Qida TERRORU: Müştərilər belə aldadılır

Qida TERRORU: Müştərilər belə aldadılır
 


Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir neçə gündür qida məhsulları ilə bağlı mövcud problemləri aradan qaldırmaq məqsədilə monitorinqləri davam etdirir. Bu yoxlamalar nəticəsində müalicəvi bitkilərin istehsalı və satışı ilə məşğul olan “Herba flora” şirkətinin məhsulları ilə bağlı da nöqsanlar aşkar edilib. Belə ki, monitorinq zamanı şirkətə məxsus qida məhsullarının, bitki yağlarının üzərində onlara xas olmayan təsir və ya xassələrinin qeyd olunduğu aşkar edilib. Nəticədə həmin mallar dövriyyədən çıxarılıb.
Və bu hal adıçəkilən şirkətin bitki tərkibli məhsullarından istifadə edən insanlarda şübhələr yaradıb. Belə çıxır ki, uzun illərdir fəaliyyət göstərən şirkət təbabət adıyla müştərilərinə yalan məlumatlar verib.
Konkret.az məsələ ilə bağlı istehlakçılarda yaranan suallara aydınlıq gətirmək məqsədilə əvvəlcə şirkət rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Lakin qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirləri isə birmənalı olub.

Ekspert Azərbaycanda uzun illərdir istehlakçıların etiket məlumatları ilə aldadıldığına diqqət çəkib. Və bu ilin yanvar ayından AQTA tərəfindən etiket məlumatlarının nəzarətə götürülməsini təqdir edib:
“İllərdir bu məsələ nəzarətsiz qalmışdı. Məsələn, suların üzərinə neçə cür xəstəliyin müalicəsində faydalı olduğu yazılır, çörəklər dietik adıyla satılır və s. Hazırda Sabirabadda ədviyyat istehsal edən “İlğım” adlı bir şirkət var. Darçının üzərinə 13 xəstəliyi müalicə edən bir məlumat yazıb. Sözsüz ki, bu, absurddur. O baxımdan AQTA-nın bu kimi halları təqib etməsini yüksək dəyərləndirirəm. Hesab edirəm ki, xaricdən gətirilən məhsullara da diqqət yetirilməlidir.
Üstəlik, agentlikdən xahiş edirəm ki, mağazalarda, iri supermarketlərdə şəkər xəstələrinə aid olan taxçalarda da monitorinq aparılsın. Orada külli miqdarda elə mallar var ki, əksinə, şəkər xəstələrinə zərərlidir. Məsələn, “Sladkiy saxar” adlı bir məhsul var. Səhiyyə Nazirliyindən əlimizdə rəsmi məktub var ki, bu, şəkər xəstələrinə çox ziyandır.
Bir daha deyirəm ki AQTA tərəfindən etiket məlumatlarının təhlil olunması əhəmiyyətli məsələdir. Və hesab edirəm ki, istehlakçılar da bu məsələdə agentliyə kömək etməlidir”.
“Herbaflora” şirkətinin insanları aldatdığına gəlincə, E.Hüseynov bildirib ki, “Əgər bu nöqsanlar aşkar edilibsə, deməli, aldadıb”.
Sevinc Paşayeva

0.018157005310059