Ramazan orucu Allahın tərbiyə proqramıdır - VIII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - VIII yazı
 

Siracəddin Hacı: 
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)

TƏQVADA məsuliyyət şüuru ilə birgə əmanətə sədaqət, borcluluq düşüncəsi var: insan hər şeyini Allaha borcludur, bu borcu ödəməyin tək yolu yaradana şüurlu təslim olmaq, Onun buyurduğu kimi yaşamaqdır. TƏQVANIN kök mənası biri o birisinə zərər verən iki şeyin arasına maneə qoyaraq zərər görəni və zərər verəni qorumaqdır. TƏQVA insanın mənəvi qoruma (immun) sistemidir, çox diqqətli qorunmadır. Qurani-Kərim buyurur ki, təqva libasdır (qoruyur) (7/26), dərin məsuliyyət duyğusudur, qorxmaq deyil, qorunmaqdır, o ən dəyərli azuqədir (2/197), təqva fitridir, bütün ibadətlər imanı, iman fitrəti, fitrət də insanı qoruyur, namaz, oruc, infaq... əsgərlərdir.
QURANİ-KƏRİM müttəqiləri (təqva sahiblərini) bu ölçülərlə tanıdır, onlar:
- əhdinə vəfalı olarlar; (3/76)
- bağışlamağı sevərlər; (5/8)
- ədalətli olarlar; (5/8)
- doğru davranarlar; (9/7)
- malla, canla cihad edərlər; (9/44)
ALLAHIN TƏQVALI OLANLARA VƏDLƏRİ VAR:
- Allahın dostlarıdır; (10/62-63)
- qorxu görməyəcəklər; (10/62-63)
- Allah onlara qapı açar; (65/2)
- gözləmədikləri yerdən ruzi verər; (65/3)
- buyruqlarını asanlaşdırar; (65/4)
- günahlarını örtər; (65/4)
- böyük mükafat verər; (65/4)
- şeytanı tanıma gücü verər; (6/201)
- həqiqəti qavrama gücü bəxş edər; (6/201)
- haqqı batildən ayırma imkanı verər; (8/29)
- pisliklərinin üzərini örtər; (8/29)
- onları bağışlayar; (8/29)
- rəhmət endirər; (6/155)
Qurani-Kərimdə TƏQVA anlayışı şirkdən qorunma (48/26), müsəlman olduqdan sonra böyük və kiçik günahlardan çəkinmə (7/96), qəlbi Allahdan uzaqlaşdıracaq şeylərdən təmizləyərək Ona yönəlmə (3/102) anlamlarında da işlənmişdir.
ALLAH RƏSULU TƏQVANI BU ÖLÇÜLƏRLƏ TANITMIŞDIR:
- insanı xalqın gözündə ucaldan var-dövlət, Allahın gözündə ucaldan təqvadır;
- ey Allahım, Səndən hidayət, təqva, iffət, qəlb zənginliyi istəyirəm;
- insanların cənnətə girməsinə səbəb olan ən önəmli əməl Allahdan çəkinmək (təqva) və gözəl əxlaqdır;
- üstünlük təqvadadır;
- təqvalı insan sahib olduğu nemətin haqqını verər;
- təqva dinin yarısıdır;
- təqva Allahın yardımına yol açar;
- təqva ruziyə vəsilədir;
- insanların ən xeyirlisi təqvalı olanıdır;
- təqva sıxıntılardan qurtuluşa vəsilədir;
- təqvanın əsası şübhəli şeylərdən qaçmaqdır;
- Allah Rəsulu səfərə çıxmaq istəyən bir insana belə dua etmişdir: “Allah səni təqva ilə ruziləndirsin”;
AYƏ deyir ki, ORUC ruhun qidasıdır, o, insana özünə nəzarəti öyrədir, imanı bəsləyir, günahlardan qoruyur. Ayədəki “bəlkə (umulur ki) bu sayədə - oruc tutaraq təqvaya qovuşasınız (qorunasınız)” sözlərinin həm bu dünyaya, həm də axirətə yönəlmiş izahı var: oruc tutsanız, bu dünyada günahlardan, axirətdə cəhənnəm əzabından qorunarsınız. Belə ki, önəmini qavrayaraq oruc tutmaq insana nəfsinə nəzarət imkanı qazandırır, o, duyğularına hakim olur, güclənir, günahlardan qorunmaq imkanı əldə edir, nəticədə, təqvaya-qoruma, qorunma sisteminə sahib olur, təqva da iki dünyanın səadətinə yol açır.
Ardı var...

Paralel.az

0.01849102973938