Multikulturalizm, tolerantlıq
Azərbaycan xalqının qanındadır

Multikulturalizm, tolerantlıqAzərbaycan xalqının qanındadır
 

Başqa dillərə, dinlərə və mədəniyyətlərə Azərbaycandakı kimi
dövlət səviyyəsində qayğı göstərilməsinə nadir hallarda rast gəlinir

 Bəzən xarici mütəxəssislər və ictimai xadimlər Azərbaycanda formalaşan dini və milli tolerantlıq, multikultural mühitin yaranma səbəbləri üzərində baş sındırırlar. Çünki son illərə qədər beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşmışdı ki, tolerantlıq mühiti yalnız inkişaf etmiş, qədim demokratik ənənələrə malik bir ölkədə mövcud ola bilər. Lakin ötən əsrin tarixi təcrübəsi göstərdi ki, milli və dini azlıqların hüquqları daha çox hərtərəfli inkişaf etmiş ölkələrdə pozulur. Hətta, ötən əsrin sonlarına qədər Avropanın öndə gedən ölkələrində eyni millətdən olan, eyni inanclara sahiblənən insanlar arasında belə, ayrı-seçkiliyin olduğu müşahidə edilirdi. Məsələn, bu gün də Böyük Britaniyada qədim aristokrat ailələri özlərini bütün cəmiyyətdən ayırır, ali silkə mənsub olduqlarını hər vəchlə cəmiyyətin diqqətinə çatdırmağa çalışırlar. Əlbəttə, belə bir cəmiyyətdə tolerant mühit yaratmaq, mulitkultural dəyərlərə malik olmaq çox cətin məsələdir. Bu gün ingilis aristokratlarının ali silk yaratmasının özü, cəmiyyət üçün çox pis bir nümunədir. Ona görə ki, cəmiyyətin daha aşağı təbəqələri də, bu nümunədən istifadə edərək, öz səviyyəsində təbəqələşmə yaratmağa çalışır.

Bunları qeyd etməklə, diqqətə çatdırmaq istəyirik ki, bəli, demokratik cəmiyyətdə tolerantlıq mühitini, multikultural dəyərləri formalaşdırmaq daha asandır, amma bunun üçün cəmiyyətin elitar təbəqəsi nümunə göstərməli, təvəzukar olmalı, insan kimi özünün digər cəmiyyət üzvlərindən yüksək səviyyəyə malik olmadığını nümayiş etdirməlidir. Avropanın əksər ölkələrində isə ictimai, mədəni və siyasi elita bu cür xarakterik keyfiyyətlərə malik deyil. Düşünürük ki, məhz Azərbaycanda Avropadakı qədər demokratiya, iqtisadi və mədəni inkişaf olmadığı halda, tolerant cəmiyyətin formalaşmasının əsas səbəblərindən biri və bəlkə də birincisi budur. Tarixin bütün dönəmlərində Azərbaycan elitası xalqın yanında olub, mənşəyinin bu xalq olduğunu təkrar-təkrar təsdiqləyib. Hətta, sovetlər dönəmində, inzibati-amirlik sisteminin hökm sürdüyü zaman da, rejim elitanın xalqla qaynayıb-qarışmasını, onlarla bərabər addımlamasını stimullaşdırırdı. Bu ideyanın təbliği üçün minlərlə filmlər çəkilib, romanlar yazılıb və s. Həmin ənənə bu gün də davam etdirilir, məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il öz ad gününü cəmiyyətin ən çox zərər çəkmiş təbəqəsi olan qaçqın və məcburi köçkünlərlə birgə keçirir. Ancaq buna tam əminik ki, nəinki Böyük Britaniya kralı, baş naziri, heç lordları da bunu özlərinə rəva bilməzlər. Çünki bu dövlətlərdəki demokratiya, insan haqqları, azadlıq kimi, anlayışlar təbliğat və görüntü xarakteri daşıyır. Azərbaycanda isə, tolerantlıq xalqın həyat tərzidir və dövlət tərəfindən də ən yüksək səviyyədə dəstəklənir.

Çünki multikulturalizm, tolerantlıq bizim adət ənənəmizdədir.

Avropalılar, amerikalılar isə tolerantlığı sadəcə olaraq, dözümlülük kimi başa düşürlər, lakin buna da lazımınca uyğunlaşa bilmirlər. Məsələn, dünyada demokratiyanın beşiyi kimi qəbul olunun Amerikada lap yaxın vaxtlara qədər,  başqa millətlərə, irqlərə qarşı ayrı-seçkilik, dözümsüzlük hökm sürürdü. Azərbaycanda isə tarixin ən qədim zamanlarından bəri tolerantlıq, dözümlülük kimi, anlayışlar xalqın gündəlik həyatında yaşadıqları adi hal olub. Burada heç zaman azsaylı xalqlar və dinlər arasında ayrı-seçkilik halları olmayıb. Azərbaycanda mövcud olan etnik və dini tolerantlıq ənənələri, xarici ölkələrin təcrübəsindən məlum olan konkret nümunələrdən xeyli dərəcədə fərqlənir. Biz bu ənənələrdən və normalardan bəzən tolerantlığın azlığı üzündən deyil, çoxluğu üzündən kənara çıxırıq. Belə ki, ənənəvi olaraq hər bir ölkədə əsas etnos, etnik-milli özək önə çəkilir, üstün sayılır və ilk növbədə onun inkişafı üçün hər cür şərait yaradılır. Başqa etnik qruplara və başqa dinlərin nümayəndələrinə isə imkan daxilində dözümlü münasibət bəslənilir və yerli icmaların öz dinlərini və mədəniyyətlərini qoruyub saxlamasına maneçilik törədilmir.Yəni məqsəd bundan ibarətdir. Lakin bu cür tolerantlıq, əsasən assimilyasiya ilə nəticələnir. Azərbaycanda isə tolerantlıq və dözümlülük bir problem kimi heç vaxt ortaya çıxmadığından, burada bəlkə də, dünyanın heç bir ölkəsində rast gəlinməyən fərqli bir situasiya mövcuddur. Biz dünyada qəbul olunmuş tolerantlıq modelindən fərqli olaraq, bütün dinlər və bütün etnik mədəniyyətlərə eyni dərəcədə, eyni meyarlarla yanaşırıq. Buna görə də, ölkəmizdə nəinki tolerantlıq təmin edilib, hətta mədəni plüralizm və multikulturalizm üstünlük qazanıb. Bizdə söhbət bir aparıcı etnosun başqalarına dözümündən deyil, özünü başqaları ilə tam bərabər vəziyyətdə görməsindən gedir. Belə bir bərabərliyin dünya miqyasında indiyədək ancaq insan haqları, söz azadlığı və sair bu kimi fundamental sahələrdə təmin olunması uğrunda mübarizə aparılır. Buraya dini və irqi ayrı-seçkiliyi də aid etmək olar. Amma başqa dillərə, dinlərə və mədəniyyətlərə dövlət səviyyəsində qayğı göstərilməsi çox nadir hallarda rast gəlinən hadisədir. Məsələn, bütün ölkələrdə ancaq dövlət dilində təhsilin maliyyələşməsi büdcə hesabına həyata keçirilir. Başqa dillərdə təhsilə isə, ya yol verilmir, ya da, ən yaxşı halda, icmaların hesabına maliyyələşdirilir. Misal üçün, onu qeyd edə bilərik ki, qonşu İranda dövlət ancaq fars dilində təhsili maliyyələşdirir, erməni dilində məktəblər erməni icması tərəfindən maliyyələşdirilir, əhalinin böyük əksəriyyətini təşkil edən azərbaycanlıların isə, öz dilində məktəb açmalarına şərait yaradılmır. Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən yeganə Azərbaycan məktəbi də, orada fəaliyyət göstərən icma tərəfindən maliyyələşdirilir. Bu kimi hallar əksər Avropa ölkələrinə də aiddir. Almaniyada 3 milyondan artıq türkün yaşamasına baxmayaraq, dövlət türk dilində məktəblər açmır. Azərbaycanda isə situasiya tamamiylə fəqlidir. Ölkəmizdə  ingilis dilində məktəblərin sərbəst fəaliyyət göstərməsi, xarici vətəndaşlar üçün ərəb, fars, türk dillərində məktəblərin açılmasına şərait yaradılması, rus dilində məktəblərin isə hətta dövlət tərəfindən maliyyələşdirilməsi, sadəcə, tolerantlığın deyil, ən yüksək səviyyəli beynəlmiləlçiliyin bariz nümunəsidir. Bu başqa cür də ola bilməz, çünki Azərbaycan ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olub. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütovlüyünə və tarixinə onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən irəli gəlır. Azərbaycanın və azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən azərbaycançılığın ortaq dəyər və sərvətlərə arxalanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olub və heç şübhəsiz ki, bundan sonra da olacaq.

Bunun qarşısının alınmasının yeganə yolu ölkəmizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanların, eləcə də, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, məhz azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir.

Bu baxımdan Azərbaycan multikulturalizmi azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik, milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuş tərkib hissəsi kimi dünyada baş verən assimilyasiya, izolyasiya (təcridolma), milli və dini ayrı-seçkiliyə alternativ olaraq təqdim oluna  bilər. Multikulturalizm cəmiyyətin tarixi inkişafının məhsulu, cəmiyyətdə baş verən proseslərdən qaynaqlandığı üçün öz mahiyyətinə görə, ictimai hadisədir. İctimai hadisə kimi formalaşan multikulturalizm həyatın digər sahələrinə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) öz təsirini göstərir, onlarla qarşılıqlı münasibətdə olan multikulturalizmin fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır.

Hazırda ölkəmizdə 80-dən çox azsaylı xalq yaşayır. Bu  xalqlar qafqazdilli, irandilli, türkdilli, slavyandilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udinləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri, avarları və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq torpaqlarımızda məskunlaşıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən toplantıda qeyd edib ki,"Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edirik".

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.85055994987488