab”; (2/128-129)
- “elmin qaynağı kitab”; (27/40)
- “əl ilə yazılan kitab”; (2/79)
- “oxuma” / “yazma”; (5/110)
- “məktub”; (27/28-29)
- “yazışma”; (24/33)
- “sözləşmə”; (43/4)
QURANİ-KƏRİMDƏ BU TƏRKİBLƏR DƏ VAR:
- “ümmül-Kitab” (“Kitabın anası”); (2/101)
- “əhli-Kitab” (“Kitab əhli”); (2/101)   

-“Kitabullah” (Allahın Kitabı); (2/136)
- “Kitabi Rəbbukə” (Rəbbinin kitabı); (18/27)
- “Kitabun mubin” (apaçıq Kitab); (5/15)
“QURAN” sözü “q-r-ə” kökündəndir, “oxumaq” anlamını daşıyır. “Quran” sözü ilə bağlı beş görüş var: Fərraya görə “bənzər”, Əşariyə görə “bitişdirmək”, Zəccaca görə “toplayıb bir araya gətirmək”, bir görüşə görə “oxunan” mənalarını daşıyır. Şafiiyə görə heç bir sözdən törədilməyib, xas isimdir.
Ardı var...  

Paralel.az

0.045644998550415