Təbii gözəlliklərilə Artvin şəhəri

Təbii gözəlliklərilə Artvin şəhəri
 

Şərqi Qara dənizdə səyahətimiz davam edir. Artvin şəhərini gəzməyə başlamışdıq, amma onun dağlıq ərazilərinə, milli parklarına, kanyonlarına vaxtımız çatmmamışdı. Bu gün sizi Artvinin təbii gözəllikləri ilə tanış edəcəyəm. Artvinə yola düşmək üçün lövbər salırıq.

Artvin yaylaları və pozulmamış təbii gözəllikləri ilə tanınan bir şəhərdir. Dağ turizmi üçün turistlərin ən çox üstünlük verdiyi Qara dəniz şəhərlərindən biridir. Kaçkar, Kafkasör və Macahel Artvinin ən məşhur yaylaları arasındadır.

Kaçkar yaylası adını Şərqi Qara dəniz bölgəsindəki dağ silsiləsindən götürüb. Kaçkar yaylası çayları, gölləri və buzlaqları ilə gözün görə bildiyi qədər yaşıl bir yerdir. Ümumdünya Təbiət Fondu Kaçkar dağlarında yerləşən milli parkı “Dünyanın ilkin olaraq qorunması lazım gələn yüz prioritet bölgələrindən biri” siyahısına salıb. Bu milli parkda buzlaq dərələri və çoxlu buzlaq gölləri var. Türkiyenin ən yüksək buzlaq göllərindən biri olan “Böyük dəniz gölü” də burada yerləşir. Göl Kaçkar dağlarının zirvəsinə gedən yoldadır və ilin on ayı gölün səthi buzla örtülür. Kaçkarlar və bu dərin mavi buzlaq gölü nəfəsinizi kəsəcək bənzərsiz bir mənzərə təqdim edir.

Artvinin digər məşhur yaylası isə ziyarətçiləri valeh edən Kafkasör yaylağıdır. Gözün gördüyü yerə qədər uzanan kələ-kötür göyərtilər, enişli-yoxuşlu, heç vaxt görmədiyin çiçəklər, eynilə insanı başqa bir dünyaya aparır. Kafkasör yaylasını digərlərindən fərqləndirən xüsusiyyət hər il iyun ayında keçirilən yayla festivalları və bu festivallarda keçirilən öküz döyüşləridir. Ancaq dərhal qeyd edək ki, bu güləşlərin İspaniyadakı güləşlərlə heç bir oxşarlığı yoxdur. Kafkasördə üz-üzə duran öküzlər sadəcə bir-birini itələyir və qalib gəlməyə çalışırlar.

Gəzinti yolları, geniş çəmənlikləri, irili-xırdalı gölləri ilə Arsiyan yaylasına keçək. Bu yayla “sakit şəhər” adını daşıyan Şavşat qəsəbəsinin ən diqqət çəkən təbii gözəlliklərindən biridir. Turistlər xüsusilə “Üzən adalar gölü”nə üz tuturlar, çünki göldəki yalnız bitki və torpaq yığınlarından ibarət adacıqlar küləklə yerindən oynanır...

Artvindəki dərələr və göllərdən gedən söhbət yaylalar barədə də olmalıdır. Dünyanın ən sürətli axan çaylarından biri olan Çoruh çayından başlayağın söhbətə. Çayın bir hissəsi Artvindən keçir. Çoruh çayı sürətlə axan və amansız bir çay olduğundan onun qayaları dağ yamaclarını yarıb çoxlu dərələr əmələ gətirir. Artvində vadi deyildikdə ilk xatırlanan Çoruh vadisidir. Adətən dar və dərin dərələrdə irəliləyən bir vadi olduğu üçün raftinq həvəskarlarının vazkeçilməz ünvanıdır. Ev sahibliyi etdiyi bitkilər də alimləri buraya cəlb edir. Çünki bəzi bitki növləri dünyada ancaq burada bitir.

Artvində başqa bir vadi də Cəhənnəm dərəsi kanyonudur. Bu vadi dünyanın bir neçə kanyonu arasında göstərilir. Vadinin yalnız bir nəfərin keçə bildiyi qədər dar hissələri macəra həvəskarlarını cəlb edir. Daşlı və sıldırımlı cığırları izləməklə çatılan kanyonun mənzərəsi insanın nəfəsini kəsir.

Artvinin digər bir vadisi Hatile vadisidir. Hatilə vadisi sıldırım qayaları, səthi çatlaqlardan əmələ gələn şəlalələri və prizma şəklində yüksələn qayaları ilə fərqli geoloji quruluşa malikdir. Bu, səth xüsusiyyətlərinə və nadir növlərin yaşayış sahəsinə görə əhəmiyyətli bir vadidir. Ətrafı ilə birlikdə Milli park statusunda olan Hatilə vadisi Türkiyenin ən hündür şüşəli  terrasına da malikdir. Mənzərə ilə bütövləşmək istəyirsinizsə, bu terrasa mütləq çıxmalısınız. Əgər hündürlük qorxusunuz yoxdursa!

Artvinin görkəmli təbiət gözəlliklərindən biri də Borçkadakı Karagöl təbiət parkıdır. Təbii gözəlliklərinin qorunub saxlandığı şəkli ilə günümüzə qədər gəlib çatan Karagöl füsunkar təbiət möcüzəsidir. Karagöl Türkiyenin ilk və yeganə biosfer qoruq ərazisi olan Camiliyə gedən yol üzərindədir. Biosfer qoruq ərazisi UNESCO tərəfindən bioloji müxtəlifliyin və mədəni dəyərlərin qorunduğu və davamlı inkişaf modelini təmin edən ərazilər kimi müəyyən edilmişdir.

Sizi Artvinin füsunkar şəlalələrinə aparmaq istərdim, amma buna vaxtımız qalmadı. Maral, Mençuna, Deliklikaya, Ciro və Suatan adlarını çəkə biləcəyim o şəlalələrdən bir neçəsidir.

www.trt.net.tr

0.025245904922485