Ramazan orucu Allahın tərbiyə proqramıdır - V yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - V yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“Siz ey iman edənlər! Oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı, bəlkə, bu sayədə (yolla) təqvaya qovuşasınız” (2/183)

ALLAH Bəqərə surəsinin 183-cü ayəsində buyurur ki, oruc sizdən öncəkilərə olduğu kimi sizə də yazıldı. Ayədəki sözlərin məna yüklərini bir-bir şərh edək: 

“ORUC” sözü ərəbcə deyil, Qurani-Kərimin mətnində də yoxdur, “oruc” sözü farscadır (İslam Azərbaycana Xorasan yolu ilə gəldiyindən Qurani-Kərimə aid bir sıra terminlər farslaşmışdır, məsələn: namaz, dəstəmaz, oruc...), “gün” anlamını daşıyan “ruz” sözünə “e” şəkilçisi artırılaraq “ruze” qəlibi düzəldilmiş (“günlük”, “gün-gün tutulan”), sonra “ruze” sözü “oruze”, “oruc” biçimində türkcələşmişdir.
“Oruc” sözünün Qurani-Kərimdəki qarşılığı “SAVM”dır. Bu söz “s-v-m” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə on dörd dəfə işlədilmişdir. İlahi mətndə orucla bağlı bu sözlərə yer verilmişdir: 

- “təsumu”; (2/184)
- “yəsum”; (2/185)
- “siyam” / “əs-siyam”; (2/183, 187, 196; 4/92; 5/89, 95; 58/4)
- “əs-saimin” / “əs-saimat”; (33/35)
- “savm”; (19/26)
“SAVM” sözü həm “tutmaq”, həm də “tərk etmək” mənalarını ifadə edir. Sözün kök mənası bunlardır: “yemək və içməkdən kəsilmək”, “ağzı qapalı olmaq”, “içinə əlavə bir şey almamaq”. Bu söz mütləq bütün (tərkiblərdən ibarət olmayan bütün), əskiksiz, tam mənasını daşıyan, Allahın sifəti olan “əs-Səməd”, dəyəri sabit olduğu üçün qızıl mənası daşıyan “samit”, sal qaya anlamını daşıyan “səməd”, ağzı qapalı olduğu üçün susmaq mənasını daşıyan “summ”, güc və cazibə mərkəzi daşıyan “samd” sözləri ilə qohumdur.
Bəqərə surəsinin 183-cü ayəsi buyurur ki, oruc sizdən ÖNCƏKİLƏRƏ də yazıldı. Oruc bir ilahi tərbiyə proqramıdır, o, insanlıqla yaşıddır. Bu gün oruc tutan bir insan insanlıqla yaşıd olan oruc karvanına qoşulur. Anlaşılan odur ki, oruc ibadəti hz.Adəmdən başlayaraq bütün Elçilərə, onların ümmətlərinə fərz qılınmışdır, hz.Əli buyurur ki, oruc tutanların ilki hz.Adəmdir.
Qeyd edək ki, ayədəki “ÖNCƏLİKLƏR” sözünü xristianlar, İsrail oğulları, Kitab əhli anlamında oxuyan alimlər də var. Oruc ibadəti səmavi dinlərin ortaq nöqtələrindən biridir. Bu ibadət zaman-zaman təhrif olundu, bir biçimdə son Elçiyədək gəldi. Qurani-Kərim nazil oldu, oruc ibadətini təhriflərdən təmizlədi, onu fitrətinə qovuşdurdu, son biçimini verdi.
Ardı var...

Paralel.az

0.087459087371826