Ramazan orucu Allahın tərbiyə proqramıdır - XII yazı
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Sayılı günlərdə... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə (oruc tutar) və (bunlar arasından) ona gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir. Kim daha çox xeyir işlərsə (xeyir işləri olarsa), özü üçün daha yararlı olar, ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin üçün daha xeyirlidir” (2/184)
QURANİ-KƏRİM deyir ki, Allah insana gücü çatmayacaq yükü yükləməz, Allah Rəsulu buyurur ki, çətinləşdirməyin, asanlaşdırın, nifrət etdirməyin, sevdirin. İslam alimləri şərh etdiyimiz ayəyə əsaslanaraq Ramazan ayında oruc tutmamağa izin verən halları belə sıralamışlar:
a) yolçuluq –bir adam Ramazan ayında səfərə çıxsa, səfər məsafəsi ən azı doxsan kilometr olsa, gecədən oruca niyyət etməyə bilər. Niyyət etdikdən sonra yolçuluğa çıxsa, orucunu pozmamalıdır (hər hansı bir istisna hal ortaya çıxmasa, məsələn, xəstələnər, qəza olar, yaralanar...). Bir ibadət başlanmışsa, onu pozacaq ciddi səbəb yoxdursa, o ibadət tamamlanmalıdır. Səfəri olan bir insan orucunu pozsa, sonra qəza etməli, yəni günə gün oruc tutmalıdır;
b) xəstəlik – bir insan oruc tutanda xəstəliyi artır, sağlamlığı pozulursa, o, Ramazan ayında oruc tutmamalıdır, sağaldıqdan sonra günə gün qəza etməlidir. Həkim bir insana sən oruc tutsan, xəstələnəcəksən deyirsə, o insan da xəstə sayılır;
c) qocalıq – oruc tuta bilməyəcək qədər yaşlı olan bir insan oruc tutmaz, oruc tutmadığı hər gün üçün bir fidyə verər. Sağalmaq ümidi olmayan xəstələr də oruc tutmadığı hər gün üçün fidyə verməlidirlər. Bir xəstə sağalacaqsa, Ramazan orucunu sağlamlığına qovuşduğu dövrdə günə gün qəza etməlidir, fidyə verməsinə ehtiyac yoxdur. Fidyə vermək hökmü heç bir halda oruc tutmaq imkanı olmayacaq insanlara aiddir. Təbii ki, oruc tuta bilən bir insanın yoxsullara yardım etməsi də gözəl davranışdır, həm oruc tutur, həm də yoxsulları doyurur, nəticədə, savab üstünə savab qazanır;
d) çox aclıq və susuzluq – bir insanın aclıq, susuzluq səbəbi ilə sağlamlığı ciddi zərər görərsə, o, orucunu poza bilər, sağlamlığına qovuşduqdan sonra isə Ramazan orucunu günə gün qəza edər. Aclıq, susuzluq bir insanın ölümünə yol açarsa, o insanın orucunu pozmaması haramdır;
e) ağır, məşəqqətli işlərdə çalışmaq – bu işlərdə çalışan bir insan oruc tutacağı halda sağlamlığının pozulacağını düşünürsə, oruc tutmaya bilər. Uyğun bir zamanda Ramazan orucunu günə gün qəza etməlidir;
f) hamilə olmaq və uşaq əmizdirmək - hamilə olan, ya da uşaq əmizdirən bir qadın oruc tutacağı halda özünə, körpəsinə zərər verərsə, Ramazan orucunu tutmaya bilər, o, sonrakı dönəmdə, uyğun bir zamanda orucunu günə gün tutmalıdır;
Toplasaq, bunları deyə bilərik: Ramazan ayında oruc tutmamalarına izin verilənlər bu iznə səbəb olan hallar ortadan qalxdıqdan sonra tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar (günə gün ölçüsü). Sağalması imkansız olan xəstələr, oruc tuta bilməyəcək dərəcədə yaşlı olanlar hər Ramazan orucu günü üçün bir fidyə verməlidirlər (təbii ki, imkanları varsa). Bir oruc fidyəsi bir fitir sədəqəsi miqdarıdır. Bir fitir sədəqəsi də bir yoxsulu bir gün doyura biləcək qədər yeməkdir, ya da o yeməyin qarşılığı olan puldur.
Ardı var...
Paralel.az