URA! Bakı Apellyasiya Məhkəməsi qərarını verdi!
URA!Bakı Apellyasiya Məhkəməsi 03.08.2021 tarixli qərarını 17.03.2023-ci ildə verdi!
Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı , qərarın 20 aydan sonra da olsa, verilməsinə nədən oldu
Sığorta, sosial təminat , məhkəmə-ədliyyə-icra məmurlarının mütəşəkkil cinayətkar dəstə şəklində qanuni qüvvəyə minmiş məhkəmə aktı və təbii ki , icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun pensiyasını yarıqat etmələri cinayətinə nə inzibati, nə də məhkəmə qaydasında qiymət verilir. Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsinin icra məmuru Vüsal Əliyev məhkəmələrlə qeyri-prosessual münasibətə girərək müharibə əlilinin “Rəvan” sığorta şirkəti, DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə ortaq yedikləri qanpulunu – pensiyanın yiyəsinə qaytarılmasına imkan vermir. Doğrudan da məhkəmə hakimiyyəti ədliyyə, icra məmurlarının, məhkəmənin texniki işçilərinin inhisarında dövlət hakimiyyətinin müstəqil qolu olmaqdan çıxıb. Bir məhkəmə ki qərarını 2 ildən sonra sədrlik edən hakimin ali instansiyaya sədr təyinatı sonucunda mətbuatın işə qarışması qarşılığında verməyə məcbur ola, belə məhkəmədən hakimiyyət olar?
Bakı Apellyasiya Məhkəməsinin dünən -17 mart 2023-cü ildə mətbuata yalançı yalanlama - təkzib verməsini Qarabağ qazilərinin yalanlaması elə həmin gün 03.08.2021 tarixli 2-1 (103)-1974/21 saylı qərarın (sədrlik edən Səadət Bəktaşi, hakimlər Azər Hüseynov və Vidadi Məmmədov) iddiaçı Qarabağ qazisi Xaliq Abbaszadəyə təqdim edilməsi ilə sonuclanıb. Ümumi şöbənin müdiri Orxan Cəbrayılov bildirib ki, müxtəlif xəbər saytlarına qərarın verilməməsi və 1-ci instansiya məhkəməsinə göndərilməməsi (?- Qazi yalnız qərarın ona verilməməsindən şikayət edib-M.B.) barədə müraciətə baxılıb. Ardınca guya 20.08.2021-ci ildə qərarın ünvan üzrə göndərildiyi vurğulanıb və saxta poçt kağızları əlavə olunub. Poçt kağızlarının saxtalığını birinci növbədə Xaliq Abbaszadənin imzasının saxtalaşdırılması sübut edir. Qərarın tərəfə verilmədən 1-ci instansiya məhkəməsinə göndərilməsi də, imzanın , poçt sənədlərinin saxtalaşdırılması kimi cinayət faktıdır və bu faktı Məhkəmə Hüquq Şurası araşdırmağa borcludur. Elə mətbuata yalançı yalanlama ilə “xox” gəlmək deyil ki? İddiaçı qazini dələduzluqla pensiyasından məhrum et, sonra da imzasını saxtalaşdırıb, mətbuata da yalan bilgi ver ?
Məhkəmə saxtalığı hakim Səadət Bəktaşinin kiməsə tarixi gizlədilən “teleqramının” guya Qarabağ əlilinə ünvanlanmasında da açıq sübut olunur. Qərarın özünün saxtalığına gəldikdə, 03.08.2021-ci ildə keçirilən iclasdakı məhkəmə heyətindəki Aida Hüseynin yerinə Vidadi Məmmədovun adı yazılıb. Halbuki iddiaçı qazi Aida Hüseynin əvvəllər bu iş üzrə hakim olduğundan etirazını bildirib . Onu da vurğulayaq ki, 1-ci instansiyada qərarı qəbul edən hakim Nəriman Abıyevə də eyni əsasla etiraz edilsə, on nəfərə yaxın Qarabağ əlili 3-cü şəxs kimi cəlb olunmağa ərizə versə də baxılmayıb. Halbuki Nəriman Abıyev bu iş üzrə hakim olub və onun qərardadını Ali Məhkəmə və apellyasiya instansiyası ləğv edib. “Məhkəmələr və hakimlər haqqında” qanunun 1 6-cı maddəsinə , İnzibati Prosessual Məcəllənin tələbinə görə, işin baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir. Nəriman Abıyev ləğv edilmiş işinə təkrar baxanda, əlbəttə, yuxarı instansiyanın göstərişlərini yox, qeyri-prosessual göstərişi sayacaq(dı)!
Gec də olsa Qarabağ əlili Xaliq Abbaszadə 03.08.2021 tarixli 2-1 (103)-1974/21 saylı qərarı aldı. Mətbuata özəl təşəkkürlər düşür. Bir də Prezidentə. Səadət Bəktaşini Naxçıvan Ali Məhkəməsinə sədr təyin etməsi ilə verilməyən qərarın verilməsi təmin olundu. Qərardan şikayətə gəldikdə isə Qarabağ qazisi Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizə verəcək. Düzdür, Səadət Bəktaşi Naxçıvana təyinat alıb, amma bu o demək deyil ki, Qarabağ qazisi Naxçıvan Ali Məhkəməsinin sədrinə müraciət etsin ki, 2 il qabaqkı qərarından kassasiya şikayəti verməyə vəkil ayırsın. Yəqin yeni heyət tapılar ərizəyə baxmağa.
Məğrur Bədəlsoy
P. S. Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyev apelyasiya instansiyasının hakimləri ilə necə qeyri-prosessual münasibətə girirsə, qəbul etdiyi aktlardan apelyasiya şikayətləri üzrə qərarlar yoxa çıxır. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı xidmətdən imtinasından iddianın mümkün sayılmaması haqqında qərardadından apelyasiya şikayətində olduğu kimi. Həmid Həmidovun sədrlik etdiyi heyət bir ildir qərarını verməkdən imtina edir. Yəqin bu hakimin də ali instansiyaya təyin olunmaq “iştahası” var. ..
Paralel.az