Cılız adam - Hafiz Rüstəm yazır...
Bizim cəmiyyətin yuxarı təbəqəsində yer tutan vacib fiqurlardan biridir bu tip. Vaxtilə sovet dövründə bu tip adamlar müvəqqəti, anormal, təsadüfi ictimai tör-töküntülər, əhəmiyyətsiz, eybəcər, əcaib törəmələr , həşərat məxluqlar kimi diqqəti cəlb etmirdi. Sosioloqlar fikirləşirdilər ki, yeni insan tərbiyəsi sayəsində bu qapalı, müftəxor, ancaq şəxsi mənafeyini düşünən belə kəmağıllar zaman keçdikcə sıradan çıxacaqlar. İndi məlum olur ki, bu müvəqqəti, məhdud dünyagörüşlü, qapalı, nəyin bahasına olursa-olsun hər şeyi özəlləşdirməyə çalışan bu cılız - mənəviyyatsız, harın və azğın tiplər sən demə, qüdrətlənib ölkəni, cəmiyyəti idarə edən, alternativi olmayan vacib ictimai-siyasi qüvvəyə çevriləcəkmişlər.İndi biz məhz bu cılız adamların girovundayıq.
Sən bic övladısan kefin, şənliyin,
Hanı şəxsiyyətin, hanı mənliyin?
Nə dostluğun bəlli, nə düşmənliyin,
Özün söylə, kimsən, ey cılız adam?
Ey namsız-nişansız, ey yalqız adam.
Allah sənə də düz boy-qamət verib,
Qara qaş-göz verib, sir-sifət verib.
Hətta məntiq verib, bəlağət verib,
Ancaq əksinəsən, ey cılız adam,
Ey mələk görkəmli, ey iblis adam.
Nimdaş paltarmısan – üstü ütülü?
Çatdaq divarmısan – üzdən örtülü?
Kifli siqarmısan – acı tüstülü?
Əşyayi-zəlilsən, ey cılız adam,
Ey özündən razı, ey qəliz adam.
Hərdən göstərirsən iyrənc üzünü,
Həşərat nəfsini, o dar gözünü.
Açıq söyləməzsən ürək sözünü,
Səndə ürək varmı, ey cılız adam?
Qınından çıxmayan, ey ilbiz adam.
İnsanlıq zahiri hörmətdə deyil,
İrişməkdə, şirin söhbətdə deyil.
Nə postda, nə də var-dövlətdə deyil,
O ki səndə yoxdur, ey cılız adam,
Ey haq sözdən qaçan abırsız adam.
Cırtdansan, özündən iddian böyük,
Xeyirxah deyilsən, bədduan böyük.
Paxıllığın - küt-küt, iştahan böyük,
Dovşandan qorxaqsan, ey cılız adam,
Ey xain, ey namərd, ey ucuz adam.
"Paralel.az"