Çin - Rusiya görüşünün nəticələri
Siracəddin Hacı:
1) Beynəlxalq Cəza Məhkəməsinin qərarı
Beynəlxalq Cəza Məhkəməsi zalım Putinin həbsi ilə bağlı qərara imza atdı. Bu mərhələdə qərarın icrası mümkün görünməsə də, önəmli olan məsələnin siyasi, psixoloji yönüdür. Məhkəmə birbaşa Putini hədəf seçir, ona siyasi-psixoloji təcrid tətbiq edir, ünsiyyət imkanını azaldır, təkləyir, deyir ki, Putin savaş canisidir, onunla əlaqə qurmayın, iş görməyin, bu qərar Rusiyada Putinə qarşı olan qüvvələri cəsarətləndirir, hakimiyyətdaxili mübarizəni gücləndirir...
Çin rəhbərinin Rusiyaya səfəri öncədən planlaşdırılsa da, Beynəlxalq Cəza Məhkəməsinin qərarından sonra gerçəkləşdi – məhkəmənin məhz bu mərhələdə qərar çıxarmasını Çin rəhbərinə Moskvaya getmə mesajı kimi də oxumaq olar. Putinin həbsi ilə bağlı qərar Çin rəhbərinin mövqeyinə təsir göstərmədi, o, geri çəkilmədi, zəif görünmək istəmədi, Putinin gücünün daha da azalması onun işinə yaradı, istədiklərini əldə etmək, xilaskar, böyük, ağa kimi görünmək imkanı artdı, səfərin ən yüksək səviyyədə olmasını istədi, təşkil etdi, savaşdan sonra ilk dəfə Moskvaya getdi, iki gün bu şəhərdə qaldı, önəmli açıqlamalar verdi. Səbəb budur: Çinin Rusiya ilə bağlı strateji hədəfləri var, o, Çinin himayəsində olan, ondan asılı vəziyyətə düşmüş Rusiya istəyir, Rusiyanın imkanlarından maksimum faydalanmağa çalışır, Rusiyadan boşalan, boşalacaq məkanlara yerləşir, yerləşəcək, dünyanın ən böyük iqtisadi gücü olmağa can atır. Alimlər deyirlər ki, bu gediş davam etsə, Çin 2050-ci ildə ABŞ-dan daha güclü dövlət olacaq...
2) Çinin Rusiyaya baxışı
Çin də, Rusiya da böyük dövlətdir, ikisi də BMT Təhlükəsizlik Şurasının üzvüdür, qonşudurlar, ideoloji bağları da, ortaq çıxarları da, mənafe ayrılıqları olan məsələlər də var. Ukraynanı işğal hərəkatı Rusiyanı zəiflətdi, ənənəvi tarazlıq pozuldu, Çin-Rusiya münasibətləri yeni mərhələyə daxil oldu, Çin üçün təhlükələr də ortaya çıxdı, fürsətlər də. Siyasi-ideoloji təhlükə odur ki, Rusiyanın zəifləməsi yeni dünya nizamının formalaşmasını sürətləndirdi. Çin Rusiyadakı diktatorluq sisteminin çökməsini, Rusiyanın parçalanmasını istəmir, belə ki, Çində də diktatorluq var, Rusiyadakı rejim onun üçün qoruyucu vasitədir, bu siyasi-ideoloji müdafiə xətti qırılsa, Çindəki siyasi nizam da dağıla bilər, totalitarizmin Rusiya qalası yıxılsa, Çin qalası da yıxılar. Bu tezisin dəlillərindən biri odur ki, Çin rəhbəri Putinə iki əsas mesaj verdi: a) dedi ki, Putin 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcək – Rusiyada rejim dəyişikliyi istəmirəm, Rusiyanın bütöv qalmasının təminatı Putindir, o, Çinin hədəflərinə uyğundur; b) bildirdi ki, dünyada son yüz ildə olmayan dəyişim yaşanır, biz birlikdə bu dəyişimin içində yer almalı, bir-birimizi qorumalıyıq, siyasi, ideoloji, iqtisadi, hərbi savaşın tərəfləri bəllidir: bir tərəfdə ABŞ, Avropa, o biri tərəfdə Rusiya, Çin var.
Çin Rusiyanın qalib olmasını – güclənməsini də, məğlub olub dağılmasını da istəmir, zəif, Çindən asılı, onun idarə etdiyi Rusiya istəyir. Deyir ki, atəşkəs olsun, bilir ki, Ukrayna ilə savaş davam etsə, Rusiya daha da zəifləyəcək, rejimin çökmə, Rusiyanın dağılma qorxusu ortaya çıxacaq. Çin Rusiya ilə Ukraynanın savaşında tərəfsiz görünməyə çalışsa da, Rusiyanın yanındadır. Rusiyaya işğal etdiyin əraziləri tərk et ki, sülh olsun demir – Rusiya işğal etdiyi ərazilərdən geri çəkilsə, Putin rejiminin çöküşü sürətlənər. Çin 12 maddəlik layihə təqdim edir, bu layihə ümumi sözlərdən ibarətdir, dolayı yolla Ukraynaya deyir ki, işğal olunmuş ərazilərinin itkisi ilə barış, savaş bitsin.
Çin Rusiyaya siyasi, ideoloji, diplomatik, informasiya dəstəyi versə də, güclü hərbi dəstək vermir, Rusiya haqlıdır demir, onu qoruyacağını söyləmir, ABŞ və Avropa ilə ciddi iqtisadi əlaqələrinin qırılmasını istəmir, passiv dəstək nümayiş etdirir.
Rusiya zəiflədikcə Çindən asılılığı artır, Avropadan qırılan Rusiya qurtuluş üçün Çinə bağlanır, Çin bundan istifadə edir, Rusiyanın iqtisadi imkanlarını ucuz qiymətə Çinə daşıyır...
Paralel.az