İran - Azərbaycan müharibəsi?!

İran - Azərbaycan müharibəsi?!
 

Qalib ARİF:
Təəssüflə də olsa, qeyd etmək lazımdır ki, İran – Azərbaycan münasibətlərində gərginlik pik həddə çatıb. Artıq İran tərəfi diplomatiyanı-zadı yaddan çıxarıb, Azərbaycanı həyasızcasına ittiham edir, açıq mesajlar göndərir. İran rəsmiləri Azərbaycan Respublikasını təhqiramiz surətdə Bakı ostanı (vilayəti), Xəzər dənizini İsfahan gölü adlandırır və İsraillə əməkdaşlıqda günahlandırırlar. İş o yerə çatır ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olur, İranın döyüş təyyarələri mütəmadi olaraq, Azərbaycanın hava sərhədlərini pozur. Amma bunlar böyük aysberqin yalnız görünən tərəfləridir...

İran məlum olduğu kimi, müstəqil, güclü Azərbaycanı istəmir, ona görə də Ermənistana həm siyasi, həm də iqtisadi dəstək verir. İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır, gözləri müstəqil Azərbaycandadır. İranlı soydaşlarımız bu gün də ayaqdadır, fars işğalından azad olmaq, müstəqillik qazanmaq üçün fürsət axtarır. Eyni sözləri İranda yaşayan və fars-molla rejiminin əsarətinə qarşı mübarizə aparan sair millətlər haqqında da demək olar. İran da bu mübarizənin alovlanmasından, daxili qarşıdurmadan, parçalanmadan qorxur. Odur ki, Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsini, tarixi torpaqlarını işğaldan azad etməsini həzm edə bilmir. Bəli, Iran Ermənistanın məğlubiyyətini, faktiki olaraq, öz məğlubiyyəti hesab edir.

Sonra, İranın molla rejimi uğursuz xarici siyasəti nəticəsində regionun bütün müsəlman ölkləri ilə “mehriban düşmən” vəziyyətindədir. Beynəlxalq sanksiyalar isə onsuz da zəif olan iqtisadiyyatı çökdürür. Təsəvvür edin, dünyanın əsas neft ölkələrindən biri olan İran benzin istehsal edə bilmir, əsas hissəsini xaricdən gətirir. Neftini də sata bilmir, sanksiyalar imkan vermir. Odur ki, İran bazar kimi Cənubi Qafqazdan bərk yapışmaq niyyətindədir, beynəlxalq oyunçuları meydana buraxmaq istəmir. Azərbaycan - Türkiyə - Pakistan təlimlərinin keçirilməsinə, Zəngəzur dəhlizinin çəkilməsinə müqavimət bu məqsədə xidmət edir. İsrailin regiona gəlməsi, sionizm təhlükəsi haqqında yalanlar isə daxili siyasətə ünvanlanıb, işsiz əhalinin başını qatmaq, daxili problemlərdən yayındırmaq məqsədlidir. 

Və əsas məsələ: İran Azərbaycana müharibə edə bilərmi?! Gəlin, müzakirə edək. Məlium olduğu kimi, Küveyti işğal etməsi İraq rejiminin sonunun başlanğıcı oldu – ABŞ və Avropa fürsət gözləyirdi, hətta Rusiya kömək edə bilmədi. İranın molla rejimi də tarixi faktları bilməli və nəticə çıxarmalıdır. Sonra, müharibə çox bahalı biznesdir. Iranın iqtisadiyyatı isə, yuxarıda deyildiyi kimi, beynəlxalq sanksiyalar səbəbindən acınacaqlı vəziyyətdədir. İranın region ölkələri və qonşularla - Türkiyə, Səudiyyə Ərəbistanı. İsrail, Pakistan və Əfqanıstanla münasibətləri həddindən artıq pisdir. Bu gün bu ölkələrin fürsətdən istifadə etməyəcəyi mübahisəlidir. Türkiyə birmənalı olaraq, Azərbaycanın tərəfindədir. Əfqanıstanda hakimiyyətə gələn Taliblər İranın Xorasan vilayətinə ərazi iddiasını gizlətmir. ABŞ və İsrail də İranın nüvə obyektlərinə zərbə endirməyə fürsət gözləyir. Rusaiya isə, məlum olduğu kimi, Ukrayna müharibəsindədir, İranın problemlərinə müdaxilə etmək istəmir və edə bilmir, məsafə saxlamaq niyyətindədir. 

Deməli, bu gün birmənalı demək olar ki, yaxın tarixdə İRAN – AZƏRBAYCAN MÜHARİBƏSİ gözlənilmir. Amma Allahın işini bilmək olmadığı kimi, şeytanın da işini bilmək olmaz...
Paralel.az

0.051240205764771