Ramazan orucu Allahın ərbiyə proqramıdır - XV yazı

Ramazan orucu Allahın ərbiyə proqramıdır - XV yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

Allah oruc ayələrində ilahi tərbiyə proqramına uyğun olaraq məsələləri addım-addım izah etdi. Onun tərbiyə sisteminin bu özəllikləri var:

a) mərhələlik – tərbiyə çətin, uzun, mərhələli işdir; b) tərbiyədə məcburiyyət deyil, inandırma əsasdır, inandırmanın canı da lehdə, əlehdə olan dəlilləri ortaya qoymaqdır;

c) mərhəmət və şəfqət – bu, ilahi tərbiyənin ən önəmli ölçüsüdür – sevmədiyinizi tərbiyə edə bilməzsiniz;

d) ardıcıllıq – az olsun, davamlı olsun ölçüsü;

e) mükafat və cəza –Allah doğru yola yönələnə mükafat, yönəlməyənə cəza vəd edir;

ALLAH bir neçəsini saydığımız tərbiyə ölçülərinə uyğun olaraq öncə oruc ibadətini fərz qaldı (“yazdı”), sayılı günlər buyurdu – sınırı göstərdi, öncəki ümmətləri yada saldı, orucun önəmini, dəyərini açıqladı, izinli olanları saydı, orucun hikmətinin təqva ilə bağlı olduğunu vurğuladı, müjdə verdi, psixoloji hazırlığı tamamladı, sonra incəlikləri təqdim etdi.

RAMAZAN Qurani-Kərimin doğum ayıdır, vəhyin nazil olmağa başladığı qədir / qiymət / dəyər gecəsinin min aydan (səksən üç il – bir insan ömrü) daha xeyirli olmasının, Ramazana ayların soltanı deyilməsinin (bu, Qurana aid ifadə deyil) səbəbi də Qurani-Kərimdir.

Qurani-Kərimin bir Ramazan gecəsi nazil olmağa başlaması da təsadüf deyil –Allahın təsadüf adlı qanunu yoxdur. O, zaman dilimi olaraq məhz gecəni seçmiş, bu mesajı vermişdir: Qurani-Kərim insanları qaranlıqlardan (bu söz cəmdədir, belə ki, yanlış cavablar saysız-hesabsızdır) aydınlığa (bu söz təkdədir, belə ki, doğru cavab birdir, həqiqətin qaynağı təkdir – Allahdır, sənə görə, mənə görə həqiqət olmaz, olsa, milyonlarla həqiqət ortaya çıxar, yəni ölçü olmaz, ölçü yoxdursa, əxlaq da yoxdur, əxlaq yoxdursa, sağlam həyat imkansızdır) çıxarmaq üçün nazil edildi. Ey insan, Qurani-Kərim nazil olmağa başladığı gecəni nura çevirdi, gecəni min aydan daha xeyirli etdi, sən bu KİTABA iman etsən, cəhalətin qaranlıqlarından qurtular, nura – elmə, hidayətə qovuşar, dəyər qazanarsan...

“... Ramazana hörmət Qurana hörmətdir, Qurana hörmət Allaha hörmətdir. Ramazana hörmətin ölçüsü isə onu oruclu keçirməkdir. Belə ki, o (Ramazan) insanlığa rəhbər olan, haqqı batildən ayıran vəhyi əlindən tutaraq insanlığa təqdim etmişdir. Ramazan dəyərini Quran ayı olmasından alır”.
Ardı var...

Paralel.az

0.028982877731323