Bayramınız mübarək!  - "NOVRUZ" töhməti

Bayramınız mübarək!  - 
 

Professor Nəriman Qasımoğlu yazır

Ötən əsrin 60-cı ilində “Ədəbiyyat” qəzetinin baş redaktoru işləyən Qasım Qasımzadə qəzetin bayram ərəfəsi buraxılışında “Novruz” başlıqlı məqalə verdirir.

Buna görə onu danlamaq üçün MK-ya çağırırlar və ideoloji şöbənin müdiri nəzərinə çatdırır ki, həmin yazının qəzetdə dərci ona partiya töhməti ilə başa gələcək.

Q. Qasımzadə səbəbini soruşur, şöbə müdiri bayramın dini məzmununu qeyd edir və bunun sovet hökuməti ideologoyasına zidd olduğunu bildirir.

Qasım müəllim etiraz edir ki, Novruz dini bayram deyil, milli bayramdır. Onu dostcasına danlayan məmuru da ərklə suala tutur: “bəs sən yeni ili keçirəndə evində yolka bəzəmirsən, bəs bunun xristian dini ilə heç bir əlaqəsi yoxdur?”

Deyir, “özün bil, partbiletinlə cavab verərsən”.

Q. Qasımzadəyə partiya töhməti verirlər. Bir müddətdən sonra da vəzifəsindən gedir.

Yeri gəlmişkən, Qasım müəllimdən həmin məmurun kimliyini soruşmuşdum. Demə, o, “Novruz”a görə sonradan xalqımızın yaddaşına qəhrəman kimi yazılmış mərhum Şıxəli Qurbanov imiş!

50-ci illərin sonunda millətçiliklə damğalanıbmış, yəni başı belə məsələlərdə çox çəkdiyindən məsul olduğu ideoloji sahədə daha bir “yanlış”dan sığortalanmaq istəyibmiş. Ruhu şad olsun, xatirəsi əzizdir.

…Həmin hadisədən bir müddət ötür. Qasım müəllim Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunda çalışırmış. Azərbaycan KP MK-nın 1-ci katibi Vəli Axundovun qəbuluna gedir ki, işinə maneçilik törədən həmin  töhməti sildirsin.

Ölkə rəhbəri onu hörmətlə qəbul edir. Respublikada gedən işlərindən söhbət salır, xeyli danışırlar. Söhbətin şirin yerində V. Axundov birdən qayıdır “xahiş edirəm, düzünü deyin, yazıçı dostlarınız mənim çıxışlarım barədə nə fikirdədirlər”.

Qasım müəllim deyir: “çıxışlarınızda rus xalqına minnətdarlıq dolu ifadələri həddindən artıq işlədirsiniz, yeganə xoşa gəlməyən budur, qalan məsələlər problem deyil”.

V. Axundov “sizdən təvəqqəm budur ki, dostlarınıza çatdırasınız, bunu deməsəm, yaxud az desəm, Moskva ilə problemlərimiz yaranar, büdcəmizi azaldarlar, çox mətləbləri yoluna qoymaqda çətinliklərimiz olar” deyir.

Qasım müəllim ölkə başçısının bu sözlərini anlaşıqla qarşılayır. V. Axundov handan-hana soruşur “bəs nə məsələdən ötrü gəlmişdiniz?”. Qasım müəllim aldığı töhmətin hələ də üstündə qaldığını bildirir.

V. Axundov: “boş şeydir, silərik gedər, əsas məsələ sənin vicdanla xalqına xidmət etməyindir”- deyir. Mehribancasına ayrılırlar.

'Paralel.az"

0.017383098602295