Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Sayılı günlərdə... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə (oruc tutar) və (bunlar arasından) ona gücü çatanlar üzərinə bir yoxsulu doyuracaq fidyə (vermək) zəruridir. Kim daha çox xeyir işlərsə (xeyir işləri olarsa), özü üçün daha yararlı olar, ancaq (əgər) bilsəniz, oruc tutmaq sizin üçün daha xeyirlidir” (2/184)
1) “Sayılı günlərdə...”
Mübarək (bərəkətli) Ramazan ayı Qurani-Kərim, təqva, şükür, dua, paylaşma ayıdır. Bu ayda bəlli bir müddət mədəmiz ac qalsa da, ruhumuz doyur, təmizlənirik, imanımız, iradəmiz, səbrimiz – dirəniş gücümüz, hüzurumuz, insanlığımız artır. Oruc deyir ki, fikri, ruhi böyümənin, kəşfin, anlamağın şərti sıxıntı çəkməkdir, zəhmətsiz rəhmət yoxdur, əmək sizin imkanlarınızı ortaya çıxaracaq.
ALLAH bizi addım-addım Ramazan ayında oruc tutmağa hazırlayır: yüz səksən üçüncü ayədə imanla oruc tutmaq arasında bağ qurdu, sonra keçmiş ümmətləri xatırlatdı, buyurdu ki, oruc ibadəti insanlıqla yaşıddır, sonra da oruc ibadətinin hikmətini, hədəfini açıqladı – haqqı ilə oruc tutmaq sizi təqvaya qovuşdurar, sizi qoruyar, sizə məsuliyyət şüuru verər.
Şərh etdiyimiz ayə ilahi tərbiyə proqramı olan ORUC İBADƏTİNİ tanıdan ayələrin davamıdır, Allah “sayılı günlər” buyurur. “SAYILI GÜNLƏR” ifadəsi ilə bağlı fərqli fikirlər olsa da, ayəni sıradakı yüz səksən beşinci ayə ilə bir arada oxuyanda bu günlərin Ramazan ayını nəzərdə tutduğu aydın olur: “(O sayılı günlər) Ramazan ayıdır ki...”
Fərz olan Ramazan orucu ilə bağlı ayə Mədinədə, hicrətin ikinci ili nazil oldu (“yazıldı”). Ramazan İslam Ay təqviminin doqquzuncu ayıdır. Ay təqviminə (qəməri) görə bu ay iyirmi doqquz, ya da otuz gün olur. Bu müddətdə - sayılı günlərdə imsaqdan iftaradək ibadət niyyəti ilə yeməkdən, içməkdən, cinsi əlaqədən imtina etmək oruc tutmağın əsasıdır, şərtidir, ibadətin maddi yönüdür.
Ramazan orucunun mənəvi yönləri də var, o, ÜÇ NEMƏTİ öyrədir:
a) Məkkədə Ramazan ayında nazil olmağa başlayan Qurani-Kərim nemətinə görə Allaha şükür etmək (şükür yaxşı və gözəl olanı fərq etməklə başlayar) - Qurani-Kərimə görə Allaha şükür bu biçimdə gerçəkləşə bilər: bu bərəkətli kitabı oxumaq, anlamaq, dəyərlərini həyatına daşımaq – Onun buyurduğu kimi yaşamaq;
b) nəfsə nəzarət imkanı qazanmaq - Oruc bizə ağlımızı, qəlbimizi, iradəmizi, duyğularımızı idarə etməyi öyrədir, deyir ki, nəfsinə məhkum deyil, hakim ol, nəfsi, duyğuları doğru tanımaq onları idarə etməyin ilk şərtidir.
Diqqət edin, nəfsini yox et demir, insan nəfsini yox edə bilməz, fitri olan yox olmaz, nəfsini idarə et deyir, məsələn, şəhvət duyğusu fitridir, nemətdir, belə ki, şəhvət olmasa, nəsil artmaz. Allah şəhvət duyğusunu yox et deməz (o halda, bu duyğunu niyə verdin, niyə yox et buyurursan sualları ortaya çıxar). O, bu duyğunu idarə etməyin yolunu göstərər, kəbin (nikah) qanunu qoyar, qoymuşdur. Nikah yolu ilə evlənmək şəhvət duyğusunu verən Allaha şükürdür, təbii ki, zina da xəyanət və nankorluqdur. Nikah yolu ilə evlilikdə də, zinada da şəhvət duyğusu var. FƏRQ BUDUR: nikahda şəhvət səni deyil, sən şəhvəti idarə edirsən, zinada isə şəhvət səni idarə edir, nikah yolu azadlığa, zina yolu köləliyə (nəfsin köləliyinə) yol açır, nikahda bərəkət, zinada fəlakət var, nikah sağlamlıq, zina xəstəlikdir.
c) oruc proqramı aclığı, susuzluğu tanıdır, nemətlərin dəyərini öyrədir, acları anlamağa, onlara yardıma, paylaşmağa, mərhəmətə yönəldir;
2) “... Sizdən kim xəstə, ya da yolçu olarsa, tutmadığının sayı qədər başqa günlərdə oruc tutar...” Oruc tutmağın şərtləri bunlardır: a) müsəlman olmaq; b) ağıllı olmaq; c) büluğ yaşına çatmaq – qızlar aybaşı halını yaşamağa başlayanda, oğlanlar da yuxuda olarkən boşalma (spermin axması) hiss edəndə (biləndə) büluğ yaşına çatmış sayılırlar. Qızlar və oğlanlar on beş yaşınadək bu halları yaşamasalar, on beş yaş büluğ yaşı sayılır.ALLAH ayədə iki qrupu ayrıca qeyd etmişdir: xəstələr, yolçular.
Oruc tutmaq xəstələrə də, yolçulara da fərzdir, ancaq onlar xəstə, ya da yolçu olduqları Ramazan ayında deyil, daha sonra (sağaldıqdan, yolçuluq bitdikdən sonra) günə gün qəza edərlər. Xəstəlik oruc tutmağa mane olacaq səviyyədə deyilsə, yolçu olan bir şəxsin oruc tutmağa gücü çatırsa, xəstə, ya da yolçu (səfəri) oruc tuta bilər, əks halda, o müddətdə oruc tutmamalıdırlar.
Ardı var...
CÜMƏMİZ MÜBARƏK, RAMAZANIMIZ XEYİRLİ, BƏRƏKƏTLİ OLSUN, GÖZƏL İNSANLAR!
Paralel.az