Ölçü və çəkidə aldatmaq

Ölçü və çəkidə aldatmaq
 


Cabir bin Abdullah Rəsulullahın (s.ə.s) belə dediyini söyləmişdir: "Əgər tərəzidə nəyisə çəksəniz ağır edin". Hədis səhihdir. İbn Macə, Ticarət, 34.
Bu hədis ona görə səhih və etibarlı hədisdir ki, tərəzidə və ölçüdə düz ölçmənin, doğru çəkmənin vacib olması ilə bağlı Quranda olan ayələri təsdiq edir. Tərəzidə və ölçüdə düzgün olmaqla bağlı Qurani Kərimdə ayələr var. Allah təala Qurani Kərimin Ənam surəsinin 152-ci ayəsində buyurur: "..Ölçüdə və çəkidə düz olun..".
Qurani Kərimin İsra surəsinin 35-ci ayəsində belə buyrulur: "Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!".
Tərəzidə düz çəkməklə bağlı Qurani Kərimdə Şüara surəsi 181-184-cü ayələrdə belə deyilir: "Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın! Düz tərəzi ilə çəkin! İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin! Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!”
Qurani Kərimin Rəhman surəsinin 7-9-cu ayələrində belə buyrulur: "Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz). Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)".
Quranın Hud surəsinin 85-ci ayəsində belə buyrulur: "Ey qövmüm! Ölçüdə və çəkidə düz (ədalətli) olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin (adamların mallarının dəyərini aşağı salmayın, hər kəsin haqqı nə isə, onu da verin). Yer üzündə gəzib fitnə-fəsad törətməyin!".
Ölçüdə və çəkidə aldadanlar haqqında Allah təala şiddətli danışır. Əl-Mutəffifin surəsinin 1-9-cu ayələrində buyurur:
"1 Vay halına çəkidə və ölçüdə aldadanların!
2 O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
3 Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
4 Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
5 Özü də dəhşətli bir gündə?!
6 O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!
7 Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!
8 Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)
9 O, yazılı bir kitabdır!"
Bir məsələni də bilmək vacibdir ki, Allah təala Qurani Kərimdə bildirir ki, tərəzini, ölçünü biz qoymuşuq, yəni ölçünü, tərəzini Allah müəyyən edib. Belə ki, Rəhman surəsinin 7-ci ayəsində belə buyrulur: "Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini, ölçünü) O qoydu!".
İndi bir vacib detalı qeyd etmək istəyirəm. Allahı inkar edən bütün insanlara səslənirəm sizcə Allah təala belə deməklə sizə, ya sizin yaşadığınız cəmiyyətə nəsə mənfilik gətirirmi? İsrarla inkar etdiyiniz Allah sizin yaşadığınız cəmiyyətin düzəlməsini, insnaların bir-biri ilə doğru, dürüst, ədalətlə rəftar edə bilməsini sizə tövsiyə etmirmi? Sizlərdən hansınız istərsiniz ki, tərəzidə sizi aldatsınlar. Heç biriniz razı olmazsınız. Əslində sizin cəmiyyətdən uzaq tutmaq istədiyiniz Allah sizin xeyriniz üçün edir bunları. Siz Allahı inkar edirsiniz, ancaq Allah sizi sevir, sizi qoruyur, sizə ruzi verir, gözəl bir cəmiyyət qurmanızı istəyir. Siz isə öz Rəbbinizi israrla inkar edirsiniz. Məncə siz tərəzidə düz çəkmirsiz bu haqsızlığı etməklə. Çalışın nemətlərinizin artımı üçün, bolluq bərəkətlilik üçün tərəzinizi düzəldin.
Müəllif: Əkrəm Həsənov.

"Paralel.az"

0.016970157623291