Ramazan orucu Allahın tərbiyə proqramıdır - VI yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - VI yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)

Biz bilirik ki, Allah Rəsulunun mənsub olduğu Qureyş qəbiləsinə bağlı olanlar Aşura günü oruc tuturdular. Son Elçi Məkkədən Mədinəyə hicrət etdi, yəhudilərin də eyni gün oruc tutduğunu gördü. Allah Rəsulu bunun səbəbini soruşdu, dedilər ki, bu gün Allahın hz.Musanı xilas etdiyi gündür. O buyurdu ki, bizim hz.Musa ilə haqq bağımız sizinkindən daha çoxdur. Elçi o gün oruc tutdu, möminlərin də oruc tutmasını istədi. Bir il sonra Ramazan orucu fərz qılındı (oruc ayəsi Mədinədə, hicrətin ikinci ili nazil olmuşdur), Allah Rəsulu aşura orucu üçün bu sözləri söylədi: istəyən tutsun, istəyən tutmasın, beləliklə, aşura orucu bəyənilən ibadət hökmündə oldu. 

İsrail oğulları il başından on gün sonra (onların il başı oktyabr ayına uyğun gəlirdi) gün batandan ertəsi günün gün batımınadək (iyirmi dörd saat fasiləsiz) oruc tuturdular. Onlar bu günün günahların bağışlandığı gün olduğuna inanır, ona “kipur” adı verirdilər. Bu oruc fərz hökmündə idi. Bununla birlikdə, İsrail oğulları ilin fərqli günlərində də fərz, nafilə oruc tuturdular (bu ənənə davam edir). Xristianlarda isə Tövratda olandan başqa oruc yoxdur. Hz.İsa Ona elçilik gəlməzdən öncə qırx gün oruc tutduğu üçün xristian din adamları bu orucu da ibadət kimi qəbul etmişlər.
Allah Rəsulu buyurur: “Allahın ən çox sevdiyi oruc Davudun orucudur. O, bir gün açar (yeyər), bir gün oruc tutardı”. Bu hədis orucun öncəki Elçilərə, onların ümmətlərinə də fərz qılındığını göstərir.

Dedik ki, Qurani-Kərimin nazil olmasınadək olan dövrdə oruc ibadəti təhrif olunmuşdu, məsələn, İsrail oğulları oruc tutulan günlərin sayını azaltmışdılar, xristianlar isə biçimini, məzmununu dəyişmiş, orucu pəhrizə çevirmiş, günlərin sayını artırmışdılar.
Ayədəki “oruc sizdən öncəkilərə də fərz qılınmışdı” cümləsi bu mənaları da əhatə edir:
- elə bir ümmət yoxdur ki, oruc fərz qılınmasın;
- oruc dinin təməl ibadətlərindən biridir;
- oruc tutmaq çox önəmlidir;
- “öncəkilər” sözü insanları oruc tutmağa təşviq edir;
- oruc tutmaq çətin ibadətdir, çətin bir ibadət hamıya aid olanda onu yerinə yetirmək asan olur;
- Allah birdir, dinin sahibi Odur, Onun dini də birdir, Elçiləri də eyni mesajı təbliğ etmişlər;

Ayə deyir ki, oruc sizə “YAZILDI” (“kutibə”), bu feilə Qurani-Kərimdə bir sıra başqa məsələlərin təqdimində də yer verilmişdir, məsələn, “qisas-ədalətli qarşılıq sizə yazıldı”, “vəsiyyət etmək sizə yazıldı”. Ayədəki “yazıldı” feili iki anlamı əhatə edir: a) oruc ibadəti çox önəmlidir, bütün ümmətlərə pozulmayacaq biçimdə yazılmışdır; b) “yazıldı”, yəni fərz qılındı, əmr olundu – dini əmrləri yerinə yetirməyə borclu olan (bu mənanın içində həddi-büluğ yaşına çatmaq da var) bir insan fəcrin doğulmasından – dan yerinin aparmağa başlamasından Günəşin batmasınadək olan zaman dilimində yeməkdən, içməkdən, cinsi əlaqədən ibadət niyyəti ilə imtina etməli, orucunun tam olması üçün gözünü, dilini, qulağını haramlardan qorumalı, bütün varlığı ilə oruca köklənməlidir...
Ardı var...

Paralel.az

0.053104877471924