“Danışan at”

“Danışan at”
 

Qəzənfər Həmidoğlu:

Roma imperatoru Kaliqulanın “Porsellius” (“Donuz balası”) adlı sevimli atı vardı. Kaliqula əvvəlcə atının adını dəyişib “İnsitat” (lat. Incitatus, "sürətli") qoydu, sonra ona Roma vətəndaşlığı verdi. Daha sonra imperator İnsitatı senator və konsulluğa namizəd elan etdi.

Kaliqulaya sui-qəsddən sonra İnsitatı Senatdan qovmaq istədilər, amma Roma qanunlarına görə senatorun səlahiyyət müddəti başa çatmadan kimsə ona toxuna bilməzdi. Üstəlik digər senatorlardan fərqli olaraq İnsitat kimsəyə pislik etməmiş, imperatora axmaq məsləhətlər verməmişdi. Senator İnsitat heç danışmazdı, arada bir Senatda Kaliqulanı görəndə səmimi-qəlbdən kişnəyərdi. Çox tərbiyəli heyvan idi, soncuqlamazdı, Senatda işini bitirən kimi birbaşa mərmər, fil dişi, qızıl və mirvarilərlə bəzədilmiş tövləsinə qayıdar və al-qırmızı örtüyün üzərinə uzanıb dərin düşüncələrə qərq olardı...

Kaliqulanın atından fərqli olaraq Putinin baş diplomATını – “Danışan at” (“Говорящая Лошадь”) ləqəbli Sergey Lavrovu kimsə susan görmədi, üstəlik, adam qəfil “kişnəmə”ləri ilə məşhurdur. Lavrovun dönəmində Rusiya XİN daha çox Təbliğat və manipulyasiya nazirliyinə çevrilib, aqressiv-depressiv yarımcan imperiyanın diplomatik-taktik geosiyasi gedişləri üçün əcaib və ədəbsiz təkliflər, planlar, ssenarilər və mesajlar istehalı ilə məşğuldur.

Novruz ərəfəsində Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə “Qarabağın statusu” məsələsi ilə bağlı Donbas və ya Kosovo variantlarını xatırlatmasını da bu kontekstdə dəyərləndirmək lazımdır. “Danışan at”ın fikirlərində yeni bir şey yoxdur. Kimsə deyə bilər ki, Lavrovun Donbas-Kosovadan danışması təhlükəlidir, Moskvanın çirkli niyyətlərini üzə çıxarır. Amma bu, sadəcə məlumun elanıdır – Rusiya nə vaxt Azərbaycan üçün təhlükəsiz, xoş niyyətli olub?!. Üstəlik, ilin-günün bu vaxtında lideri hərbi cinayətkar elan edilən Rusiyadan nəinki xoş məram, hətta neytrallıq ummaq üçün, yumşaq desək, gərək qeyri-adekvat olasan.


Təbii ki, Rusiya Qarabağdan, bütünlükdə Cənubi Qafqazdan dəf olub gedəcəyi günədək region üçün başlıca problem, əsas təhlükə mənbəyi olaraq qalacaq. Hazırda postsavaş dönəminin yaxın və ortamüddətli perspektivdə həll ediləcək iki problemindən biri Qarabağda yaşayan ermənilərlə dil tapmaqla yanaşı, diplomatik oyunlarda statusun hər hansı müzakirə predmetinə çevrilməsinin, özəlliklə də məsələni beynəlmilləşdirmə cəhdlərinin qarşısını hər vəchlə kəsməkdir. Yəni, daha vacibi bu mövzuda rəsmi Bakının siyasi tövrü, “Danışan at”ı susduracaq, Qərbin təzyiqlərini zərərsizləşdirəcək manevr və arqumentləridir. Bunun üçün Azərbaycan imkanlara sahibdir, yetər ki, danışıqlar masasında, qlobal və regional geosiyasi oyunçularla münasibətlərdə hələ də malik olduğumuzu təşəbbüs və fürsətləri əldən qaçırmayaq...

Paralel.az

 

0.063400030136108