Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVIII yazı
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)
XVIII YAZI
QURANİ-KƏRİM BUYURUR Kİ, İNSAN HİDAYƏT ÜÇÜN BU ADDIMLARI ATMALIDIR:
- məsuliyyətli varlıq olduğunu qəbul etməli, üzərinə düşən işləri yerinə yetirməlidir: “De: Əgər mən azsam (dəlalətə düşsəm), öz əleyhimə azmış olaram, yox əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhy hesabına mümkün olar. Şübhəsiz, O, hər şeyi eşidir, O, (quluna şah damarından) çox daha yaxındır”; (34/50)
- iman etməlidir, iman etsə, Allah ona rəhbər olar: “Əgər doğru yolda olsam, bu yalnız Rəbbimin mənə göndərdiyi vəhylə mümkün olar...”; (34/50)
- Allaha (Onun kitabına) sımsıx sarılmalıdır: “Hamınız birlikdə Allahın ipinə sarılın, bir-birinizdən ayrılmayın...”; (3/103)
- kimsənin arxasınca kor-koranə düşməməlidir: “Onlara: “Allahın endirdiklərinə uyun!” – deyildiyi zaman: “Xeyr, biz atalarımızın ənənəsinə tabe olarıq”, - deyərlər. Ataları ağıllarından heç istifadə etməmiş, doğru yolu tapmamışlarsa, necə olacaq?”; (2/170)
- cihad etməlidir: “(Biz) davamız uğrunda var gücünü xərcləyənləri, əlbəttə, Öz yollarımıza yönəldəcəyik, şübhəsiz, Allah yaxşı və ərdəmli olanların yanındadır”; (29/69)
- hidayətə yönəltməyi istəməli, onun üçün dua etməli, çalışmalıdır: “Bizi doğru yola yönəlt!”; (1/5)
- hidayətə tabe olmalıdır: “... Hər kim (ona çatan) rəhbərliyə tabe olsa, artıq onun üçün gələcək qorxusu yoxdur, keçmişdən dolayı hüznlü də olmayacaq”; (2/38)
- azmamaq üçün çalışmalıdır: “... Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma, bizə yanından bir rəhmət bəxş et...”; (3/8)
- bilməlidir ki, O, azmayanı azdırmaz: “Onlar nə zaman yoldan azdılarsa, Allah da Onların qəlblərinin azmasına izin verdi”; (61/5)
QURANİ-KƏRİM BUYURUR Kİ, BU İŞLƏR İNSANIN AZMASINA YOL AÇAR:
- ənənəyə kor-koranə bağlılıq: “... Onlar: “Atalarımızın ənənəvi bir inanca bağlı olduğunu gördük, biz də onların izindən getsək, mütləq doğru yolu tapa bilərik”, - deyirlər”; (43/22)
- doğru yolda olduğunu zənn etmək: “Onlara: “Allahın endirdiyinə və peyğəmbərə gəlin!” - deyiləndə: “Atalarımızın ... inancı bizə yetər!” - deyirlər”; (5/104)
- arzu və həvəsinin arxasınca getmək: “Ondan (Rəbbin ayələrindən) üz çevirən kimsədən daha zalım biri ola bilərmi?”; (18/57)
- zülm etmək: “Xeyr, (özlərinə) zülm edən kimsələr bilgisiz və şüursuzca öz arzu və həvəslərinə tabe olurlar. Artıq Allahın (bu şəkildə) azdırdıqlarını kim doğru yola yönəldə bilər ki?”; (30/29)
- Allahın ayəsini (ayələrini) bilmədən ehkam kəsmək (hökm vermək): “Onlara doğru yolun bilgisi gəldiyi zaman insanları ona inanmaqdan uzaqlaşdıran şey bu cür (belə) düşünmələridir: “Bu, necə ola bilər? İndi Allah fani bir insanımı elçi göndərdi?”;(17/94)
- şeytana uymaq: “... Şeytanı dost seçənlər ola bilər, əlbəttə, (şeytan) o tipləri azdırar, yaxıb-yandıran bir əzaba yönləndirər”; (22/4)
- axirətə inanmamaq: “... Doğrusu, Allahın hüzuruna çıxarılacaqları həqiqətinin yalan olduğunu söyləyən, doğru yola yönəlməməkdə israr edən kimsələr (o gün) hər şeyi itirmiş olacaqlar”; (10/45)
- öncə iman edib, sonra inkara yönəlmək: “... Onu inkar etsəniz, unutmayın ki, göylərdə və yerdə olan hər şey Allaha aiddir”;
- ehtiyacsız olduğunu düşünmək: “Bəli, bəli, insan mütləq azar, ehtiyacsız olduğunu düşünəndə...”; (96/6-7)
Ardı var...
Paralel.az