"Azərbaycan da İranın terror siyasətindən əziyyət çəkən ölkələrdəndir" - Naqif Həmzəyev

 

Təzyiq və təhdidlərə baxmayaraq Azərbaycanın xarici və daxili siyasətdə əldə etdiyi uğurlar fars-molla rejiminin yuxusuna haram qatdığından, ölkəmizə qarşı ağlagəlməz təhdid xarakterli təxribatçı fəaliyyətlərini davam etdirməkdədirlər. Azərbaycanın İsraildə səfirliyinin açılmasından əndişə keçirən   İran bu dəfə parlament səviyyəsində ölkəmizə qarşı təhdidedici bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın İsraildə səfrilik açılmasının mənfi siyasi təsirlərinin olacağını və fələstinlilərə qarşı törədilən cinayətə şərik edəcəklərini qeyd ediblər. İran parlamentinin absurd fikirləri özündə əks etdirən bu sənədi riyakarlığın, həyasızlığın pik həddi kimi dəyərləndirilməlidir.  Və bu məşhur “utanmazın oynaması” zərb-məsəlini xatırladır”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, İranın bu hərəkəti “adımı sənə qoyum, səni yana-yana qoyum” fikrinə bənzəyir. 

“Ən böyük riyakar, müsəlmanlara qarşı törədilən soyqırımı siyasətinə, bəşəri cinayətlər törədənlərə göz yumub, onlara dəstək verən elə islam adını mənimsəyən İranın özüdür”, - deyə o qeyd edib.

Fars-molla rejiminin bu addımını riyakarlığın ifrat dərəcəsi hesab edən deputat bildirib ki, əslində özünü İslam Respublikası adlandırıb, bu adı mənimsəyən İran müsəlman ölkəsi olan Azərbaycana qarşı terroru, soyqırımını, işğalçılığı dövlət siyasəti səviyyəsində həyata keçirən Ermənistana hərtərəfli dəstək verməklə, özü bu cinayətlərin şərikidir. 

“İslam həmrəyliyindən dəm vuran fars-molla rejimi təkcə Ermənistana dəstək verib. Bu prosesdə yaxından iştirak etmir, eyni zamanda özü əhalisi müsəlman olan Azərbaycan xalqına qarşı terror siyasətini həyata keçirir.

İranlı deputatlar qəbul etdikləri o kağız parçasında İslam Əməkdşalıq Təşkilatının (İƏT) və digər müsəlman ölkələrinin  Azərbaycanın İsraildə səfirlik açmasına biganə qalmamağa səsləyir. Ancaq riyakarlığı dövlət siyasəti səviyyəsində həyata keçirən Tehran rejimi özü İƏT-in Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini pisləyən qətnamələrinin tələblərinə biganə qalmır, əksinə, işğalçıya hərtərəfli dəstək verir. Belə bir ölkə Azərbaycanı hansı addımına görə ittiham edə bilər. Bu gün Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə kimi ölkələr Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə, diplomatik münasibətlər qurmur. Amma İran isə terrorçu bir dövlətə istənilən dəstəyi verir. Bu bir daha  İran dövlətinin idarəçilik mahiyyətini ortaya qoyur. Çünki İran özü  dünyada beynəlxalq  terror dəstəkləyib, onu təşviq və ixrac edən ölkə kimi tanıyır və buna görə də bu   siyasətinə görə, ən sərt sanksiyalarla üzləşir. Azərbaycan da İranın terror siyasətindən əziyyət çəkən ölkələrdəndir. İran Azərabycanın müstəqilliyinə qəsd etmək üçün ölkəmizin daxilində özünün terror şəbəkəsini yaradıb və zaman-zaman terror aktları həyata keçirməyə cəhd edib. İranın Azərbaycandakı terror cəhdləri ilə bağlı faktları sadalasaq  böyük bir siyahı alınar.  Son vaxtlarda Tehrandakı səfirliyimizdəki terror aktını və deputat Fazil Mustafaya qarşı  sui-qəsd  faktlarını sadalamaq  kifayət edər. Ona görə də İran başqasını nədənsə qınamaq istəyirsə, ilk növbədə öz yürütdüyü siyasətə diqqət yetirsə yaxşı olar. Özündəki nöqsanı görməyib, başqasını kor-koranə ittiham etmək heç bir  effekt verə bilməz. Bundan daha çox qarşı tərəf ziyan çəkər.

Azərbaycanın İsraildə səfirlik açması  kiməsə qarşı yönəlməyib. Əksinə bu gün Azərbaycanla Fələstin arasında  çox yüksək münasibətlər var və hər zaman dəstək verib. Azərbaycan rəsmiləri dəfələrlə Fələstinə səfər edərək onların üzləşdikləri problemə şərik olublar. Onların üzləşdiyi problemin  beynəlxalq müstəvidə həlli istiqamətində səylər göstərib. Bu yaxınlarda İsrailə səfər edən  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  Fələstində də olub və onların rəhbər şəxsləri ilə görüşlər keçirib. Əksinə Azərbaycanın İsraildə səfirlik açması bu problemin  həllinə də öz töhfəsini verə bilər.

Digər tərəfdən Cənubi Qafqazın təhlükəsizliyinə təhdid yaradan İran-Ermənistan “müttəfiqliyindən” fərqli olaraq İsrail-Azərbaycan münasibətləri bölgədə   sabitliyə və əməkdaşlığın inkişafına  xidmət edir”.

Mürtəza
Paralel.az

0.018532991409302